QURANDA KAMİLLİYƏ APARAN YOL
Müəllif: Admin
Tarix: 10-06-2017, 22:44
QURANDA KAMİLLİYƏ APARAN YOL
Yaradılış haqqında fikirləşən hər bir kəsi belə bir sual maraqlandırmalıdır: İnsan nə üçün bu dünyaya gəlmişdir?

Allah Quranda belə buyurur:

"Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım.” 1

Başqa bir ayədə isə belə oxuyuruq:

"Mənə ibadət edin, düzgün yol budur.” 2

Bu ayədə ibadət yol kimi göstərilir. Bildiyimiz kimi yol hədəf deyil, hədəfə çatmaq üçün bir vasitədir. Hədəfi isə Bəqərə surəsinin otuzuncu ayəsində tapa bilərik.

Allah həmin ayədə mələklərə belə buyurur:

"Mən yer üzündə bir xəlifə yaradacam” 3

Xəlifə Allahın yer üzündəki nümayəndəsi bütün pozitiv keyfiyyətlərə yiyələnmiş kamil insanlar ola bilər. "Kamil insan” məqamına yetişmək istəyən kəs iki şərtə əməl etməlidir:

1- Kamilliyə gedən yolu düzgün tanımalıdır. 

2- Tanımaq kifayət deyil, həmin yolu getməlidir.

Həmin yolu qət etmək istəyənin bu yolu tanıyanlara müracıət etməsi vacibdir. Belə bir sual meydana çıxır. Bu yolu tanıyanlar kimdir? Kimlər bu yolu getmək istəyənlərə rəhbərlik edəcək? Bu rəhbər kim tərəfindən təyin olunmalıdır? Həmin rəhbər hansı xüsusiyyətlərə malik olmalıdır? 

Bəşər cəmiyyətlərini düz yola hidayət etməyə qadir olan islam dini rəhbərlik məsələsinə laqeyd yanaşa bilməzdi. İnsanlara kamillik yolunu göstərən, bütün kəlmələri Allah tərəfindən olan Peyğəmbər özündən sonra cəmiyyətin zəruri mənafelərini təmin edə biləcək bir canişin təyin etməlidir. Əks təqdirdə bu mənafelər məhv olmaq təhlükəsinə məruz qalırdı. Həmçinin belə bir canişin Allah tərəfindən verilən elmə malik olmalıdır ki, dinin həqiqətlərini onun bütün yönləri və incəlikləri ilə yanaşı açıqlaya bilsin. Bundan əlavə, o ismət səciyyəsinə də malik olmalıdır ki, nəfsanni və şeytani məqsədlərin təsiri altına düşməsin. Dində qəsdən təhrifə yol verməsin. Eləcə də O Peyğəmbərin (s) insanları tərbiyələndirmə kimi İlahi vəzifəni öhdəsinə almalı, ictimayi şərayit münasib olduğu təqdirdə cəmiyyətin işlərinin idarə olunmasını və hakimiyyəti öhdəsinə götürə bilməli, islamın ictimai qanunlarını cəmiyyətdə idsarə edə bilməli və haqq - ədaləti dünya səviyyəsində yaymalıdır. Müxtəsər desək, Peyğəmbərin (s) nübüvvət və risalətdən başqa bütün xüsusiyyətlərinə malik olmalıdır. 

Beləliklə həm imamın varlığının və həm onun üçün Allah tərəfindən verilən elm və ismət məqamının zəruriliyi sübuta yetir. Həmçinin O uca Tanrı tərəfindən təyin olunmalıdır. Çünki belə bir elmi və xüsusiyyətləri kimə əta etdiyini yalnız Allahın özü bilirş İmamlara xas olan xüsusiyyətlər öz əksini Quran ayələrində də tapmışdır.

1- İmamın Allah tərəfindən təyin olunması. 
"Ey iman gətirənlər, Allaha, Onun peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin”. 4
Peyğəmbər (s) bu əmr sahiblərini on iki imam olmasını vurğulayaraq, onların bir-bir adlarını çəkmişdir. 5
"Ey iman gətirənlər sizin vəliniz Allah, onun elçisi və namaz qılıb ruku halında zəkat verən şəxslərdir”. 6
Bu ayə Əli (ə) barəsində nazil olmuşdur. 7
Allah imamın təyin olunmasının əhəmiyyətini Maidə surəsinin 67- ci ayəsində belə bildirmişdir. Bu ayə "Qədir Xum” hadisəsində Əli (ə)- ın rəhbər təyin olunmasından əvvəl nazil olmuşdur:
"Ey Peyğəmbər! Allahından sənə nazil olanı (xalqa) çatdır və təbliğ et. Əgər bu əmri xalqa çatdırmasan elə bil ki, Peyğəmbərliyini təbliğ etməmisən. (yəni iyirmi üç illik zəhmətin puç olur) və Allah səni xalqdan (və onların şərindən) qoruyacaqdır”. 8
Peyğəmbər əmri çatdırdıqdan sonra brlə bir ayə nazil oldu:
"Mən sizin dininizi kamil, nemətimi sizə tamametdim”. 9

2- İmamın günahlıqsızlığı.
İmanların günahsızlığı aşağıdakı ayəyə istinad edərək isbat etmək olar:
"Mənim əhdim (imamət məqamı) zalımlara çatmaz”. 10
Bu ayədə belə bir İlahi məqamın günaha batan şəxslərə əta olunması inkar edilmişdir. Eləcə də onlara mütləq şəkildə itaət edilməsini vacib bilən ayəsindən, yəni:
"Ey iman gətirənlər, Allaha, onun Peyğəmbərinə və sizlərdən olan əmr sahiblərinə itaət edin”. 11
məlum olur ki, imamlara itaət edilməsi Allaha itaət edilməsi ilə heç vaxt zidd olmayacaqdır. Deməli onlara mütləq şəkildə itaət olunmasına olunan əmr ismətə zəmanət verilməsi mənasınadır. 
Qeyd edəcəyim ayə Əhli beytdən sayılan imamların günahsızlığına açıq-aşkar sübutdur:
"Allahın iradəsi bu olmuşdur ki, yalnız siz Əhli beytdən hər növ çirkinlikləri aradan aparıb sizi pak-pakizə qərar versin”. 12

3- İmamın elmi.
Həzrəti Əli (ə) belə buyurmuşdur: "Rəsuli- Əkrəm (s) mənə min elm babı öyrətdi ki, hər babdan da digər min bab açılır. Onun məcmusu bir milyon bab olur. İndiyə qədər baş vermiş olan və qiyamət gününə qədər baş varəcək hadisələrdən agah oldum, Mənaya, Bəlaya, Fəslül- xitab, elmlərini ondan öyrəndim”. 
Lakin Əhli- beytin (ə) elm xəzinələri Peyğəmbərdən birbaşa, yaxut müəyyən vasitələrlə əxz etdikləri ilə sona çatmır, onlar qeyri- adi elmlərdən də bəhrələnmişlər ki, bu da ilham vasitəsi ilə onlara verilir. Bu da Həzrəti Xızr (ə) və Zülqərneynə ilham olunan elmlər, eləcə də Həzrəti Məryəmə və Musanın anasına vəhy olunan şeylər kimidir. Bəzi hallarda Quranda "vəhy” kəlməsi gətirilmişdir ki, bunda da məqsəd nübüvvət vəhyi deyildir. Məhz belə bir elm səbəbi ilə uşaqlıq çağlarında imamət məqamına çatan bəzi imamlarımız hər şeydən agah olmuş və kimdənsə bir şey öyrənməyə ehtiyac duymamışdılar. 

Quran bu barədə belə buyurur:
"Ey Peyğəmbər (müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik müqabilində Əhli- beyti sevməkdən başqa bir şey istəmirəm”. 13
Əhli- beyti sevməyin istənilməsi də bizim kamilliyə doğru irəliləməyimiz üçündür. 
İlahi bizləri imamları həqiqətən tanıyanlardan və onlardan ibrət götürənlərdən qərar ver!..

1 - Zariyat, 56
2 - Yasin, 61
3 - Bəqərə, 30
4 - Nisa, 59
5 - Ğayətul məram, cild, 10, səh267 ; İsbatül Hüdat, cild, 3, səh 123; və yənabiül məvəddət, səh 494.
6 - Maidə, 55
7 - Kəşşaf təfsiri (Zəməxşəri) maidə, 55; Əsbabunnuzulvahidi, maidə, 55.
8 - Maidə, 67
9 - Maidə, 3
10 - Bəqərə, 124
11 - Nisa, 59
12 - Əhzab, 33
13 - Şura, 23
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930