SONSUZ QÜVVƏ İLƏ SONSUZ NEMƏT!
Müəllif: Admin
Tarix: 13-02-2018, 22:06
SONSUZ QÜVVƏ İLƏ SONSUZ NEMƏT!
Allahla əlaqə neməti insana əta olunmuş çox böyük nemətdir. Hər bir şəxs istənilən vaxt bilavasitə öz Allahı ilə danışa bilər.

Allah-Taala, Onunla danışınları, hüzurunda dayananları, Onu çağıranları və çağırışa gələnləri qapıda saxlamır, get-gələ salmır. Maraqlıdır ki, bu nemət tükənməzdir. Hətta günaha batanlar da bu qapıdan qovulmur.

Peşmanlığını bildirib tövbə edən bütün günahkarlar üçün qayıdış, bağışlanma yolu qoyulmuşdur. Demək, uyğun vasitə ilə təkcə gələcək təyin olunmur, eləcə də qaranlıq keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş, özbaşına minlərlə bəlalar gətirmiş, fitrətini eybəcərləşdirmiş insan öz keçmişindən peşman olarsa, ona qayıdış yolu göstərilmişdir.

Yəni Allahla əlaqə yaratmaq üçün dua qapısı açılmasından əlavə, keçmiş nöqsanları aradan qaldırmağın da çarəsi bəyan olunmuşdur. Bütün nemətlərin fövqündə dayanan bu neməti “Sonsuz qüvvə ilə sonsuz nemət” adlandırmaq olar.

Bir şəxs 70 il küfr və üsyandan sonra ağıla gəlib Allahın qapısında dayanarsa, gələcəyi haqqında dua etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə tapa bilər. Allah-Taala buyurur:

اِلاّ مَنْ تابَ وَ ءامَنَ وَ عَمِلَ صالِحاً فَاُولَئِكَ يُبَدِّلُ اللّهُ سَيِئاتِهِمْ حَسَنات

“Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər...” (“Furqan” surəsi, ayə 70.)

Əgər asilik edib pis iş görmüsünüzsə, tövbə qapısı üzünüzə açıqdır. İnsanlar bir-birinin səhvini bağışlasalar da, bağışlamazdan əvvəl səhvə yol vermiş şəxsi danlayırlar. Amma həqiqi tövbə edən şəxsi Allah heç vaxt məzəmmət etmir, danlamır. Ondan nə üçün günah etdiyini də soruşmur. İmam Sadiq (ə) buyurur:

مَنْ عَمِلَ سَيِّئَةً اُجِّلَ فِيها سَبْعَ ساعات مِنَ النَّهارِ فَاِنْ قالَ اَسْتَغْفِرُ اللّهَ الَّذى لا اِلَهَ اِلاّ هُوَ الحَىَّ القَيُّومُ ـ ثَلاثَ مَرّات ـ لَمْ تُكْتَبْ عَلَيْه

“Günah edən şəxsə yeddi saat möhlət verilir. Əgər üç dəfə tövbə edib “əstəğfirullahəl-ləzi la ilahə illa huvəl-həyyul-qəyyum” desə, həmin günah qeydə alınmır.” (“Kafi”, c.2, səh.437.)

Nəinki insan günaha görə dərhal cəzalandırılmaz, hətta ona tövbə üçün möhlət də verilər. Bəli, pis iş görüb özünü rüsvay edən insan üçün qurtuluş yolu var. Allah-Taala tövbə edən şəxsin günahlarını gizləməklə onun hörmətini qoruyur. İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəsiyyət edərkən necə də gözəl buyurur:

وَ لَمْ يَمْنَعْكَ إِنْ أَسَأْتَ مِنَ التَّوْبَةِ وَ لَمْ يُعَيِّرْكَ بِالاْنابَةِ، وَ لَمْ يُعاجِلْكَ بِالنِّقْمَةِ، وَ لَمْ يَفْضَحْكَ حَيْثُ تَعَرَّضْتَ لِلْفَضيحَةِ وَ لَمْ يُناقِشْكَ بِالْجَريمَةِ، وَ لَمْ يُؤْيِسْكَ مِنَ الرَّحْمَةِ، وَ لَمْ يُشَدِّدْ عَلَيْكَ فِى التَّوْبَةِ، فَجَعَلَ تَوْبَتَكَ التَّوَرُّعَ عَنِ الذَّنْبِ، وَ حَسَبَ سَيِّئَتَكَ وَاحِدَةً وَ حَسَنَتَكَ عَشْراً

“Allah-Taala günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab vermişdir...” (“Nəhcül-bəlağə”, məktub 31.)

Bəli, Allah-Taala onun görüşünə gələnlərin heç birini rədd etmir. Amma başqaları belə deyil. Axı Allahdan başqa hansı varlıq minlərin, milyonların, milyardların ehtiyacını ödəyə bilər?! Tükənməz xəzinə, yalnız Allahın ixtiyarındadır. Allah-Taala bütün insanlara istədikləri qədər versə, yenə də mərhəməti tükənməz.

Başqa sözlə, Onun rəhmət qapısı həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla təkid edir. Əfsus ki, bizlər bu həqiqət qarşısında mərifətsiz və naşükürük. Axı heç nəyi olmayan bəndə nə üçün naz satmalıdır?! Belə bir məqam bizi dəvət etdiyi halda götür-qoy edirik. Bu bizim böyük bəlamızdır.

Tükənməz xəzinənin açıq qapıları qarşısında donub qalmışıq. Sonsuz qüdrət sahibi bizi tövbəyə, duaya, Özü ilə görüşə, sazişə, rabitəyə çağırsa da naşükürlük edirik. Çağırdığımız an eşidəcəyinə zamin durduğu halda, biz özümüzü bu feyz çeşməsindən məhrum etmişik. Bu nemətin əzəməti haqqında düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var!

(Maide.Az)
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728