İLAHİ ZİYAFƏTƏ HAZIRLIQ – ORUCLUQ ÖNCƏSİ NƏ ETMƏLİ?
Müəllif: Admin
Tarix: 14-05-2018, 09:55
İLAHİ ZİYAFƏTƏ HAZIRLIQ – ORUCLUQ ÖNCƏSİ NƏ ETMƏLİ?
Allaha ibadət və bəndəçilik etmək üçün zaman və məkanın rolu böyükdür. Mənəvi məkanlara, o cümlədən, Allahın evi Kəbəyə və yaxud Peyğəmbər və imamların türbələrinə daxil olmaq üçün, xüsusi ədəb-ərkan qaydalrına riayət olunduğu kimi, əlamətdar günlər də belədir. Məxsusən, ilahi ziyafət süfrəsinin açıldığı mübarək Ramazan ayına daxil olmağın ədəb qaydalarına riayət insana bu bərəkətli aydan layiqincə bəhrələnməkdə kömək edir. Elə bu səbəbdən, mübarək Ramazan ayına hazırlıqla bağlı məsum rəhbərlərimizdən (ə) nəql olunan bir sıra faydalı tövsiyələri əziz möminlərin diqqətinə çatdırır və Allah-Taaladan istəyirik ki, həmin tövsiyələrə əməl etmək üçün tofiqatımızı daha da artırsın:

1. TÖVBƏ VƏ İSTİĞFAR

Əba-Səlt adı ilə tanınan Əbdüssalam ibn Saleh Hərəvidən belə nəql olunur: “Şəban ayının son cüməsi imam Rzanın (ə) hüzuruna getmişdim. İmam (ə) buyurdu: “Ey Əba-Səlt! Şəban ayının çox hissəsi keçdi və bu gün Şəban ayının son cüməsidir. Şəban ayının qalan günlərində Allah-Taaladan keçən günlərdə qurşandığın günahların bağışlanmasını istə, dua et, Allahın xalis və saleh bəndələrindən olmaq istəyirsənsə, günahlarından tövbə et, Quran oxu, üzərindəki bütün haqları və əmanətləri ödə, qəlbindən kin-küdurəti çıxar, günah işlərdən uzaq ol, Allahdan həya et, hər zaman – gizli və aşkar – Allaha təvəkkül et. Allaha təvəkkül edən şəxsə Allah kifayətdir. Bu ayın son günləri və saatlarında bu duanı təkrar-təkrar oxumağı unutma:

اَللّهُمَّ اِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنا فيما مَضى‏ مِنْ شَعْبانَ، فَاغْفِرْ لَنا فيما بَقِىَ مِنْهُ

Duanın oxunuşu: Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min Şə`ban, fəğfir ləna fima bəqiyə minh.

Duanın tərcüməsi: İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla! (“Vəsail”, 10-cu cild, səh.301.)

2. ŞƏBAN YININ SON GÜNLƏRİNDƏ ORUC TUTMAQ

Ramazan ayına hazırlıq üçün tövsiyə olunan əməllərdən biri də Şəban ayının son günlərində oruc tutmaqdır. Bu isə, bir növ mübarək Ramazan ayını qarşılamaq deməkdir. Nəql olunur ki, hər kim mübarək Şəban ayının son üç gününü oruc tutub Ramazan ayına birləşdirərsə, Allah-Taala ona iki ayın orucunun savabını əta edər. (“Məfatihul-cinan”, “Şəban” ayının son günlərinin əməlləri” bölümü.)

3. HALAL QİDA

Mübarək Ramazan ayına hazırlıq əməllərindən biri də qidanın islahıdır, başqa sözlə, halal yeməklə qidalanmaqdır. Sözsüz, bu mühüm işə laqeydlik və ondan qəflət etmək mübarək Ramazan ayının bütün əməl və ibadətlərini puça çıxması ilə nəticələnəcəkdir.

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qiyamət günü dağlar qədər yaxşı işlərə sahib olan bir zümrə məhşər səhrasına daxil olar. Bir halda ki, onların bu işləri Allah-Taala dərghında qəbul olunmaz. Bu zaman əmr olunar ki, onları yaxşı işlərə sahib olmadıqları üçün cəhənnəmə atın.”

Salman: “Ey Allahın Rəsulu! Onlar kimlərdir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Onlar namaz qılıb oruc tutan və gecələri ibadətlə keçirən, lakin haram qida ilə üzləşdikdə, onu əldə etmək üçün tələsən (yemək-içmək məsələsində halal-haramı gözləməyən) kəslərdir.”

Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə belə buyurur:

الْعِبَادَةُ سَبْعُونَ جُزْءاً وَ أَفْضَلُهَا جُزْءاً طَلَبُ الْحَلَالِ

“İbadət yetmiş hissədən ibarətdir və onun ən fəzilətlisi halal qida qazanmaqdır.” (“Vəsailuş-şiə”, 17-ci cild, səh.24.)

İmam Sadiq (ə) buyurur:

تَرْكُ لُقْمَةِ حَرَامٍ أَحَبُّ إِلَى اللَّهِ تَعَالَى مِنْ صَلَاةِ أَلْفَيْ رَكْعَةٍ تَطَوُّعاً

“Haram tikədən uzaqlaşmaq Allah-Taala dərgahında min rükət müstəhəb namaz qılmaqdan sevimlidir.” (“Biharul-ənvar”, 92-ci cild, səh.373.)

Ustad Qəraəti necə də gözəl demişdir: “Təyyarə hər benzinlə deyil, xüsusi benzinlə işə düşür və uçuş edir. Bizim ibadət və əməllərimiz də hər tikə ilə yuxarı qalxmır. Onların qəbulu və bəhrə verməsi üçün halal və pak qidaya ehtiyac vardır.”

Qeyd etmək lazımdır ki, malın zəkat və xümsünü ödəməmək günümüzün ən problemli məsələlərindən biridir. Xüms və zakatı çıxarılmayan malın istifadəsi ibadətə, namaz və oruca mənfi təsiri danılmazdır. Nə yaxşı olar ki, mübarək Ramazan ayı öncəsi malımız və pulumuzu təmizləyək, haqq sahiblərinin və boynumuzda haqqı olanların haqqını ödəyək!

4. BAŞQALARINI HALAL ETMƏK

“İstiğfar” ayı və insanın günahlarının bağışlanmasına səbəb olan mübarək Ramazan ayına daxil olmazdan öncə, yaxşı olar ki, haqqımızda haqsızlığa və nalayiq rəftarlara yol verənlərin xətalarına göz yummaqla özümüzü Allahın bəxşiş və rəhmətinə doğru tuşlayaq. Əgər qarşı tərəfi bağışlaya bilmiriksə, necə Allah-Taaladan istəyə bilərik ki, bizi bağışlasın?! Elə isə, qəlblərimizdən kin-küdurəti çıxarmaqla, saf və təmiz qəlblə bu mübarək aya qədəm qoyaq!


Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930