Əmirəl-Möminin Əli (ə) öz kəlamında
Mьəllif: admin1
Tarix: 25-01-2024, 12:14
Əmirəl-Möminin Əli (ə) öz kəlamında
İmam Əli (ə) bir kəlamında özü haqda belə buyurmuşdur:

اللَّهُ قَدْ اعْطانى مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ حُمَقاءِ الدُّنْيا وَ مَجانينِها لَصارُوا بِه‏ عُقَلاءَ، وَ مِنَ الْقُوَّةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ ضُعَفاءِ الدُّنْيا لَصارُوا بِه‏ اقْوِياءَ، وَ مِنَ الشُّجاعَةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميع جُبَناءِ الدُّنْيا لَصارُوا بِه‏ شَجْعاناً؛


“Allah mənə o qədər ağıl verib ki, əgər onu dünyanın bütün ağılsızları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. O qədər güc və qüdrət verib ki, əgər onu bütün gücsüzlər və zəiflər arasında bölüşdürsələr, onların hamısı güclənər. O qədər şücaət verib ki, əgər onu bütün qorxaqlar arasında bölüşdürsələr, onların hamısı şücaətli olar.” (“Biharul-ənvar”, 19-cu cild, səh.83.)

İslam düşmənləri “Leylətül-məbit” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) evinə hücum edib, o həzrətin yatağında imam Əlinin (ə) yatdığını gördükdə, onlardan bəziləri dedilər: “Gəlin Peyğəmbərin (s) əvəzində Əlini (ə) öldürək!”

Əbu Cəhl “Bu gənc oğlanla işiniz olmasın, Muhəmməd onu aldadıb!” – deyə istehza etdikdə, imam Əli (ə) onun cavabında yuxarıdakı cümlələri söylədi ki, onların kiminlə üz-üzə durduğunu və yanıldıqlarını anlasınlar.

Doğrudan da, o həzrət dünya qədər əql, elm və şücaət məcmusudur, yəni Allah-Taala bir dünyanı bir insanın vücudunda yerləşdirmişdir.

İmam Əli (ə) ən çətin anlarda belə, İslam Peyğəmbərini (ə) tək qoymamışdır. İslam Peyğəmbərinin (ə) bərəkətli ömrünün ağır günləri az olmamışdır, amma bu ağır günlər üç yerdə daha da şiddətlənmiş və imam Əli (ə) hər üç yerdə mühüm rol oynamışdır: 1. İslam Peyğəmbəri (s) hicrət edən zaman (“Leylətül-məbit” hadisəsində); 2. “Ühüd” döyüşü; 3. “Xəndək” döyüşü.

“Ühüd” döyüşü qurtardıqdan sonra imam Əli (ə) yaralı və qana boyanmış bədənlə İslam Peyğəmbərinin (s) hüzuruna gəlib dedi: “Sizi müdafiə edərkən və pərvanə tək ətrafınıza dolanarkən mənə çoxlu qılınc zərbəsi endirildi ki, on altı zərbə daha ağır idi və hətta zərbənin ağırlığı nəticəsində dörd dəfə yerə yıxıldım. Hər dəfə yerə yıxılanda, böyük bir şəxs gəlib qollarımdan tutaraq qaldırır və deyirdi: “Peyğəmbəri (s) müdafiə et!” Ey Allahın Rəsulu! Həmin şəxs kim idi?”

Peyğəmbər (s) buyurdu: “Allahın vəhy əmanətdarı Cəbrail-Əmin.”

İmam Əlinin (ə) Əmr ibn Əbdəvüdlə mübarizə apardığı “Xəndək” döyüşündə də, Peyğəmbəri-Əkrəm (s) həmin gün o həzrətin mübarizəsini bütün insan və cinlərin ibadətindən üstün hesab edir.

Çünki heç kim Əmr ibn Əbdəvüdlə döyüşməyə qadir deyildi. Məhz imam Əli (ə) onu, yəni düşmənin ən böyük qəhrəmanını məğlub etməyə qadir oldu və beləcə, düşmənin canını qorxu bürüdü. (“Füruği-əbədiyyət”, 2-ci cild, səh.27.)

Bəli, o həzrət ən çətin anlarda İslam Peyğəmbərini (s) tək buraxmadı və o həzrətin ən yaxın köməkçisi oldu.

Biz də Əmirəlmöminin Əli (ə) – şiələrin birinci imamı ilə fəxr edirik! Amma görəsən, yalnız o həzrətin fəzilətləri ilə fəxr etmək kifayətdir və onun müqabilində heç bir məsuliyyət daşımırıq? Sözsüz ki, o həzrətin fəzilətləri bizim üçün məsuliyyət doğurur və biz o həzrətin uca səciyyələrindən bəhrələnməli, öz vücudumuzu onun şüaları ilə işıqlandırmalıyıq!

(Maide.az)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031