İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?
Müəllif: Admin
Tarix: 8-09-2019, 18:58
İmam Hüseyndən (ə) sonrakı imamlar (ə) ona əza saxlayıblarmı?
İmam Sadiq (ə) buyurur: “Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-Haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu.” (“İmam Həsən və imam Hüseyn (ə), s. 114.)

İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: “Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!” (“Biharül-ənvar”, c 44, s. 145.)

İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: “Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.” (“Misbahul-mütəhəccid”, s. 713.)

İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin (ə) şəhadət günüdür"". (İmam Həsən və imam Hüseyn (ə) , s. 143.)

İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi: “Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.” (“Hüseyn (ə)” s. 56)

Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: “İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.” (“Biharül-ənvar”, c. 44, s. 284.)

Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır. (“Biharül-ənvar”, c. 101, s. 320.)


Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30