Peyğəmbərin (s) vəsiyyəti və İslam vəhdəti
![]() İslam Peyğəmbər (s.ə.s) və İmam Həsənin (ə) şəhadəti münasibətiylə Sahib-Zaman (ə.f) ağaya və bütün möminlərə başsağlığı veririk. İslam Peyğəmbəri (s.ə.s) hicrətin on birinci ili dünyadan köçdü. Amma son nəfəsində ikən ətrafındakı insanlara kağız-qələm gətirsinlər deyə müraciət etdi. Məqsədi vəsiyyət yazmaq idi. Təəssüf ki, sonradan ikinci dəfə Əhli-beytin (ə) haqqının qəsb edilməsinə səbəb olan şəxs Allah Rəsulu (s.ə.s) haqqında "o, xəstədir, sayıqlayır" deməklə bütün məclisi bir-birinə vurdu. Səs-küy qalxdı və Allah Rəsulu (s.ə.s) oradakıların otaqdan çıxmasını istədi. Bu gün İmam Həsənin (ə) şəhadət gününü Allah Rəsulu (s.ə.s) şəhadətiylə birə keçiririk. Bütün imamlarımızı (ə) şəhadətə yetirmişlər. İmam Əli (ə) xəvaricdən (Siffeyn döyüşündə İmamın (ə) ordusundan xaric olanlar) birinin qılınc zərbəsiylə yaralanıb, iki gün sonra dünyasını dəyişdi. İmam Həsən (ə) Müaviyə (lənətullah əleyhi) ilə müharibədə xayin və qəfil zərbə nəticəsində yaralandı, bir müddət sonra dünyadan köçdü. İmam Hüseyn (ə) Kərbəlada qeyri-adil döyüş əsnasında şəhid edildi. Qalan bütün imamlar (ə) (sonuncu imam (ə.f) xaric) zəmanəsinin zalım məlikləri tərəfindən müxtəlif vasitələrlə şəhadətə çatıb. Bütün bunları xatırlatmaqda məqsədimiz odur ki, bu xəyanətlərin kökündə Allah Rəsulunun (s.ə.s) qədir-xumda tapşırdığı Quran və Əhli-beytdən (ə) ümmətin ayrı düşməsi və daha sonra vəsiyyətinin yazılmasına imkanın verilməməsi durur. Çünki Allah Rəsulu (s.ə.s) özü buyurmuşdu ki, kağız-qələm gətirin sizə elə vəsiyyət yazım ki, heç zaman azmayasınız. İslam Peyğəmbərin (s.ə.s) vəfatından sonra Səqifə hadisəsindən tutmuş sonuncu İmamın (ə.f) qeybə çəkilməsinin bütün səbəbləri nadan insanların Əhli-beyti (ə) öz haqqından kənarlaşdırılması oldu. Hətta bu günün özündə ümmət daxilində baş verən ixtilaflar, məzhəb ixtilaflarından tutmuş müsəlmanların bir-birinin qanını axıtmasına qədər hər bir hadisə Peyğəmbərin (s.ə.s) sözünə baxmamağın nəticəsidir. Qeyd edilməsi zəruri və faydalı olan ən ciddi məqamlardan biri ondan ibarətdir ki, Allah Rəsulu (s.ə.s) heç də əbəs yerə ümmətə vəhdətdə olmağı tapşırmayıb. Bu yolda bizə örnək və nümunə olsunlar deyə Quranı və Əhli-beyti (ə) əmanət edib. Quran özü buyurur ki, Allahın ipindən (təvildə: Əhli-beyt (ə)) möhkəm yapışaq və bir-birimizdən ayrılmayaq. Quran və Əhli-beytin (ə) bizə əbəs yerə tapşırılmasına diqqət çəkməyimizdə məqsədimiz odur ki, biz tarixin hətta bir neçə dəqiqəlik fraqmentinə belə nəzər salsaq orada Əhli-beytin (ə) bir-biriylə ixtilaf etdiyini görmərik. Bir yandan Quran "Allahın ipindən yapışın, heç zaman ayrılmayın" deyir, digər tərəfdən məsum İmamlar (ə) öz həyatlarında bir dəfə olsun belə ixtilaf etməyiblər. İmamlar (ə) xaricində bütün insanların –səhabələrin, tabeinlərin (Peyğəmbəri (s.ə.s) yox, onu görənləri görənlər) və onların davamçılarının, məzhəb alimlərinin, fəqihlərinin ixtilaf etdikləri görərik, amma İmamlar (ə) və onların ardıcılları heç zaman ixtilaf və iğişaşa yol verməyib. Hansı İmam (ə) öz zəmanəsində hansı mövqeydə olubsa onun vəfatından sonra imam (ə) olacaq şəxs imam (ə)-ın sağlığında onun tutduğu mövqeyə sahib olub. Necə ki, İmam Xomeyni (r) ağa buyurub ki, bütün peyğəmbərlər (ə) bir dövrdə yaşasa idi, hamısının sözü bir olardı. Tarix göstərir ki, bəzi peyğəmbər (ə) bir dövrdə yaşayıb və biri digərinin dostu, davamçısı, aşiqi olub. İmamlar (ə) da bu cür olub. Bunun özü bu insanların (İmamların (ə)) həqiqətən Allah tərəfindən seçilmələrinə bir sübutdur. Əks halda biri digərinin xilafına fəaliyyət göstərərdi. Ümmətin ixtilafa düşməsi üçün isə məsumların (ə) siyasi səhnədən uzaqlaşdırılması kifayət edirdi. Təəssüflər olsun ki, bu işin öhdəsindən gəldilər və ümmət bu gün (nəbəvi hədisdə də buyurulduğu kimi) firqələrə bölünüb. Maraqlısı da budur ki, bütün firqə nümayəndələri ancaq özünü haqq məzhəb hesab edir və qalanlarını batil bilir. Amma Allah Rəsulu (s.ə.s) özü dəfələrlə hədislərində buyurub ki, Əli (ə) və onun şiələri haqq və doğru yoldadır. Bu şiələrin bir əlaməti də budur ki, onların İmam Sadiqin (ə) buyurduğu kimi Əhli-beytin (ə) sevinciylə sevinir qəmiylə qəmli-qüssəli olurlar. Bununla da Allah Rəsulunun (s) və məsum imamlarımızın üslubunu, tutduğu mövqeyi bir daha öyrənmiş olur, onları nümunə götürür və öz həyatımızı onların mübarək həyatlarına uyğunlaşdırmağa çalışırıq. Sonda unutmayaq ki, bizim Əhli-beytin (ə) sevinciylə sevinməyimiz onların sevinməsinə bağlıdır. Onları sevindirən isə bizim dürüst əməllərimiz və təqvamızdır. Qəmli-qüssəli olmağımız da onların kədərinə bağlıdır. Bu kədər isə bizim nahaqq əməllərimizdən və günahlarımızdan ötrüdür. Gərək həqiqətdə Quran və Əhli-beyti (ə) nümunə bilək və günahlardan çəkinək ki, İmam Zaman (ə.f) ağa daim sevinsin, kədərlənməsin. Oxşar xəbərlər
|