İmam Hüseyn (ə) hakimiyyət üçünmü qiyam etmişdi?
Müəllif: admin1
Tarix: 17-10-2018, 14:14
İmam Hüseyn (ə) hakimiyyət üçünmü qiyam etmişdi?
İmam Hüseynin (ə) Yezidin əleyhinə olan qiyamı dünyəvi məqamlara çatmaq üçün olsaydı, Nəbiyyi Əkrəm (s) ona köməyi əmr etməzdi. Belə ki, bu barədə mənbələrdə bir çox hədislər nəql olunub.

Şeyx Süleyman Bəlhi əl-Hənəfi belə yazır: "Malik bin Ənəs bin Həris bin Baye belə deyir: "Peyğəmbərdən (s) belə buyurduğunu eşitdim: "Şübhəsiz, bu oğlum (Hüseyn) Kərbəla deyilən bir yerdə öldürüləcəkdir. Sizdən hər kim o gün orada olsa, ona kömək etsin.""
Demək, İmam Hüseynin (ə) Kərbəla qiyamı haqq üçün bir qiyam idi, vəzifə sevgisi üçün deyil.

Buna etiraz edənlər əgər İmam Hüseynin (ə) şəhadətindən Əhli-Beyt əsarətinə qədər olan hadisələr barədə düşünsə, haqq və həqiqəti görə bilər.

Vəzifə sevgisi üçün dövlətinə qarşı qiyam edən biri, heç vaxt körpə uşaqları ilə yola çıxmır, kiçik uşaqları, hamilə qadını, bələkdə hələ ana südü əmən uşağı özü ilə aparmır. Əksinə, tək və onu dəstəkləyən bir qrupla hərəkət edir, düşmənə qalib gəlib hakimiyyəti ələ aldıqdan və məqsədinə çatandan sonra ailəsini yanına çağırır.

İmam Hüseynin (ə) ailəsi və uşaqları ilə birlikdə etdiyi bu hərəkət, onun dünyəvi xilafət və rəyasətdə gözünün olmadığına və İslam üçün hərəkət etdiyinə böyük bir dəlildir. Belə bir fikri olsaydı, Yəmənə gedərək özünün və atasının dostlarını başına toplayar, oranı mərkəz edib müharibəyə tam hazırlandıqdan sonra hücuma keçərdi.

Belə ki, əmisi uşaqları, dostları və qardaşları daim Yəmənə getməyi təklif etmiş, nəticədə mənfi cavab almışdılar. Çünki İmamın (ə) əsl hədəf və məqsədindən xəbərləri yox idi.

İmam Hüseyn (ə) qalib olmaq üçün heç bir maddi imkanının olmadığını bilirdi. Səksən dörd qadın və uşaqla etdiyi hərəkət, qəti bir nəticə almaq üçün idi. İmam (ə) bir tərəfdən babası Xatəmul-Ənbiyanın (s) böyük zəhmətlər çəkərək qaldırdığı, Bədr, Ühüd və Hüneyn şəhidlərinin qanıyla suvarılan və Əli ibn Əbu Talib (ə) kimi bir bağbanın da qulluq etdiyi şəcəreyi-tayyibəni - "La ilahə illəllah"ı qorumaq istədiklərini bilir və bu bağın yox olma təhlükəsi ilə üzləşdiyini görürdü.

Əbu Süfyan Bəni Üməyyənin məclisinə gələrək orada yüksək səslə belə deyirdi: Xilafəti əldən-ələ bir-birinizə verin. Çünki nə cənnət var, nə də cəhənnəm. Ey Üməyyə oğulları! Xilafəti top kimi əlinizdə saxlamağa çalışın. And olsun Əbu Sufyanın and içdiyi o şeyə ki (məqsədi davamlı and içdiyi büt idi), hər zaman sizin üçün belə bir səltənət arzu edərdim, onu irs olaraq uşaqlarınıza təhvil verin."

Bu inamsız qövm bütün yolları bağlayaraq Peyğəmbər şəriətini inkar edir və cəhalət dövründə olduğu kimi bütpərəstliyə yön almışdı. Yezidin hakimiyyəti dövründə La ilahə illəllah, Allahın adı və dinin həqiqəti yox olmaq təhlükəsi ilə üzləşmişdi.

Bu bağçanın fəlakətlərə məruz qaldığını görən hər bir təcrübəli bağban isə təbii olaraq dərhal onu qorumağa qalxacaq. O zamanlar tövhid və risalət bağçasına qulluq etmək İmam Hüseynə (ə) verilmişdi. Bəni Üməyyənin inadkarlığı elə bir həddə çatmışdı ki, İslamın kökü quruya bilərdi. İmam Hüseyn (ə) məhz bu vəziyyəti gördüyü üçün Kərbəlaya doğru hərəkət etdi. Amma susuzluğun ağacın köklərinə qədər işlədiyini, normal suların artıq təsir etmədiyini və daha güclü bir köməyə ehtiyacı olduğunu bilirdi.
Bəziləri deyirlər ki, İmam Hüseyn nə üçün Mədinədən çıxdı? Orada qalmalı, qiyam etməli və qurbanlarını orada verməliydi! Amma onlar burada bir məsələ var, əgər İmam Hüseyn (ə) Mədinədə qalaraq qiyam etmiş olsaydı, insanların bu qiyamdan xəbərləri olmayacaq və o Həzrətin hansı səbəbdən qiyam etdiyini başa düşməyəcəkdilər. Çünki bir çox din tərəfdarları öz şəhərlərində haqq üçün qiyam etmişdilər, amma kimsənin onların hədəf və məqsədlərindən xəbəri olmamışdı.

Amma İmam Hüseyn (ə) haqq və həqiqəti ortaya çıxarmaq üçün rəcəb ayında Məkkəyə getdi. Çünki bu ayda insanlar Ümrə üçün Məkkəyə gəlirdilər. Ərəfə gününə qədər orada yüz minlərlə insana həqiqətləri çatdırdı. Yezidin İslamın kökünü kəsmək istədiyini, şərab içib qumar oynadığını, it və meymunlarla əyləndiyini, dinin hökmlərini ayaqlar altına atdığını, babası Peyğəmbərin zəhmətlərini boşa çıxarmaq istədiyini, özünün isə cəddinin dinini qorumaq üçün qiyam etdiyini və hər şeyi nəzərə alaraq bütün varlığını fəda etməyə hazır olduğunu xalqa bildirirdi.

Demək, İmam Hüseynin (ə) qiyamı Mədinədən Məkkəyə, Məkkədən də Kufəyə gedişi, dini nişanələri qorumaq və bütün cəmiyyətə Yezidin dinsiz və pozğun əxlaqa malik olduğunu və onun kompensasiya edilməyəcək qədər zərərli əməllərini elan etmək üçün idi.

İmamın qardaşları, əmisi oğulları və onu sevən dostları Həzrətin Kufəyə hərəkətinə mane olmaq üçün belə deyirdilər: "Sizə o qədə məktub yazıb dəvət edən kufəlilər vəfasızlıqları ilə məşhurdurlar. İllərdir bu məmləkətə kök salmış Bəni Üməyyənin qüdrəti və Yezidin səltənəti ilə bacara bilməzsiniz. Çünki haqq əhli çox azdır. İnsanlar dünyanın köləsi olublar. Onların dünyası Bəni Üməyyə ilə uyğun gəldiyi üçün Bəni Üməyyənin ətrafında toplaşıblar. Qalib gələ bilməyəcəksən. Bu səfərdən imtina edin. Əgər Hicazda qalmaq istəmirsiniz, o zaman Yəmənə gedin. Çünki orada sizi sevən çoxdur. Oranın xalqı qeyrətlidir. Sizi tək qoymazlar. Ömrünün sonuna qədər də rahat orada qala bilərsiniz."

İmam Hüseyn (ə) həqiqətlərin hamısını hər kəsə danışmırdı. Buna görə də, onun bu hərəkətinə mane olmaq istəyənlərə qısa cavablar verirdi. Amma qardaşı Məhəmməd bin Hənəfiyyəyə, əmisi oğlu Abdullah bin Abbas kimi yaxınlarına və etibarlı şəxslərə belə deyirdi:
"Zahirdə qalib olmayacağam, mən də bilirəm. Zəfər və fəth üçün də getmirəm. Mən ölməyə gedirəm. Məzlumiyyətin gücü ilə zülm və fəsadın kökünü kəsmək istəyirəm."

Bəzilərinin qəlbini gücləndirmək üçün həqiqətlərdən (sirrlərdən) bəzilərini onlara demək məcburiyyətində qalırdı. Cavabında belə buyurur:
"Cəddim Peyğəmbəri (s) yuxuda gördüm. Mənə belə buyurdu: İraqa get, həqiqətən Allah-Təala səni öldürülmüş kimi görmək istəyir."

Məhəmməd bin Hənəfiyyə və İbn Abbas, "Bəs onda qadınları niyə aparırsan", - deyə soruşduqda, belə buyurub:
"Cəddim buyurdu ki, "Şübhəsiz ki, Allah onları əsir kimi görmək istəyir. Peyğəmbərin (s) əmri ilə onları əsarət üçün aparıram. Yəni mənim şahid olmağımla Əhli-Beytimin əsarətində bir sirr var. Onların əsarəti mənim şəhadətimin tamamlanmasıdır. Məzlumiyyətin bayraqdarı kimi Şama gedəcəklər, Yezidin xilafət və qüdrətinin kökünü kəsəcək, küfr və zülmün bayrağını dağıdacaqlar."

Bütün bunlar İmamın (ə) vəzifə düşkünü və xilafət arxasınca olmadığını göstərən açıq dəlillərdir. İmam Hüseynin (ə) hədəfi yalnız dini çatdırmaq və İslamı müdafiə etmək idi. Bunu da bu yolda can verməklə etmək istəyirdi, elədi də. Onun İslamı ucaltmaq üçün dinə böyük bir xidmət etdiyini, dost, düşmən hər kəs təsdiq və təqdir edir. Hətta müsəlman olmayanlar belə bunu etiraf edirlər.




Faktxeber.com
Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031