İmam Hüseyn (ə) Bəni-Üməyyənin iç üzünün ifşası
Müəllif: admin1
Tarix: 22-08-2021, 12:34
İmam Hüseyn (ə) Bəni-Üməyyənin iç üzünün ifşası
İmam Hüseynin (ə) Kərbəlada şəhid olacağı İmamın (ə) bir çox səhabələrinə məlum olan hadisələrdən idi. Əmirəl-möminin (ə) Peyğəmbərin (s) dili ilə bu hadisəni o qədər nəql etmişdi ki, insanların əksər hissəsi bu şəhadətin məkan və necəliyindən xəbərdar idilər.

Ona görə də o zaman ki, İmam Hüseyn (ə) Mədinədən xaric oldu və Kufəyə yaxınlaşdı, İmamın (ə) çox sayda səhabəsi onunla gəlmişdi.

O zaman ki, Yezid (lən) məcburi beyət istədi, İmam (ə) Mədinədən xaric oldu. Əvvəl Məkkəyə getdi və sonra da Kərbəlaya tərəf yollandı.

O kəslər ki, İmamın (ə) şəhadət xəbərini Peyğəmbərdən (s) və İmam Əlidən (ə) eşitmişdilər, İmam Hüseynin (ə) yanına gəlir və onu bu səfərdən saxlamaq istəyirdilər. Ancaq İmam (ə) hər birinə bu səfərin məqsədindən söz açır və niyyətindən dönmürdü.

O zaman ki, İmam (ə) Məkkədə Mərvan ibni Həkəmlə rastlaşır, Mərvan ona deyir: “Mən sizə nəsihət verirəm ki, gərək qəbul edəsiniz”.

İmam (ə) buyurur: “Nəsihətin nədir?”.

Mərvan deyir: “Mən sizə ərz edirəm ki, əmirəl-möminin Yezidə beyət edəsiniz. Bu beyət sizin din və dünyanız üçün faydalıdır”.

İmam (ə) narahat halda buyurur: “O zaman ki, ümmət Yezid kimi əmirə giriftardır, İslamın “Fatihə”sini oxumaq lazımdır. Vay olsun sənə, ey Mərvan! Mənə Yezidə beyət etməyə əmr edirsən, halbuki o, fasiq bir insandır. Niyə bu yersiz sözü deyirsən? Mən səni bu sözünə görə qınamıram.

Çünki sən həmin o kəssən ki, Peyğəmbər (s) səni atan Həkəm ibni Asın belində olan zaman lənətləmişdi. Uzaq ol, Allahın düşməni! Biz – Peyğəmbərin (s) Əhli-Beytiyik (ə). Haqq bizimlədir və bizim aramızdadır. Dilimiz haqdan başqasını demir.

Mən özüm Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Xilafət Əbu Süfyanın övladlarına və onların övladlarına haramdır. Əgər Müaviyyəni mənim minbərimin başında görsəniz, dayanmadan onun qarnını parçalayın”.

Allaha and olsun ki, Mədinə xalqı onu cəddim Peyğəmbərin (s) minbərinin başında müşahidə etdilər, ancaq vəzifələrinə əməl etmədilər.

Elə güman edirsən ki, sən bildiyini mən bilmirəm? Mən heç bir zaman zillətə boyun əymərəm. O gün ki, Fatimə (s.ə) atası ilə görüşəcəkdir, övladlarının bu ümmətdən çəkdiklərinin şikayətini Həzrətə (s) deyəcəkdir. O kəslər ki, Fatimənin (s.ə) qəlbini övladlarına görə incidiblər, behiştə daxil olmayacaqlar”.

Mərvan qəzəblənərək deyir: “Səni heç bir zaman buraxmayacağam, məgər o halda ki, Yezidə beyət edəsən. Siz Əli (ə) övladlarının sinəsində Ali-Süfyan kini vardır. Yeri vardır ki, onlarla düşmənçilik edəsiniz və onlar da sizinlə düşmənçilik etsinlər”.

İmam (ə) cavabında buyurur: “Uzaq ol, ey çirkin! Biz təharət Əhli-Beytiyik (ə) və Allah bizim barəmizdə Peyğəmbərə (s) vəhy etmişdir: “Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33)”.

İmam (ə) buyurur: “Ey Zərqanın oğlu! Allahın Peyğəmbərindən (s) narazı olduğun üçün sənə Allahın yanına gedən günü ağrılı İlahi əzab barədə müjdə verirəm. Cəddim Peyğəmbər (s) mənim və Yezid barəsində səndən soruşacaqdır”.

İmam (ə) bu nurani sözləri ilə Mərvanın və Ali-Süfyanın alçaqlıqlarını bəyan edir və Əhli-Beytin (ə) haqq olduğunu isbata yetirir.


Oxşar xəbərlər
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031