Allah yanında ən sevimli iş
Müəllif: admin1
Tarix: 15-05-2022, 11:26
Allah yanında ən sevimli iş
Xarab etmək və viran qoymaq, zahirən qurmaqdan daha asandır. Bu mövzu ürəyə də aiddir. O qədər insanlar vardır ki, bütün səyləri dostunun ürəyini şad etmək olmuşdur. Lakin bəziləri isə dostlarını incidib özlərindən uzaqlaşdırmışdılar.

İmam Əli (ə) buyurur: “Ey Kumeyl! Ailənə göstəriş ver ki, gündüzləri böyüklüyü əldə etmək və gecələri isə yatanların ehtiyacını aradan qaldırmaq üçün çalışsınlar. Bütün səsləri eşidən Allaha and olsun ki, hər kim başqasının ürəyini şad edərsə, Allah həmin şadlıqdan onun üçün lütf qərar verər ki, müsibət zamanı zülal su kimi onun üzərinə yağar və müsibətin acılığını aradan aparar”.

Möminin ürəyini şad etməyə dair hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim mömini şad edərsə, məni şad etmişdir məni şad edən isə Allahı şad etmişdir”.
İmam Baqir (ə) buyurur: “Qardaşının üzünə gülümsəmək - həsənədir. Ondan xar və yonqarı uzaqlaşdırmaq - həsənədir”.

İslam dinində Allaha yaxınlaşmağın yolları çox göstərilib. Onların bəzisi asan və bəzisi isə çətindir. Bu yollardan biri də möminin ürəyini şad etməkdir. Möminin ürəyini sevindirmək heç də çətin bir iş deyildir. Bəzən sevgi dolu bir baxışla və ya qısa xoş sözlərlə möminin ürəyini şad etmək olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən sevimli iş - möminin ürəyini şad etməkdir. Aclığını aradan qaldırasan və ya müşkülü ondan uzaqlaşdırasan”.

Acları doyuzdurmaq dedikdə, hədəf o deyildir ki, gündəlik ona çörək verəsən. Bəlkə onun iqtisadi vəziyyətini qaldırmaq üçün əlindən gələni edəsən. Nəticədə aclıq onun həyatından tamamilə uzaq olsun.
İmam Sadiq (ə) buyurur: “Allah Təala Davuda (ə) vəhy edir: “Həqiqətən, bəndə bir həsənə gətirərsə, Mən behişti ona mübah edərəm”. Davud (ə) deyir: “Pərvərdigara! Bu həsənə nədir?”. Buyurdu: “Mömin bəndəmin ürəyini şad edər, hətta əgər bir xurma ilə olsa belə”. Davud (ə) dedi: “Pərvərdigara! Layiqlidir ki, hər kim Səni tanıyar, Səndən ümidini kəsməz””.

İmam Sadiq (ə) buyurur: “Hər kim qardaşını sevindirərsə, Allah həmin şadlıqdan gözəl bir sima xəlq edər ki, onu dünya çətinliklərindən və axirət çətinliklərindən qoruyar. Onunla qəbirdə, məhşərdə bir yerdə olar. O zamana qədər ki, onu Allahın hüzuruna çatdırar. Mömin ondan kim olduğunu soruşan zaman, cavab verər ki, mən dünyada möminin ürəyinə daxil etdiyin həmin şadlığam”.

Bu gün insanların əksər hissəsinin öz müşküllləri vardır: iqtisadi, ailə, fərdi... Hər kəs bu çətin zamanda ehtiyacı olana kömək əlini uzatsa, dünya sevgi ilə dolar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah rəhmət etsin o ataya ki, övladına yaxşı iş görməkdə yardım edər. Allah rəhmət etsin o qonşuya ki, qonşusuna yaxşı işdə kömək edər. Allah rəhmət etsin o dosta ki, dostuna yaxşı işdə yardım edər. Allah rəhmət etsin o şərikə ki, öz şərikinə yaxşı işdə dəstək olar. Allah rəhmət etsin o kişiyə ki, rəhbərinə xeyir işlərdə yardım edər”.

İmam Əli (ə) buyurur: “Məkarim əxlaqa rəğbət bəsləyin. O şey ki, sizin faydanızadır, ona tərəf tələsin. Bilin ki, Allah sizə nemət vermişdir. İnsanlar sizə möhtacdır. Hər kim başqasının bir giriftarlığını aradan qaldırarsa, Allah onun 72 dünya və 72 axirət giriftarlığını aradan qaldırar. Hər kim insanlarla yaxşı rəftar edərsə, Allah da ona yaxşılıq edər. Çünki Allah yaxşı əməl sahiblərini sevir”.




(Deyerler.org)
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930