Ramazan ayına necə daxil olaq?
Mьəllif: admin1
Tarix: 6-06-2016, 10:11
Ramazan ayına necə daxil olaq?
Mübarək ay – Ramazan ayı daxil olur. Bu ay Allahın bəndələri üçün lütf etdiyi ən mübarək aydır. İnsanların bu ayda bütün günahlarını əfv etdirmək şansı var. Amma bu aydan Allahın lütfləri ilə çıxmağımız üçün mütləq bu aya necə daxil olmağımızı bilməliyik. Bu ayda nələri istəməliyik, nələrə diqqət edib, nələrdən çəkinməliyik və nəhayət – hansı yolla Allahın məxsus inayətini üzərimizə cəlb etməyin yolunu bilməliyik. Təbii ki, bütün ibadətlərin başında durduğu kimi, Ramazan ayı əməllərinin də başında Allahı tanıma məsələsi durur. Biz mübarək Ramazan ayına Allaha mərifətimizi artırmış halda daxil olmalıyıq. Öncə sadaladığımız mövzular Allah haqqında mərifətimizi, agahlığımızı artırdıqdan sonra öz-özünə nizama salınır.

Məsələn, diqqət etsək “Fatihə” surəsinə və bu surədə zikr edilən ayələr üzərində təfəkkür etsək – bir çox məsələlər bizə aydın olacaq. İlk olaraq mübarək surənin ilk 4 ayəsinə diqqət etsək, görərik ki, bu ayələr Allah haqqında agahlıq bəxş edir. Eyni zamanda bu ayələrin hər biri Allaha 3-cü şəxsdə olan bir müraciətlə işarə edir. Amma bu ayələrdən həmən sonrakı ayədə Allaha 2-ci şəxsdə olan bir varlıq kimi xitab edilir. Əslində buradan çıxan nəticələrdən biri budur ki, mübarək surənin ilk 4 ayəsinə iman gətirən insan, Allahın nə qədər yaxın olduğunu anlayacaq. Dolayısı ilə Allah haqqında mərifəti artan şəxsin Allaha olan münasibəti, Onu tanıma keyfiyyəti dəyişəcək. Bu surədə ortaya çıxan bir həqiqət də bundan ibarətdir ki, surənin ilahi mərifətlə bağlı ilk 4 ayəsinı iman gətirən şəxsin hədəfləri, arzuları da müəyyənləşir. O əsil hədəfin nə olduğunu anlayır. Onun dualarının istiqaməti, həyat yolunun keyfiyyəti dəyişir. Bu məsələni isə biz mübarək surənin 6-cı və 7-ci ayələrində görürürk.

Yaxşı, biz də Allahı tanıyırıq və Allahın bütün həmdlərə layiq olduğunu və rəhimli, rəhman olduğunu bilirik – bəs nə üçün bizim əməllərimizdə o keyfiyyət hiss olunmur, o hədəflər bizim həyatımızın əsas ana qayəsini təşkil etmir? Bu məsələdə bir çox həssas bir məqam var. O da bundan ibarətdir ki, biz Allaha olan agahlığımızı əqlani müstəvidən kənara çıxarda bilməmişik. Təbii ki, Allahı əqlani tanıma da çox mühümdür, amma əmələ keyfiyyəti əqlani tanıma deyil, əqlani tanımaya olan qəlbi yəqinlik verir. Belə ki, biz bəlkə də Qandi qədər əqlani olaraq Hüseyn (ə) aşiqi deyilik, Corc Zeydan qədər Əli (ə) aşiqi deyilik. Amma qeyd etdiyim bu şəxslərin Məsumları (ə) əqlani tanımaları onların əməllərində heç bir nəticə verməyib. Yəni, nə Corc Zeydan, nə də Qandi müsəlman olmayıblar. Eyni sözləri mübarək Peyğəmbərimiz (s) haqqında çox elmi fikirlər deyən dünya mütəfəkkirləri haqqında da demək olar. Bütün bunlar bizə onu deməyə əsas verir ki, mütləq ibadətlərimizdə keyfiyyəti artırmaq, əsas hədəflərimizə istiqamət götürməyimiz üçün əqli olaraq inandığımıza qəlbən iman gətirməliyik.

Bəs qəlbi yəqinliyimizi necə artıraq?
Bundan ötrü Qurani-Kərimə və hədislərə müraciət etmək lazımdır. Mübarək Peyğəmbərimiz (s) buyurub ki, “Qəlbinizi moizə ilə dirildin və zöhdlə öldürün”. Peyğəmbərimizin (s) mübarək buyuruşundan belə məlum olur ki, moizə - insanın Allaha olan əqlanı bağlantısını qəlbə köçürtmək üçün ən mühüm vasitələrdən biridir.

Allah Təala Qurani-Kərimin “Şuəra” surəsində Həzrət Musa (ə) və Firounun sehrbazları arasında olan qissəni nəql edir. Belə ki, Həzrət Musanın (ə) etdiyi möcüzəni sehr sanan Fironun yaxın adamı kimi saraya gələn sehrbazlar, olanları görüb Allaha iman gətirirlər. Hətta bu yolda Firounun hədələrinin belə qorxmurlar. Bu ayədən çıxan nəticələrdən biri də budur ki, İlahi ayətlərlə, möcüzələrlə bağlı təfəkkür etmək, insanın qəlbində yəqin hasil olmasına vasitə ola bilər. Bu gün bizim əlimizdə Həzrət Musanın (ə) əsasından, Həzrət İsanın (ə) ölüləri diriltməsindən, Əshabi-Kəhfin 309 il yatmasından, Salehin (ə) dəvəsindən də möhkəm olan bir möcüzəmiz – Qurani-Kərimizim var. Bu möcüzə ilə bağlı təfəkkür etmək, ayələri üzərində düşünmək də Allaha olan yəqinliyimizi artıra bilər. Əslində bu siyahını kifayət qədər uzatmaq olar. Amma əsas odur ki, biz Ramazan ayına əliboş, hazırlıqsız girməli olmamağımızı anlayaq. Bu, tək orucla bağlı deyil, bütün ibadətlərdə keyfiyyət əldə etmək istəyiriksə, qəlbi yəqinlik əldə etməli olduğumuzu dərk edək.

Bəs biz nə bilək ki, bizim əqli bildiklərimizə iman gətirmişik, ya yox? Bunun bir meyarı varmı? Qurani-Kərim bu meyarı bizə təqdim edir. “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər”. (“Ənfal” 2)

Allah bizə qəlbi yəqinlik nəsib etsin!
Son olaraq onu da əlavə edək ki, Allahın Peyğəmbəri (s) iki şəxs haqqında “bədbəxt” ifadəsi işlətmişdir. Birincisi Əlinin (ə) qatili haqqında, ikinci isə Ramazan ayında bağışlanmayan haqqında. Biz təfəkkür etsək, bu iki şəxsin kifayət qədər ümumi cəhətlərini tapmış olarıq. Ramazan ayında nəfəslər – zikr, bir ayə - bütöv Quran xətmi, yatmaq – ibadət, bir xurma ilə belə ehsan etmək – Allah nəzərində böyük əcr, oruc tuta bilməyən iftar versə - oruc tutan qədər savab və s. bu qədər nemətlərin içində bağışlana bilməyənə başqa nə ad vermək olar?! Bir insan Ramazan ayında bağşlanmaması üçün xüsusi “zəhmət” çəkməlidir.

Mövlamız Əli (ə) Kəbədə doğulub, şənində Quranda aşkar gələn ayələr var, Peyğəmbərin (s) əllərində böyüyən şəxsdir, Peyğəmbərimiz (s) hər fürsətində onu vəsf edib. bütün döyüşlərdə Peyğəmbərin (s) bayraqdarı, Peyğəmbərin (s) olmadığı bütün döyüşlərdə ordunun sərkərdəsi, cənnət cavanlarının seyyidləri – Həsən (ə) və Hüseynin (ə) atasıdır və s. Bu qədər aşkar şəkildə ümmətə təqdim edilən ikinci bir şəxs olmadığı bir halda, İmam Əli (ə) ilə düşmənliyin şiddətindən onu şəhid edən şəxs doğrudan da ən bədbəxtdir!

İndi düşünək Ramazan ayında bağışlanmayan bir insan, statusda kiminlə şərikdir.
Allah Təala bizi danışanlardan deyil, əməl edənlərdən qərar versin. Allah bizi Ramazan ayına ağah halda daxil etsin. Allah bizi Ramazan ayında rəhm etdiyi, bağışladığı şəxslərin cərgəsinə yazsın. Amin!

Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30