İmam Baqirin (ə) şəhadəti münasibəti ilə Əhli-beyt (ə) Cəmiyyətinin bəyanəti
Müəllif: Admin
Tarix: 28-07-2020, 09:15
İmam Baqirin (ə) şəhadəti münasibəti ilə Əhli-beyt (ə) Cəmiyyətinin bəyanəti
Ahlibeyt.ge xəbər verir ki, bu gün hicri təqvimi ilə İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür. Bu münasibətlə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-beyt (ə) Aşiqləri Forumu və “Zeynəb (s.ə)” Qadınlar Birliyi adından İmam Baqirin (ə) şəhadət ildönümü günü münasibətilə başda İmam Zaman (ə.f) olmaqla, Əhli-Beyt (ə) davamçılarına və dünya azadələrinə başsağlığı veririk.

İmam hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinin (ə) olub. Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur.

Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur.

İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində şəhadətə yetmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin İmamət dövrü 18 il olmuşdur.

Vəlid ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz , Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Yezid ibn Əbdülməlik kimi o dövrün xəlifələrinin zamanında yaşayan, İmam Baqir (ə), Ömər ibn Əbdüləziz istisna olmaqla, bu xəlifələrdən zülm və haqsızlıqlar görmüşdür.

Zalımlıq və haqsızlıqda heç də ata-babalarından geri qalmamış bu xəlifələr İmam Baqirə (ə) çox zülmlər ediblər.

Elmi inqilabın banisi İmam Məhəmməd Baqir (ə) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı.

O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi.

İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi.

O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.

O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər.

Cabir ibn Yezid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət ediblər.

İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı

Əhli-təsənnün məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan "Müvəttəi-Malik", "Sünəni-Əbu Davud", "Müsnədi-Əbu Hənifə", "Müsnədi-Mərvəzi", "Təfsiri-Nəqqaş", "Təfsiri-Zəməxşəri" (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (ə) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir.
(islaminsesi)
Oxşar xəbərlər
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31