Belə də rəhbər olar?!
Mьəllif: admin1
Tarix: 16-04-2014, 17:09
HY-vilayet.com saytı yol üstədir. Saytda müasirimiz olan bir rəhbər haqqında materiallar toplanır. Özünüz oxuyun, tanış olun...

Kral, padşah, başçı, rəhbər, prezident, baş nazir... fərqi yoxdur, bütün bu adlar arxasında əlində güc toplanmış insan dayanıb. Fərdi doğru yoldan azdıran, özündən çıxaran iki şey var: pul və güc. Bir xalqın, ölkənin başında dayanan adamın həm pulu olur, həm gücü. Bu iki şeydən birinə qismən sahib olan adam çaşır, yolunu azır. Az görməmişik ki, sakit, başıaşağı, ədəbli bir adamın əlinə pul düşündə yerişi, baxışı, səsi dəyişir, bütləşir, əjdahalaşır. Çox səmimi, təvazökar, üzügülər bir gənc müəyyən müddət məşq edib bədənini şişirdir. Təkcə bədəni şişmir, nəfsi, üstünlük həvəsi də havalanır. Yol yeriyəndə deyirsən yol yarılacaq, baxdığı nöqtə gözünün alovundn tüstülənir, nə ata-ana tanıyır, nə din-iman. Beləsi üçün bir meyar var: zor. Kim boynunu, qolunu, qəddini qatlasa, ona qul olur. Kim zəifsə, demək, ona nökər olmalıdır.

Yer üzündə puluna, zoruna görə qudurmuş neçə insan varsa, o sayda da Firon var. Fironların hamısı bir boyda olmur ki. Balaca fironlar, böyük fironlar. Ən əsası odur ki, Firon dövrü başa çatmayıb. Eyni xislətli adamlar ya hakimiyyəti ələ keçirib bir xalqa qan uddurur, ya da elə öz şəhərində, məhəlləsində qoçuluq edir.

Küçə qoçularını buraxaq sahə müvəkkillərinin ixtiyarına. İranda İslam inqilabından qabaq qoçuluq dəbdə imiş, lap “O olmasın, bu olsun”dakı kimi. İnqilabdan sonra qoçulara bir divan tuturlar ki, bütün kriminallar “imicini” dəyişməli olur. Dəstəbazlıq, qohumbazlıq, “mən ölüm, sən öləsən”ə son qoyulir, qanun taxta çıxır. Bu qanunları, İslam qanunlarını kimi qəbul edir, kimi yox, bu ayrı məsələdir. Əsas odur ki, hətta inqilab fədailəri, Seyid Mehdi Haşimi kimi tanınmış adamlar həddini aşan kimi qanunun mühakiməsinə verildi və dar ağacına göndərildi.

Bəli, söhbətimizin mövzusu küçə qoçuları yox, hakimiyyət kürsüsünə oturmuş fironlarla müqayisədə müasir dünyamızın çox fərqli bir şəxsiyyətidir. Son hadisələri yada salaq. Türkiyədə NATO-ya qul dayanmış generallar getdi, İslam marşının sədaları altında Ərdoğan gəldi. Misirdə Mübarək kimi diktator taxtdan aşırıldı, yerinə “müsəlman qardaşımız” Mursi oturdu. Generallar getdimi, Mübarək krallıq fikrini başından biryolluq atdımı? Hadisələr çox sürətlə bir-birini əvəz etdi. Ərəb-müsəlman dünyasının - İsrailə münasibəti istisna olmaqla – qərb ölçülərinə ən yaxın başçısı Bəşar Əsədə qarşı misli görünməmiş kampaniya başladı. Bəli, Bəşarın İsrailə fərli münasibətini ona bağışlamadılar. Dünyada “böyük addımlarla” irəli getmək istəyən adam üçün İsrailə münasibət aparacı amildir. Hətta Azərbaycan kimi lokal kvadratda ölkə başçısı İsrailə yarınmaqla yerində möhkəmlənir. Guya islamçı Ərdoğan, islamçı Mursi sionizm əsarətində can verən Fələstinə həyat yolu sayılan Suriya üzərinə hücuma keçdilər. Əllərində toplanmış güc bu admları ABŞ və İsrailin manefələrinə nökərlik həddində çaşdırdı, azdırdı, qudurtdu. Mursi ötən günü həbsdə keçirdi. Qonşuları onu ittiham edir, bir Ərdoğandan başqa. Bütün parametrlərdə özünü Mursi ilə eyni ranqda görən Ərdoğan oxşar aqibətə yaxınlaşmaqdadır. Bəziləri düşünür ki, məsələn Suriyaya münasibətdə ABŞ və müttəfiqlərinin siyasətinə qulluq edənlər Ağ Ev üçün əzizdir. Qətiyyən belə deyil. Türkiyə generalları hara, Ərdoğan hara! Mübarək hara, Mursi hara! ABŞ üçün Ərdoğan, Mursi, regiondakı sadiq xidmətçilərinin yerini tutmuş bütün yenilər boğazda qalmış sümük kimidir...

Adəmdən bu yana başçıları, rəhbərləri nəzərdən keçirsək, elmə görə 28 milyon, dini mətnlərə görə 6 ya 12 min illik bir arada peyğəmbərlər və məsum imamlar istisna olmaqla “yüz ədalətli rəhbər” sırasında bir müasirimiz də var. Yüz ədalətli rəhbər? Bu yüzdən əsrimizin payına düşən o bir nəfər kimdir? Bəlkə Roma Papasıdır? Yoxsa Dalay Lamadır? Obamadır bəlkə? Ərdoğandır yoxsa? Kimi zərrəbin altına qoysaq min irad, min eyb ortaya çıxacaq.

Dünyamızda qəbul edilib ki, başçının Allah verən əzalardan savayı nəyi varsa, o cümlədən evi, ev avadınlıqları, həyət-bacası, nəqliyyat vasitəsi, süfrəsi, geyimi, adi vətəndaşların olanlarından fərqlənməlidir. Dünyanın ən sadə prezidenti sayılan Əhmədinejad da arabir məşhur gödəkçəsini çıxarıb bahalı kostyum geyindi – bunu gördük, eşitmədik.

ABŞ prezidenti Barak Obama və onun xanımı Mişelin (2011) 2,6-8,3 mln dollar maliyyə aktivi var. Bu barədə Ağ Evin illik hesabatında məlumat verilir. (Associated Press)

Hazırda Rusiya prezidenti postunu tutmuş Vladimir Putin qeyri-rəsmi olaraq dünyanın ən varlı adamı sayılır. Onun biznes-imperiyası (2012) 130 mlrd dollar həcmində dəyərləndirirlir. Bu məbləğ dünyanın rəsmi ən varlı adamı Karlos Slim Helonun aktivlərindən iki qat artıqdır. (The Sunday Times)

Deyə bilərsiniz ki, prezidentlər, baş nazirlər dünya adamıdır, onların pul dalınca olmasında qeyri-adi heç nə yoxdur. Mən bu şəxslərin xalq tərəfindən seçilməsi, maaş alması, sədaqət andı içməsi üzərində dayanmıram, qoy siz deyən olsun. Keçək dünyanın diqqət mərkəzində olan Vatikan, Roma Papası və onun çevrəsinə.

Dünya katolikləri 2007-ci ildə Vatikana 69 mln dollar ianə köçürüb. Təəccüblü bir şey yoxdur, müsəlman müctəhidlərinin də ixtiyarında böyük maliyyə mənbələri var. Amma... Vatikanın ən əliaçıq sponsoru amerikalılardır. Eyni ildə Papaya 27 mln dollar maliyyə dəstəyi göstərilib. La Padania yazır ki, Vatikanın 2,5 min tikilisi 1,5 mlrd avro dəyərləndirilir. Papanın ixtiyarında 12 mlrd avro büdcə var.

Vatikanın bank gəliri də var. 1942-ci ildə yaradılmış bank «Istituto per le Opere di Religione» (IOR) adlanır (dini əmək institutu). Bu banka üzv olmaq elit centlmen kluba üzv olmaq kimi gəlirli və şərəflidir. Üzv olmaq üçün iki qədim üzv zamin durmalıdır. «Corriere della Sera» yazır ki, bankın kapitalı 5 mlrd avrodur. Vatikanın büdcəsinin dörddə üçü çinovnik aparatının haqqıdır. 500 məmur ayda 4,5 min avro alır. Vatikançılar vergi ödəmir. Şəhər-dövlətdə əlavə 2,5 min məmur çalışır.

Bir qədər maraqlı məlumat: Rus-yəhudi milyarder Abramoviç Roma Papasının avtomobilinin nişanını (nömrəsini) 285 min funta alıb. Bu nömrə 1979-cu ildə xüsusi sifarişlə hazırlanıb.

Başqa maraqlı məlumat: Papa 4-cü Pavelin brilliant qaşlı xaç və üzüyü start qiymət 850 min dollar olmaqla elekton E-bay auksionuna çıxarılmışdı.

Bu söhbətlərdən özüm də yoruluram. Amma göz qaranın kənarında ağı seçir.

Müasirimiz olan bir rəhbər var: cənab Ayətullah Seyid Əli Xamenei. Qərərgahı İran İslam Respublikasında olan Böyük Rəhbər, müsəlmanların lideri. O təkcə İranın deyil, bütün dünya müsəlmanlarınındır. Ona şiə lideri demək də düzgün olmazdı. Təkcə sünnə əhli olan fələstinliləri necə himayə etməsi onun İslam dünyasına aid olduğunu göstərir. Bu da ayrıca söhbətin mövzusudur.

Belə də rəhbər olar? Əziz Rəhbər! Hanı Sənin sarayın? Hanı Sənin dəbdəbəli ev-eşiyin? Hanı Sənin cənnət bağ-baxçan? Hanı Sənin bank hesabların, bahalı maşınların? Hanı Sənin yağlı-ətirli süfrən? Hanı Səni hamıdan seçdirən geyimin? Hanı Sənin ev əhlinin cəvahiratı, övladlarının xaricdəki villaları? Bütün bu sullara cavab alan heyrətlə deyəcək: Belə də rəhbər olar!

Olar və bu qeyri-adi görünən adi hal biz müsəlmanların iftixarıdır. Ayətullah Seyid Əli Xameneinin şəxsiyyəti, həyat tərzi, maddi durumu heç bir şişirtməsiz bir şəxsi yada salır. Xəlifə ikən çarığını yamayan, şəxsi işləri üçün şəxsi çırağını yandıran, ən yaxın ətrafına ən uzaqdakı müsəlman qədər diqqət ayıran bir şəxs: Əmirəlmöminin Əli əleyhissəlam!

Keçmiş yazılarımızdan:
İmam Xomeyninin (r) oğlu mərhum Seyid Əhməd belə nəql edirdi: “Mən Ayətullah Xameneinin dolanışıq səviyyəsindən xəbərdar bir insan kimi bəzi həqiqətləri müsəlmanlara çatdırmağı özümə zəruri bilirəm. Rəhbərin süfrəsində yalnız bir növ xörək olur. Evinin döşəməsinə sintetik kilim döşənib. Evində təkcə bir sapları görünən köhnə xalça var. Güman ki, bu da həyat yoldaşının cehizidir...”
Sabiq ordu komandanı Rəhim Səfəvi deyir: “Bir dəfə cənab Rəhbərin evində qonaq idim. Söhbət uzun çəkdi, axşam düşdü. Mənə şama qalmağı təklif etdi. Mən onunla bir süfrədə oturmağı səadət saysam da, ədəb xatirinə "zəhmət olar" –dedim. "Nə varsa, ondan da yeyəcəyik" – deyib məni saxladı. Süfrə salındı. Mən bir daha əmin oldum ki, Rəhbərin sözü ilə əməli birdir...”
Böyük Rəhbər həmin sapları görünən xalça ilə bağlı buyurur: “Ailə həyatı quranda xanımım bir xalça cehiz gətirib. İndi də ondan istifadə edirik. Evimizdə başqa xalça yoxdur. Ailəm onu dəyişmək istəsə də razı olmamışam. Ömür boyu xalça almamışam...” Ayətullah Cavadi Amoli deyir: “Cənab Rəhbərin qonağı idim. Oğlu Mustafa süfrə saldı. Rəhbər ona "sən gedə bilərsən" – dedi. Mən Mustafanın bizimlə oturmasını istədim. Rəhbər buyurdu: "Süfrədəki beytül-maldır, sən də beytül-mala qonaqsan. Mustafa isə o biri otaqda ev süfrəsində oturar..."

Nə deyim! İnanan aza da inanır, inanmayan gözü ilə görəndə də üzünü yana tutur ki, şeytanı razı salsın.

Xoş halına, ey Vilayəti-fəqihə bağlı müsəlman ümmət! Ən böyük xoşbəxtliyin budur ki, öz Rəhbərindən varlısan. Demə yoxsulsan, nə qədər yoxsul olasan Rəhbərindən varlısan. Bu rəhbərin ixtiyarında ABŞ və İsrail kimi zalımlara meydan oxuyan güclü ordu var. Qadir Allaha təvəkkülü də bir hekayətdir. Amma bu güc onun xalqa sevgisini, zülmə nifrətini əskiltmədi. Rəhbərinə bənzə, Rəhbərinin yolunu get, zalıma amansız, məzluma mərhəmətli ol.

Mərhum Şəhriyarın dilindən Rəhbərə:

Necə həsəd etmim, ay “Heydərbaba”,
Öpürsən bir əldən ki tutmuş Xuda.
Sol əlinə dodaq qoyub yolçular,
Sağ əlində səmadan bir öpüş var.
Cümə namazında öndə duranı
Yüz min dualı əl yarır səmanı.
Nəyim varsa sənətdən, bir sözümdə,
Sənət cilvələnir Onun özündə.
İslam xidmətində gecə və gündüz
Mətin bir addımdır, kəsərli bir söz.
Heyrət bu biləkdə qaynayan gücə -
İzləyır İmamın yolunu necə!
Şəhriyar yüksəkdə durmuştək yarı,
Sanki baxır Heydərbabaya sarı.

Xoş halına, ey viləyətçi ümmət! Təb sahibi olan rəhbərin var. Şairlərin sevdiyi mürşidin var. ABŞ-da mühacirətdə olan, Ağ Evə yaxın iranlılardan biri yazır ki, cənab Ayətullah Xamenei danışanda, çıxış edəndə, bəyanat verəndə Ağ Evdə sinxron tərcümə gedir. Obamalar, Netanyahular kəlmə-kəlmə sənin rəhbərinin danışığını izləyir ki, indicə “qalx” deyəcək və dünya ayağa qalxıb zülmün kökünə balta çalacaq. Rəhbərsə hamı kimi intizardadır. Zəmanı Sahibinin (əc) zühurunu, “qalx” əmrini gözləyir.

Soruşuram ki, mənim Mövlam, nəyin var? Susur. Çünki qarşımdakı fotosuna baxıram, fotoşəkli ilə danışıram, özü ilə görüşmək ləyaqətinə çatmamışam. Amma bu günlərdə, İranda prezident seçkilərində hamı Rəhbərin kimə dəstək verəcəyi ilə, kimi himayə edəcəyi ilə maraqlananda belə buyurdu: “Rəhbərin bir səsi var, artıq yox. Həqir bəndənin də bütün xalq kimi bir rəyi var. Bu səs qutuya salınana qədər kimsə ondan xəbərdar olmayacaq... Heç kim deyə biıməz ki, Rəhbər filankəsi bəyənir. Belə bir söz eşitsəniz doğru deyil...”

Allah hamıya nemət verib. Nemət o zaman şirin olur ki, qədrini biləsən. Şükür Sənin vilayətçilərə rəhbər nemətinə, Allah!

Hacı Arzu
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930