ƏHLİ-BEYT (Ə) QURANDA
Mьəllif: admin1
Tarix: 16-04-2014, 02:33
ƏHLİ-BEYT (Ə) QURANDA


Qurani-kərim düşüncə, qanun və hikmət qaynağıdır. Quranda olan kəlamların hamısı vəhy və Allahın müqəddəs ayələridir ki, insanların həyat və məişət qanunlarını göstərmək və müəyyən etmək üçün nazil olmuşdur. Bütün müsəlmanlar bilirlər ki, bu qanunlar şəriət və həyatın bütün sahələrini əhatə edir və buna görə də onlara əməl edib, onun işığında hərəkət etmək zəruridir. Quran müxtəlif şəkillərdə Əhli-beyt (ə) haqqında bəhs etmişdir:

1. Bəzən xüsusi ifadələrlə onlardan söhbət açır və Əhli-beytin (ə) ayrı-ayrı üzvləri haqqında bəhs edilir. Buna misal olaraq «Vilayət» (Maidə/55) ayəsini qeyd etmək olar. Necə ki, Qurani-kərimdə buyurulur:
«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir.»
Bu ayə qarşıda deyiləcəyi kimi, həzrət Əli (ə) haqqında nazil olmuşdur.
2. Bəzən də Əhli-beytə (ə) aid olan hadisələri zikr edir və bu barədə nazil olan ayələrlə onların fəzilət və məqamlarını açıqlayır. Bununla da ümmətin diqqətini onlara cəlb edir. Məsələn, «Ali-İmran» sürəsinin 61-ci ayəsi «Mübahilə» və «Dəhr» surəsində olan «İtam» ayəsini buna misal göstərmək olar.
Əhli-beyt (ə) haqqında çox ayələr nazil olmuşdur, lakin biz burada onların bəziləri haqda söhbət edəcəyik:
1- XÜSUSİ AYƏLƏR:
Quranda bir çox ayələr vardır ki, Peyğəmbərin (s) qardaşı və O həzrtin (s) Əhli-beytinin (ə) ilkini hesab olunan imam Əli ibn Əbi Talibin (ə) haqqında nazil olmuşdur. Əli (ə) uşaqlıq vaxtından həzrət Peyğəmbərin (s) tərbiyəsi altında böyümüş və o həzrətin (s) ecazkar əxlaqını mənimsəmişdir. On yaşında ikən iman gətirərək Peyğəmbərin (s) dəvətini qəbul etmiş, döyüşlərdə İslam bayraqdarı, qəhrəman sərkərdə və lazım gəldikdə adi əsgər kimi İslam aləminə misilsiz xidmətlər göstərmişdir. İslam tarixində məşhur olan müharibələrdə, o cümlədən Ühüd, Bədr, Hüneyn, Əhzab, Xeybər və Zatus-səlasil kimi ağır döyüşlərdə o həzrətin qazandığı zəfərlər hamıya məlumdur. Peyğəmbərimizin (s) o müqəddəs vücud barədə buyurduğu sözləri tarix səhifələrini bəzəmiş və Əlinin (ə) yüksəkliyinə dəlalət edən əbədi nişanələrə çevrilmişdir. Əgər Quran ayələrinin nazil olma səbəbləri ilə maraqlansaq görərik ki, bir çox ayələr də vardır ki, həzrət Əmirəl-möminin Əli (ə) haqqında nazil olmuşdur. Bu ayələr:
1. O həzrətin (ə) şücaət, qəhrəmanlıq və Allah yolunda fədakarlığını;
2. Düşmənlərin əziyyət və məsxərələri qarşısında səbr və mətanətini;
3.Təqvasi, pərhizkarlığı, başqalarına etdiyi bəxşiş və ehsan, nəhayət, möminlərin üzərində olan ilahi rəhbərlik və vilayətini əhatə edir.
Həmin ayələrdən nümunə üçün burada bəzilərini qeyd edirik.
VİLAYƏT AYƏSİ
Müqəddəs Quranda oxuyuruq:
«Həqiqətən, Allah, Onun Peyğəmbəri və iman gətirib namaz qılan və ruku halında zəkat verənlər, sizin ixtiyar sahiblərinizdir. Allahı, Peyğəmbəri (s) və iman gətirən şəxsləri özlərinə vəli seçən şəxslər, şübhəsiz Allahın dəstəsi qalib gələnlərdir.»[1]
Zəməxşəri Kəşşaf təfsirində yazır: Bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Bir gün o həzrət (ə) məsciddə namaz qılıb ruku halında olduğu zaman, bir yoxsul ondan kömək istədi. Əli (ə) öz üzüyünü çıxardıb ona verdi.
Əgər soruşsalar ki, bu ayədə şəxs əvəzliyi cəm formasında işlənib və onda necə olur ki, həzrət Əli (ə) bir nəfər olduğu halda, bu cəm əvəzliyi ona aid olur? Cavabında deməliyik ki, bu ayə Əli (ə) haqqında nazil olmuşdur. Amma, əvəzliyin cəm formasında işlənməsindən məqsəd başqalarını da hər cür şəraitdə zəkat verməyə rəğbətləndirərək, onun kimi savab qazanmağa nail etməkdir. Həmçinin möminlər üçün bir növ əxlaq dərsidir ki, hətta namaz qılınan halda da kasıblara kömək etməyi və yoxsullara əl tutmağı gecikdirməsinlər.[2]
Digər tərəfdən unutmamalıyıq ki, müqəddəs Quran bu kimi misallarla (bir nəfər üçün cəm şəkilçisi işlətməklə) doludur.
Vahidi öz «Əsbabün-nuzul» kitabında bu ayənin nazil olma səbəbini belə izah edir:
Bu ayənin sonuncu hissəsi Əli ibn Əbi Talib (ə) haqqındadır. Çünki, yalnız o həzrət namazın rüku halında öz üzüyünü yoxsula vermişdir.[3]
Bu ayənin həzrət Əli (ə) haqqında nazil olmasını təsdiq edən çoxlu təfsir və hədis kitabları da vardır. Lakin bunların hamısının adını qeyd etmək və yazılarını təqdim etmək, söhbətin uzanmasına səbəb olduğu üçün ixtisar edilir. Ətraflı məlumat əldə etmək istəyənlər Əhli-beyt və Əhli-sünnə məzhəblərinin müxtəlif hədis və təfsir kitablarına müraciət edə bilərlər.
TƏBLİĞ VƏ İKMAL AYƏLƏRİ
Tarix və mötəbər hədislərin şahidliyinə əsasən İslam Peyğəmbəri (s) sonuncu həcc ziyarətindən qayıdarkən, Cəbrayıl (ələyhis-salam) o həzrətə nazil oldu və Əlini (ə) öz canişinliyinə təyin etməsi barədə Allah-taalanın əmrini ona çatdırdı. Lakin Peyğəmbər (s) bu məsələnin onun bir qrup səhabəsi tərəfindən qəbul edilməsinin ağır olduğunu bilib, bu məsələni başqa bir münasib vaxtda camaata elan etməyi qərara aldı.
Lakin Allah-taala “Təbliğ” (Maidə/67) ayəsini nazil etməklə təkid etdi ki, əgər Peyğəmbər bu məsələni hal-hazırda camaata elan etməsə, həqiqətdə öz ilahi vəzifəsini yerinə yetirməmişdir.
"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan. Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır"[4].
Həmçinin ayənin davamında həzrət Peyğəmbərə (s) ürək-dirək verərək, onu qarşıya çıxa biləcək hər bir təhlükədən qoruyacağını vəd etdi.[5]
Odur ki, Peyğəmbər (s) hacıların ayrılıb öz vətənlərinə tərəf üz tutduğu “Qədir-Xum” adlı bir məkanda dayanıb əmr verdi ki, dəstədən qabağa düşənlər geri qayıtsın, dəstədən geri qalanlar isə özlərini ona çatdırsınlar.
Sonra dəvələrin palanlarını toplayıb üst-üstə yığaraq minbər düzəltdilər və Peyğəmbər (s) həmin minbərə çıxıb geniş bir xütbə oxudu.
Əhli-beyt (ə) və əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri bu xütbənin tam və ya bə’zi hissələrini öz kitablarında nəql etmişlər.
Burada Əhli-beyt (ə) məzhəbinin görkəmli alimi Əbul-Fütuh Razinin təfsirinə əsaslanaraq, həzrət Peyğəmbərin (s) çıxışının xülasəsini nəql edirik:
Həzrət Peyğəmbər (s) “Qədir-Xum” xütbəsində buyurdu:
“Mən sizin aranızda iki ağır şeyi əmanət qoyuram. Onlara itaət etsəniz, heç vaxt düz yoldan azmazsınız. Onlar; Allahın kitabı və mənim yaxınlarım olan Əhli-beytimdir.
Xəbərdar və lətif olan Allah mənə xəbər vermişdir ki, onlar (Kovsər) hovuzunun kənarında mənimlə görüşənədək bir-birindən ayrılmayacaqlar.”
Sonra buyurdu: “İlahi! Görəsən (öhdəmə qoyulan risaləti) çatdırdımmı?”
Daha sonra əlavə etdi: “[Ey camaat]! Mən sizin üçün özünüzdən daha önəmli deyiləmmi?”
Onlar cavab verdilər: “Bəli.” Peyğəmbər (s) buyurdu:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi! Ona kömək edənə kömək ol və ondan öz köməyini əsirgəyəni zəlil et!”
Sonra buyurdu: “İlahi! Özün onlara şahid ol!”[6]
Əhli-sünnə məzhəbinin alimləri də bu xütbəni gah kamil, gah da qeyri-kamil şəkildə öz kitablarında nəql etmişlər ki, burada onların bəzilərinə işarə edirik:
1- Müslüm ibnil-Həccac ən-Neysaburi (206-261 h. q.) özünün “Səhih” adlı kitabında (“Səhabələrin fəzilətləri” bölümünün “Əli ibn Əbi Talibin (ə) fəzilətləri”nə aid hissəsi, 1043-cü səhifə və 2408-ci hədisdə) “Qədir-Xum” xütbəsini Zeyd ibn Ərqəmdən nəql etmişdir. Lakin o, bu xütbənin yalnız bir hissəsini yəni Peyğəmbərin (s) “Səqələyn” (Quran və Əhli-beyt) barəsində olan vəsiyyət və tövsiyələrini nəql etməklə kifayətlənmişdir.
2- Əl-Hafiz Əbu Əbdür-Rəhman Əhməd ibn Şüəyb ən-Nisai (215-303 h. q.) “Xəsaisu Əmiril-möminin Əli ibn Əbi Talib” adlı dəyərli kitabının müxtəlif hədislərində (məsələn; 9-cu, 78-ci, 96-cı, 99-cu və s. hədislərdə) “Qədir-Xum” hədisinin bə’zi hissələrini nəql etmişdir.
3- Əl-Hafiz Əmr ibn Əbi Asim əz-Zəhhak (vəfat: 287 h. q.) “Kitabus-sünnə” adlı kitabının bir neçə hissəsində (1354, 1355, 1356, 1357, 1360, 1362 və 1370-ci hədislərdə “Qədir-Xum” hədisinin bəzi hissələrini (o cümlədən: Mən hər kimin mövlasıyamsa, Əli də onun mölasıdır) –sümləsini Peyğəmbərin (s) səkkiz səhabəsindən (o cümlədən; Əbu Əyyub Ənsari, Cabir ibn Əbdullah, Zeyd ibn Ərqəm, Əli ibn Əbi Talib (ələyhis-salam) və s. -dən nəql etmişdir.
4- Übeydullah ibn Əbdullah ibn Əhməd əl-Hakim əl-Həsəkani (hicri-qəməri ilinin beşinci əsrində yaşamışdır) özünün “Şəvahidut-tənzil” adlı kitabının 245, 247, 249 və 250-ci hədislərində “Təbliğ” ayəsinin (Maidə surəsi, ayə 67) nazil olma səbəbini aydınlaşdıran bəzi hissələrini nəql etmişdir.
5- Əbu İsa Məhəmməd ibn İsa ət-Termezi (209-297-ci h. q.) “Camius-səhih” adlı kitabının 5-ci cildinin 632-ci səhifəsindəki 3712 və 3713-cü hədislərdə Peyğəmbərin (s) Qədir-Xum” –da buyurduğu hədisini nəql etmişdir.
O, 3713-cü hədisdə “Qədir-Xum” hədisini nəql etmiş və onu səhih (mötəbər və qəbul ediləsi) adlandırmışdır.
6- Əl-Hafiz Əbu Əbdullah əl-Hakim ən-Neyşaburi (vəfat: 405 h. q.)“əl-Müstədrək ələs- səhihəyn” adlı kitabının 5-ci cildinin 109-cu səhifəsində “Qədir-Xum” yəni; - (Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır) hədisini Peyğəmbərdən (s) nəql edərək, onu səhih və mötəbər bilmişdir.
7- Əli ibn Əhməd əl-Vahidi ən-Neysaburi (vəfat: 468 h. q.) “Əsbabun-nüzul” adlı kitabının 164-cü səhifəsində Əbu Səid əl-Xüdridən rəvayət nəql edərək, “Təbliğ” ayəsinin nazil olma səbəbini “Qədir-Xum” hədisi və Əli ibn Əbi Talibin (ə) vilayəti barədə olduğunu bildirmişdir.
8- Əl-Muvəffiq ibn Əhməd ibn Məhəmməd Məkki əl-Xarəzmi (vəfat: 568 h. q.) “əl-Mənaqib” adlı kitabının 155-156-cı səhifələrindəki 183-cü hədisdə, habelə həmin kitabın 154-cü səhifəsindəki 182-ci hədisində “Qədir-Xum” hadisəsi və orada Peyğəmbərin (s) söylədiyi xütbənin bəzi hissələrini nəql etmişdir.
9- Əllamə Əlaüddin Müttəqi ibn Hisamüddin əl-Hindi (vəfat: 975 h. q.) “Kənzül-ümmal fi sünənil-əqval vəl-əfal” adlı kitabının birinci cildinin 187-ci səhifəsindəki 953-cü hədisdə Zeyd ibn Ərqəmdən nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur:
“Həqiqətən Allah mənim mövlam, mən isə hər bir möminin mövlasıyam. Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi! Onu sevəni sev və onunla düşmən olana düşmən ol.”[7]
O, həmin kitabın 957-ci hədisində “Qədir-Xum” hədisini Zeyd ibn Ərqəmdən nəql edir ki, bu hədisə əsasən, Peyğəmbər (s) buyurmuşdur:
“Allahdan başqa bir məbudun olmaması və Məhəmmədin Onun bəndəsi və elçisi olması barədə şəhadət verirsinizmi?
Cənnət və cəhənnəm və öldükdən sonra məhşərə çağırılacağınızın haqq olduğu barədə şəhadət verirsinizmi?
Cavab verdilər: Biz bunların hamısına şəhadət veririk.
Peyğəmbər (s) buyurdu: Mən də sizinlə birgə bunlara şəhadət verirəm. Eşidirsinizmi?!
Şübhəsiz ki, mən sizdən qabaq “Kovsər” hovuzuna yetişəcəm və siz məndən sonra hovuzun kənarına və mənim yanıma gələcəksiniz. O hovuzun eni “Səna”dan “Busra”ya kimidir və onda ulduzların sayı qədər gümüş qədəhlər vardır. “Səqələyn” ilə necə rəftar edəcəyinizə diqqət edin.!
Camaat soruşdu: Ya Peyğəmbər! “Səqələyn” nədir?
Həzrət (s) buyurdu: “Onlardan biri Allahın kitabıdır ki, onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Buna görə də ona itaət edin və yolunuzu azmayın. O biri isə mənim yaxınlarım olan (Əhli-beytimdir).
Lətif və agah olan Allah mənə xəbər vermişdir ki, onlar hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar və bunu, mən Allah-taaladan xahiş etmişəm. Odur ki, onlardan qabağa düşməyin ki, həlak olarsınız və onlardan geri qalmayın ki, yenə də həlak olarsınız. Onlara heç nə öyrətməyin, çünki onlar sizdən biliklidirlər. Mən hər kimə, onun özündən daha önəmliyəmsə, Əli də onun mövlası və başçısıdır.
İlahi! Əlini sevəni sev və ona düşmən olana düşmən ol![8]
10- İbn Həcər ən-Heysəmi əl-Məkki əş-Şafei “əs-Səvaiqul-mühriqə” adlı kitabının 25-ci səhifəsində bu xütbəni nəql etmiş və onun düzgün və mötəbər olduğunu bildirmişdir.
11- Əl-Heysəmi əş-Şafei “Məcməüz-zəvaid” adlı kitabının 9-cu cildinin 164-cü səhifəsində bu xütbəni nəql etmişdir.
12- İbn Əsakir əş-Şafei “Tarixu-Dəməşq” adlı kitabının 2-ci cildinin 45-ci səhifəsində yerləşən 545-ci hədisdə bu xütbəni nəql etmişdir.
13- İbn Səbbağ əl-Maliki “Əl-Füsulul-mühimmə” adlı kitabının 24-cü səhifəsində bu xütbəni nəql etmişdir.
14- Ət-Termezi əl-Şafei “Navadirül-üsul” adlı kitabının (Misir çapı) 289-cu səhifəsində də bu xütbəni nəql etmişdir.
15- İbn Məğazəli əş-Şafei “Mənaqibu Əli ibn Əbi Talib” adlı kitabında bu xütbəni nəql edibdir.
16- Əl-Bədəxşi bu xütbəni “Nəzəlül-Əbrar” adlı kitabının 18-ci səhifəsində nəql etmişdir.
17- Ət-Təbərani isə bu xütbəni “əl-Möcəmül-kəbir” adlı kitabında nəql etmişdir.
Qeyd etmək lazımdır ki, bu barədə əhli-sünnə qardaşlarımızın elmi mənbələrdəki sübutlar yuxarıda qeyd etdiklərimizdən qat-qat çoxdur.
Əllamə Əmini (r.ə) "əl-Qədir" hədisini həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Ayişə və s. gözə dəyir.[9]
Həmçinin deməliyik ki, bu qiymətli xütbə Əhli-beyt (ə) məzhəbinin təfsir, hədis və digər elmi mənbələrində də həm kamil, həm də qeyri-kamil surətdə mövcuddur.
İndi isə əsas mətləbə keçək:
İslam Peyğəmbəri (s) ilahi fərmana əsasən “Qədir-Xum” adlı məkanda dayanaraq, geniş bir xütbə söylədikdən sonar, Əli ibn Əbi Talibi (ə) özündən sonra fasiləsiz olaraq canişin təyin etmişdir.
Sonra öz səhabələrinə fərman vermişdir ki, Əli ibn Əbi Taliblə (ə) özlərinin gələcək rəhbəri ünvanında beyət etsinlər və beləliklə səhabələr o həzrətlə (ə) beyət etmişlər.
Nəql olunan rəvayətlərə əsasən, Peyğəmbərin (s) bu fərmanından sonra Ömər ibn Xəttab, İmam Əlinin (ə) hüzuruna gələrək belə demişdir:
“Yəni; Ey Əbu Talibin oğlu! Xoş halına ki, hər bir mömin kişi və qadının mövlası oldun.”[10]
Həmçinin Fəxri Razinin (544-601 h. q.) nəql etdiyi rəvayətə əsasən, Ömər ibn Xəttab belə demişdir:
“Ey Əbu Talibin oğlu! Xoş halına ki, həm mənim və həm də bütün mömin kişi və qadınların mövlası oldun!”[11]
Mötəbər və səhih hədislərə əsasən, bu hədisdən sonra Allah-taala “İkmal” (Maidə/3) ayəsini nazil etdi:
“Bu gün mən sizin dininizi kamilləşdirdim və öz ne’mətimi sizin üçün tamamladım. Və İslam dinini sizin üçün (əbədi din olaraq) qərar verdim.”[12]
İslam Peyğəmbəri (s) isə bu ayə nazil olduqdan sonra belə buyurmuşdur:
“Dinin kamilləşməsi, nemətin tamamlanması və Allahın mənim risalətimdən və məndən sonra Əliyyibni Əbi Talibin rəhbərliyindən razı qaldığı üçün Allah daha böyükdir.”[13]
Bəziləri bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş "mövla" sözünə rəhbər deyil, dost və s. bu kimi mənalar verirlər!
Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb "Əli mənim dostumdur" sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!
Halbuki bu iş, ilahi Peyğəmbərdən deyil, adi bir insandan belə baş versəydi, gülünc bir iş olardı. Peyğəmbərin (s) bu sözləri təkidlə buyurması və s. əlamətlər bəzilərinin iddia etdiyi sözün əsassız olmasını yetirir.
Bu mövzuya aid olan bir çox ayələr vardır ki, onların zikr olunması ilə söz uzanar. Ona görə də bunları geniş şəkildə bilmək istəyənlər təfsir, mənqəbət, hədis və tarix kitablarına müraciət edə bilərlər. Burada isə onlardan bir neçəsini xülasə şəkildə qeyd edəcəyik:
HİDAYƏTÇİ AYƏSİ
Allah-taala Rəd surəsinin 7-ci ayəsində buyurur:
«(Ya Peyğəmbər!) Sən, yalnız (cəhənnəm əzabından xalqı) qorxudansan və hər qövm üçün bir hidayətçi vardır».
Rəvayət edilmişdir ki, Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu:
«Mənim vəzifəm xəbərdarlıq etmək və qorxutmaqdır; Hər xalqın bir yol göstərəni vardır».
O Həzrət əli ilə Əliyə (ə) işarə edib buyurdu:
«Hidayət edən sənsən, ey Əli! Məndən sonra hidayət axtaranlar sənin vasitənlə hidayət olacaqlar».[14]
Həmin hədisi Təbəri öz təfsirində, Fəxri Razi Kəbir təfsirində və Süyuti əd-Dürrül-mənsur təfsirində zikr olunan ayələrin izahında nəql etmişlər.
MÖMİN AYƏSİ
Səcdə surəsinin 18-ci ayəsində buyurulur:
«Mömin adam fasiq adam kimidirmi? Onlar (heç vaxt) bərabər ola bilməzlər.»
Bu ayədə «mömin» sözündən həzrət Əli (ə) və «fasiq» sözündən isə «Valid ibn Öqbə» nin nəzərdə tutulduğu deyilmişdir.[15]
ŞAHİD AYƏSİ
Allah-taala Hud surəsinin 17-ci ayəsində buyurur:
«Rəbbi tərəfindən aşkar sübut və şahidi olan adamı (necə inkar edilər)».
Ayədə zikr olunan «Rəbbindən aşkar sübut olan» sözündən məqsəd Peyğəmbər (s) və şahid sözündən isə həzrət Əli (ə)-dir.[16]
SALEHUL-MÖMİNİN AYƏSİ
Qurani-kərimin Təhrim surəsinin 4-cü ayəsində oxuyuruq:
«Şübhəsiz (peyğəmbərin) dostu və köməyi Allah, Cəbrail və möminlərin salehidir».
Təfsirçilər və hədis alimlərinin rəyinə görə bu ayədə «möminlərin salehi» sözü ilə işarə olunan şəxs həzrət Əli (ə)-dir.[17]
MƏHƏBBƏT AYƏSİ
Məryəm surəsinin 96-cı ayəsində buyurulur:
«İman gətirib saleh əməl edənlərin məhəbbətini Rəhman (Allah) tezliklə qəlblərə salar».
Peyğəmbər (s) bir gün Əliyə (ə) buyurdu:
«Ya Əli! Söylə ki, ey Allah! Məni öz əhd-peymanına bağlı et və mənim məhəbbətimi möminlərin qəlbinə sal!» Sonra bu ayə həzrət Əlinin (ə) haqqında nazil oldu.[18]
XƏYRUL-BƏRİYYƏ AYƏSİ
Allah-taala Bəyyinə surəsinin 7-ci ayəsində buyurmuşdur:
«İman gətirib saleh əməl edənlər, insanların ən yaxşılarıdırlar».
Peyğəmbər (s) buyurdu:
«Ey Əli! (Ayədə qeyd olunan daha yaxşı) şəxslərdən məqsəd sən və sənə tabe olan davamşılarındır.»[19]
Süyuti də bu hədisi «əd-Dürrül-mənsur» təfsirində müxtəlif sənədlər ilə nəql etdikdən sonra əlavə edib yazır:
Həmişə Əli (ə) gələndə, Peyğəmbərin (s) səhabələri deyərdilər: “İnsanların ən yaxşısı gəldi”.
SİQAYƏ AYƏSİ
Allah-taala Tövbə surəsinin 19-cu ayəsində buyurmuşdur:
«Hacılara su verməyi və Məscidül-Həramı təmir etməyi, Allaha və qiyamət gününə iman gətirən şəxslərə bərabər sanırsınızmı?»
Əldə olan bir sıra hədis və rəvayətlərə əsasən, ayənin birinci hissəsində Abbas və Təlhə, ikinci hissəsində isə həzrət Əli (ə) nəzərdə tutlmuşdur.[20]
2- ÜMUMİ AYƏLƏR:
İndi isə Əhli-beytə (ə) aid olan umumi ayələrin bir neçəsi barədə söhbət açacaq və beləliklə də Əhli-beytin (ə) müqəddəs Quran baxımından olan məqamını müəyyən həddə qədər açıqlayacağıq:
TƏTHİR AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«Həqiqətən Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyir.»[21]
Təfsir və hədis kitablarına görə «Əhli-beyt» sözündən məqsəd həzrət Peyğəmbərin (s) ailəsidir və onlar «Əli, Fatimə, Həsən və Hüseyn» əleyhimus-səlamdan ibarətdir. Süyuti «əd-Dürrül-mənsur» kitabında Təbəridən, o da Möminlərin anası Ümmü Sələmədən nəql edərək deyir:
Həzrət Peyğəmbər (s) öz qızı Fatiməyə belə buyurdu: «Ərini və yşaqlarını mənim yanıma çağır.» O, da gedib onları Həzrət Peyğəmbərin (s) hüzuruna gətirdi. Həzrət Peyğəmbər (c) onların üstünə bir Fədək əbacı atdı və mübarək əlini onların çiyninə qoyub bu duanı oxudu: «Ey Allah! Bunlar Məhəmmədin Əhli-beytidir. Rəhmət və bərəkətini Məhəmmədin Əhli-beytinə qərar ver. Necə ki, İbrahimin (ə) əhli- beytinə qərar verdin. Həqiqətən Sən ibadət olunmuş və yüksəksən.»
Ümmü-Sələmə deyir: Mən əbanı qaldırıb onlarla birlikdə onun altına daxil olmaq istədim, lakin həzrət Peyğəmbər (s) əbanı çəkərək mənə mane oldu və buyurdu: «Əlbəttə sən xoşbəxt və səadətlisən.»
Həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə deyir:
«Həzrət Peyğəmbər (s) mənim evimdə üstünə bir Xeybər örtüyü olan bir yataqda yatmışdı. Bu vaxt xanım Fatimə (ə) saxsı qazanda bir qədər yemək gətirdi. Həzrət Peyğəmbər (s) buyurdu:
«Ey Fatimə, ərini və oğlanlarını (Həsən və Hüseyni) mənim yanıma çağır». O da onları çağırdı və onlar əyləşib birlikdə yemək yeməyə məşğul oldular. Bu zaman həzrət Peyğəmbərə (s) «Təthir» ayəsi nazil oldu. Həzrət Peyğəmbər (s) üstünə örtdüyü örtüyün qalan hissəsini onların üstünə çəkib əlini göyə qaldıraraq buyurdu:
«İlahi! Bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et.»
Həzrət Peyğəmbər (s) bu sözləri üç dəfə təkrar etdi.
Ümmü Sələmə deyir: Mən də başımı o örtüyün altına daxil etdim və dedim: «Ya Pəsuləllah! Mən də sizinlə bərabərəmmi?» O Həzrət cavabımda iki dəfə buyurdu: «Sən xoşbəxt və səadətlisən, amma Əhli-beytdən sayılmazsan»[22]
Əziz Peyğəmbərimiz (s) ardıcıl olaraq bu ayənin mənasını şərh edirdi ki, xalq onları yaxşı şəkildə başa düşsün və bunun vasitəsi ilə daim hidayət və həqiqət yolunda hərəkət etməyə nail olsunlar.
O həzrət (s) buyurmuşdur: «Təthir ayəsi beş nəfərin haqqında nazil olmuşdur: Mən, Əli, Fatimə, Həsən və Hüseyn». [23]
Möminlər anası Aişədən bu ayənin təfsirində Əhli-beytin (ə) kimlərdən ibarət olduğu barədə belə rəvayət edilmişdir: «Bir gün həzrət Peyğəmbər (s) çiynində qara yundan toxunmuş naxışlı bir parça olduğu halda bayıra çıxdı. Həsən ibn Əli onun yanına gəldi. Həzrət Peyğəmbər (s) onu o əbasının altına daxil etdi, sonra Hüseyn, daha sonra Fatimə və Əli gəldilər. Həzrət Peyğəmbər (s) onları da parçanın altına daxil etdi və buyurdu: İlahi! Bunlar mənim Əhli-beytim və mənə məxsus olan şəxslərdir. Günah və çirkinlikləri onlardan uzaqlaşdır və onları pak-pakizə et»[24]
Digər bir rəvayətdə nəql edilmişdir: Həzrət Peyğəmbər (s) sübh namazına gedəndə qızı Fatimənin (ə) qapısından keçərkən belə buyurdu:
«Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı... Həqiqətən, Allah fəqət siz Əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.»[25]
Bəli, Qurani-kərim Əhli-beyt (ə) haqqında bu şəkildə bəhs etməklə, onların hər cür günah və pisliklərdən, xoşagəlməz nəfsani istəklərdən pakizə olduqlarını və şəxsiyyətlərinin yüksəkliyini bəyan edir. Məhz buna görə onların yüksək dərəcə və məqamları müsəlmanlar üçün nümunə və örnək olmalıdır. Quranın bu şəxsiyyətləri tanıtmaq və uca mərtəbələrini bəyan etməyindən əsas məqsədi, müsəlmanların kimə inanıb bel bağlamağı, həqiqi İslamı kimdən öyrənmələrini, işlərində kimlərdən nümunə götürmələrini, ixtilaflı məsələlərdə və əqidə köklərində kimə müraciət etmələrini müəyyən etməkdir. Quranın bu hədəfini və Əhli-beyti (ə) həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlara nümunə və rəhbər kimi tanıtmaq qərarında olduğunu müxtəlif ayələrdə görmək mümkündür.
Həzrət Peyğəmbərin (s) neçə ay müntəzəm olaraq həzrət Əli və Fatimənin qapısından keçib sübh namazına getdiyi vaxt onları «Əhli-beyt» adı ilə namaza çağırması və bu çağırışın ardınca Təthir (Əhzab/33) ayəsini oxuması, yuxarıda qeyd etdiyimiz məqsədlərə naul olmaq üçün idi. Yəni, bu hərəkəti ilə həmən ayənin mənasını təfsir edərək, Əhli-beytin (ə) kimlərdən ibarət olduğunu və ümmətin belə şəxsiyyətləri özləri üçün, nümunə və rəhbər seçməklərinin vacib olmasını söyləmək istəyirdi.
Təbərani Əbu Həmradan belə rəvayət edir:
«Alti ay həzrət Peyğəmbərin (s) Əli (ə) və Fatimənin (ə) qapısına gəlib, Təthir ayəsini oxumasını gördüm.»[26]
Fəxri Razi də öz təfsir kitabında belə nəql etmişdir:
«Ey Peyğəmbər! Öz əhlini (ailəni) namaza dəvət et və bu işdə səbrli ol»[27]
Bu ayə nazil olduqdan sonra həzrət Peyğəmbər (s) altı ay hər gün sübh vaxtı həzrət Əli və Fatimənin evinin kənarından keçib buyururdu:
«Namaz vaxtıdır ey Əhli-beyt, namaz vaxtı... Həqiqətən, Allah fəqət siz əhli-beyti günah və çirkinliklərdən uzaqlaşdırıb, pak-pakizə etmək istəyib.»[28]
«Ey Peyğəmbər, əhlini namaza dəvət et...» ayəsi nazil olduqdan sonra həzrət Peyğəmbərin (s) o şəkildə onları çağırması müsəlmanlar üçün bir daha onların kim olduğu başa salmaq və onların yüksək dərəcələrinə verilən əhəmiyyəti göstərmək üçün idi.
Bu ayənin mənası və həmçinin, əvəzliyin qadın cinsindən deyil, kişi cinsindən işlənməyi sübut edir ki, «Əhli-beyt» kəlməsindən məqsəd həzrət Peyğəmbərin (s) həyat yoldaşları yox, o, beş nəfərdir. Çünki, təfsir kitablarında deyilən kimi, əgər burada həzrət Peyğəmbərin (s) xanımları nəzərdə tutulsaydı, «yutəhhirəkum» deyil, «yutəhhirəkunnə» kəlməsi ilə onlara müraciət edilərdi. Yəni, şəxs əvəzliyi qadın cinsindən işlədilərdi.
Bu ayə biz müsəlmanları işıqlı bir yola istiqamətləndirir və diqqətimizi İslam xalqlarının həyatındakı bir çox əsil həqiqətlərə cəlb edir. Haqqı tanımaqda qarşılaşacaqları hər bir şəkk-şübhəni aradan aparmaq və Quranın, əsasını paklıq və ədalət təşkil edən və bütün günah və çirkinliklərdən uzaq olan ideal bir ümmət yaratmağa və Əhli-beytin (ə) o cəmiyyətin əsil mərkəzi olmasına dair olan ülvi hədəflərin aradan getməməsini istəyir.
Müsəlmanların arasında Əhli-beytdən (ə) başqa bu ayədəki (paklıq və s.) keyfiyyətlərə malik olan və Quran tərəfindən təsdiq olunan bir kimsə yoxdur. Bunlar yalnız həzrət Peyğəmbərin (s) «Ya Əhləl-beyt» deyə müraciət etdiyi şəxslərdir.
ULİL-ƏMR AYƏSİ
Allah-taala Qurani-kərimdə İslam ümmətinə xitab edərək buyurur:
“Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin. Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son künə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur.” [29]
Allah-taala bu ayədə möminlərin Ona itaət etmələrinin vacibliyini qeyd etməklə yanaşı, İslam peyğəmbərinə itaət etməyin də onlar üçün vacib olduğunu buyurmuşdur. Bu itaət əslində Allah-taalanın özünə itaət hesab olunur.
Qeyd etmək lazımdır ki, “Ulu” və “Uli” sözləri ərəb dili qrammatikasına görə, “zu”, yəni; sahib sözünün cəm formasıdır.
“Əmr” sözü isə iş, məqam, rütbə, fərman, göstəriş və s. kimi mə`nalar daşıyır.[30]
Deməli, ayədə buyurulmuş “Ulil-əmr” sözü, doğma ana dilimizə “Əmr və fərman sahibləri” kimi tərcümə olunur.
Təfsir və hədis kitablarında bu mövzu ilə bağlı nəql olunan müxtəlif rəvayətlər ayənin nümunəsi baxımından bir-birini inkar etsə də onları nəql etmək məcburiyyətindəyik.
Birinci rəvayət:
“Abdullah ibn Abbas nəql edir ki, İslam peyğəmbəri (s) Xalid ibn Vəlidin başçılığı ilə (müşrik qəbilələrdən biri ilə döyüşmək üçün) kiçik bir qoşun göndərdi. Əmmar Yasir də onunla birgə idi. O qəbilədən bir nəfər Əmmar Yasirin yanına gəlib İslam dinini qəbul etdi və ondan aman (toxunulmamazliq haqqında fərman, yaxud vəd) istədi. Əmmar Yasir özü ona aman verdi. Xalid ibn Vəlid isə Əmmarın bu işindən bərk qəzəblənib, onunla savaşdı...
Nəhayət, yaranmış mübahisənı həll etmək məqsədi ilə həzrət Peyğəmbərə (s) şikayətləndikdə, İslam peyğəmbəri (s) Əmmar Yasirə bir daha icazəsiz başqasına aman verməməsini tapşırdı və eyni zamanda onun o şəxsə verdiyi amanı da qəbul etdi. Sonra bu ayə (Nisa/59) nazil oldu və əmr sahiblərinə itaət etməyin vacib olduğunu müsəlmanların nəzərinə catdırdı.”
Bu rəvayətdə deyilir ki, Xalid ibn Vəlid Peyğəmbərin (s) hüzurunda Əmmar Yasir ilə savaşıb, ona nalayiq söz dedikdə, həzrət Peyğəmbər (s) ona buyurdu:
“Ey Xalid! Əmmara nalayiq söz demə. Hər kəs ona nalayiq söz desə, Allah da ondan öz inayətini kəsər. Hər kəs Əmmarı qəzəbləndirsə, Allah da ona qarşı qəzəb edər və hər kəs Əmmara lənət göndərsə, Allah da ona lənət edər.”[31]
İkinci rəvayət:
“Mücahid nəql edir ki, bu ayə (Nisa/59) İslam peyğəmbəri (Təbuk döyüşünə gedərkən) Əli ibn Əbi-Talibi Mədinə şəhərində öz canişini tə`yin etdiyi zaman nazil olmuşdur. O zaman Əli (ə) Peyğəmbərə (s) dedi: (Ya Peyğəmbər!) Məni qadınların və uşaqların yanında qoyub gedirsənmi? Həzrət Peyğəmbər (s) isə buyurdu:
Mənim üçün Harunun Musaya olduğu nisbət və məqamda olmağına razı deyilsənmi?...”[32]
Üçüncü rəvayət:
“Abdullah ibn Abbasın nəql etdiyi digər rəvayətdə deyilir ki, bu ayə (Nisa/59) Abdullah ibn Həzafənin İslam peyğəmbəri (s) tərəfindən kiçik bir qoşunla müharibəyə göndərildiyi zaman, onun haqqında nazil olmuşdur.”[33]
Qeyd olunmuş hədislər, hədis elmi baxımından mötəbər sayılsa belə, onlara əsaslanıb bu ayəni (Nisa/59) yalnız onun nazil olduğu zamana və adları sadalanmış şəxslərə aid etmək heç cür qənaətbəxş sayıla bilməz. Çünki Qurani-kərim yalnız müəyyən bir zaman və ya müəyyən bir millət üçün nazil olmamış, əksinə bütün zamahlar və millətlər üçün göndərilmişdir. Deməli, yuxarıda qeyd etdiyimiz hədislər ayəni yalnız müəyyən bir zaman və ya məkana aid etmədən, yalnız nazil olma səbəbini aydınlaşdırır.
Unutmamalıyıq ki, Peyğəmbərin (s) təyin etdiyi rəhbər və başçıya itaət etmək müqəddəs şəriət çərçivəsində vacib sayılır.
Həmçinin bunu da qeyd etmək lazımdır ki, “Əmr sahibləri” (Nisa/59) ayəsi heç də üç dəfə ayrı-ayrı hadisələrdə nazil olmamışdır. Əksinə, qeyd olunmuş rəvayətlərin hər üçü mö`təbər sayıldığı halda, bu ayə bir dəfə nazil olmuş, qalan iki dəfə isə çox güman ki, İslam peyğəmbəri (s) və müsəlmanlar tərəfindən təkrar edilmiş və xatırlanmışdır.
İtaətkarlıq məsələsinin hər bir insanın dini, dünyəvi və uxrəvi həyat və müqəddəratında mühüm rola malik olduğunu nəzərə alsaq, “Əmr sahibləri” (Nisa/59) ayəsinin hansı əhəmmiyyətə malik olmasının, habelə “Əmr sahibləri”ndən məqsədin hansı şəxslər olmasının əsaslı bir sual olaraq, hər bir müsəlmanı maraqlandıracağı aydın olar. Elə buna görə də hər bir müsəlman, şəxsi və məzhəbi təəssübkeşliyini kənara qoyaraq, ayədə buyurulmuş “Əmr sahibləri”nin hansı şəxslər olduğunu aydinlaşdırmalı və bu vasitə ilə özünü dünya azğınlığından və axirət peşmançılığından qoruyub, səadətə nail olmağı üçün şərait yaratmalıdir.
Allah-taala bu ayədə “özünüzdən olan Əmr sahibləri” ifadəsindən istifadə edir. Bu, çox incə bir mə`naya malikdir. Yəni “Əmr sahibləri” ilahi mələk deyil, zahirdə sizin kimi və sizin özünüzdən sayılırlar. Onlar əmr və məqam sahibləri olduğu üçün siz müsəlmanlar, onlara itaət etməlisiniz.
Ayədə buyurulmuş “Əmr sahibləri”nin aşağıda qeyd olunan iki nümunəsi vardır.
1-“Əmr sahibləri”nin nisbi nümunəsi
“Əmr sahibləri”nin nisbi nümunəsindən məqsəd, müsəlmanlar arasında xalqın rəhbərliyini qanuni yolla ələ alan müəyyən rəhbər və hakimlərdir. Bu, ayədə buyurulmuş “Ulul-əmr”, yəni “əmr sahibləri” sözünün ifadə etdiyi ilkin və əhatəli mə`nadan əldə olunur. Eyni zamanda ağıl da bu sözü təsdiq edir. Çünki xalqın rəhbərliyini ələ almış əmr sahibinə itaət etməmək, cəmiyyətdə hərc-mərclik və özbaşınalığın artmasına səbəb olur. Bu isə həm ağıl, həm də müqəddəs şəriət nöqteyi-nəzərindən mənfi hal sayılır.
Lakin unutmamalıyıq ki, bu növ rəhbər və hakimlərə itaət etmək heç də tam və mütləq şəkildə deyil, əksinə müəyyən şərtlər əsasındadır. Bu şərtlər aşağıdakılardan ibarətdir:
1-Rəhbər və hakimlərin verdiyi göstərişlərin xalqın mənafeyini tə`min edən müəyyən bir quruluşun möhkəmlənməsi naminə verilməsı;
2-Bu göstərişlərin müqəddəs İslam şəriətinə uyğun olması, yaxud açıq-aşkar haram (günah) olmaması;
Elə buna görə də onların haqqında “Əmr sahibləri”nin nisbi nümunəsi ifadəsini işlədirik. Çünki onların “Əmr sahibi” olmaları, tam və mütləq şəkildə deyil, yalnız yuxarıda gostərilən müəyyən şərtlər əsasındadır.
Əmirəl-möminin imam Əli (ə) nəql edir ki, İslam peyğəmbəri (s) buyurmuşdur:
“Allahın haram etdiyi əməllərdə heç kimə itaət etmək olmaz.”[34]
Deməli, bu kimi şəxslərin rəhbərlik və hakimiyyətləri heç də tam və mütləq şəkildə deyil. Buna görə də onları “Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi kimi qələmə vermək olmaz. Bu, həm ağıl, həm Quran ayələri, həm də qeyd olunmuş hədislərdən əldə olunan nəticədir.
2-“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsi
“Əmr sahibləri”nin həqiqi və mütləq nümunəsindən məqsəd isə müsəlmanların heç bir şərtsiz, həqiqi rəhbər və hakimi sayılan ilahi rəhbərlərdir. Onlar İslam peyğəmbəri (s), habelə o həzrətin (s) həqiqi canişin və xələfləri olan mə`sum imamlardır. Bu, “əmr sahibləri” ayəsində mövcud olan ümumi və mütləq ifadədən, ağılın çıxardığı nəticədən və mö`təbər hədislərin məzmunundan əldə olunur. Belə ki, Allah-taala bu ayədə İslam peyğəmbəri (s) və “əmr sahibləri”inə mütləq şəkildə və heç bir şərt qoyulmadan itaət etmək göstərişi vermişdir. Halbuki, Allah-taalanın məsum olmayan müəyyən rəhbərlər haqqında mütləq şəkildə və heç bir şərt qoymadan itaət göstərişi verməsi, həm ağıl, həm Qurani-kərim, həm də hədislər baxımından qeyri-mümkün bir məsələ sayılır. Deməli, ayədəki mütləq ifadə onların bütün hallarda və bütün sahələrdə hər növ eyb, günah və səhvdən məsum olduqlarına bir sübutdur.
Digər tərəfdən Allah-taala Qur`ani-kərimdə müsəlmanlar üçün, demək olar ki, Özü, İslam peyğəmbəri (s) və “Əmr sahibləri”indən başqa heç kimin itaətini tam və mütləq şəkildə vacib etməmişdir. Hətta müqəddəs Qur`anda Allahın yeganəliyindən sonra haqqında çoxlu tə`kid edilən valideyn barəsində belə buyurulur:
“Biz insana öz valideyninə qarşı yaxşılıq etməyi tövsiyə etdik. Amma onlar, səni, Mənə, bilmədiyin şeyi şərik qoşmağa vadar etsələr, onlara itaət etmə...”[35]
Gördüyünüz kimi bu ayədə valideynə yaxşılıq etmək göstərişi müəyyən şərt əsasında qeyd olunmuşdur.
Bütün bunlar mə`sum imamların (ə) həqiqi “əmr sahibləri” olduqlarını deməyə tam əsas verir.
Ayənin bu təhlilinə sübut olan hədislər müxtəlif hədis və təfsir kitablarında mövcuddur. Biz, burada onlardan bir neçəsini qeyd edirik:
1-Cabir ibn Abdullah əl-Ənsari nəql edir ki, Allah-taala öz Peyğəmbərinə (s): “Ey möminlər! Allaha, Peygəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin”. (Nisa/59)-deyə buyurduğu ayəni nazil etdikdə, soruşdum:
Ey Allahın elçisi! Allahı və Onun elçisini tanıdıq. Amma Allah öz itaətini sənin itaətinlə yanaşı buyurduğu əmr sahibləri kimlərdir? Həzrət Peyğəmbər (s) buyurdu:
“Ey Cabir! Onlar mənim xələflərim və məndən sonra müsəlmanların imamlarıdırlar...”[36]
Qeyd etmək lazımdır ki, o həzrət (s) sözünün davamında on iki imamın adlarını sadalamışdır.
2-Əmirəl-möminin imam Əli (ə) buyurur:
“Həqiqətən, Allah-taala Peyğəmbərə itaət etməyi vacib etmişdir. Çünki peyğəmbər pak və mə`sumdur. Heç vaxt (xalqı) güaha doğru çəkməz. O, əmr sahiblərinə itaət etməyi də vacib etmişdir. Çünki onlar da pak və mə`sumdurlar. Heç vaxt (xalqı) güaha doğru çəkməzlər.”[37]
3-İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
“(Allah-taala bu ayədə) xüsusilə bizi nəzərdə tutmuş (və) Qiyamətədək bizim itaətimizi bütün mö`minlərə vacib etmişdir.”[38]
4-İmam Baqir (ə) digər bir hədisdə bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş əmr sahibləri) Qiyamət gününədək Əli və Fatimənin(ə) övladlarından olan imamlardır.”[39]
5-İmam Sadiq (ə) bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş) əmr sahibləri, Əhli-beytdən olan imamlardır”.[40]
İslam peyğəmbəri (s) ilə “əmr sahibləri”nin itaətinin birgə bəyan edilməsindən belə nəticə almaq olar ki, həqiqi “əmr sahibləri”nə itaət etmək, əslində İslam peyğəmbərinə (s) itaət etmək, o həzrətə (s) itaət etmək isə əslində Allaha itaət etmək deməkdir.
Allah-taala bu ayənin davamında buyurur:
“…Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur“.
Həzrət Əmirəl-möminin imam Əli (ə) bu barədə buyurur:
“(Hər hansı bir işi Allahın öhdəsinə qoymaq,) onu Quranın (möhkəm) açıq-aşkar buyruqları ilə uyğunlaşdırmaq, Peyğəmbərin (s) öhdəsinə qoymaq“dan məqsəd isə, o həzrətin dolğun və mübahisəli olmayan sünnəsi ilə uyğunlaşdırmaqdır. Biz Peyğəmbərin Əhli-beytiyik. (Biz Quranın) aydın hökmünü Onun kitabından əldə edib, mütəşabih (oxşar) ayələrini ayırd edir, habelə qüvvədən salınmış (ayə və göstərişləri)... tanıyırıq”.[41]
Bütün bunlar, belə deməyə əsas verir ki, həzrət Peyğəmbərin (s) həyatı dövründə o həzrətin özünə, vəfatından sonar isə sünnəsinə və daha dəqiq ifadə ilə desək, o həzrətin (s) həqiqi xələfləri sayılan və sünnəsini olduğu kimi müsəlmanlara çatdıran mə`sum əhli-beytinə (ə) tapınmaq lazımdır. Bu, ayədə buyurulduğu kimi daha yaxşı və daha gözəl sonucludur.
MƏVƏDDƏT AYƏSİ
Allah-taala Qurani-kərimdə buyurur:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[42]
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.
Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir.
Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?-deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[43]
Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu:
«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»[44]
Əllamə Bəhrani bu hədisi Əhməd ibn Hənbəlin «əl-Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibn Cübeyrdən və o da ibn Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»[45]
«Təfsiri-kəbirin» müəllifi Fəxr Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır:
Mənim nəzərimə görə «Ali-Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Huseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir.
Əlbəttə, «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (s) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri ali kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir.[46]
Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın Peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Beləliklə, məlum olur ki, bu dörd nəfər həzrət peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram onlar üçün olamalıdır. Bu sözümüzə bir neçə sübut vardır:
1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.
2. Hamıya məlumdur ki, Həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»
Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Quran buyurur:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yəni mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.»[47]
«Hidayət olasınız deyə Peyğəmbərə tabe olun.»[48]
«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar.»[49]
«(Ey müsəlmanlar!) Həqiqətən Peyğəmbər sizin üçün yaxşı bir nümunədir.»[50]
Bu ayələrdən məlum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevməlidirlər.
3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmdin və ali Muhəmməd.»
Yəni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»
Bu böyük təzim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar cübutdur. Əhli-sünnə qardaşlarımızın tanınmış şəxsiyyətlərindən biri olan Şafei öz şerində belə deyir:
Məzmunu:
«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.»[51]
Həmçinin, Şafei öz şerində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir:
«Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Quran və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)
Təbəri ibn Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O Həzrət (s) buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Bu hədisi Əhməd də «əl-Məhaqib» kitabında nəql etmişdir.[52]
İbn Münzər, ibn Əbi Hatəm, ibn Mərdəveyh və Təbərani «Möcəmul-kəbir» kitabında Abdullah ibn Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O Həzrət (s) buyurdu: «Əli, Fatimə, Həsən və Hüseyn.»[53]
Yenə də Möcəmul-kəbir kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:
«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik.»
Qurani-kərim Təthir (Əhzab/33) ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli Quran bu ayənin vasitəsi ilə İslam ümmətini Əhli-beytin (ə) yoluna sövq edir. Əgər Əhli-beytin (ə) yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Quranda bu ayələr nazil olmazdı. Həmçinin Həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti (ə) sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Əhli-beytin (ə) yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Quran o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli üstünliklərə malik olmağına zəmanət vermişdir. Beləliklə Quran bu kimi ayələrdə Əhli-beytin (ə) yolunu tutmaq və İslamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zəmanət vermək istəyir. Bu, Qurani-kərimim nəzəri idi. Amma, Həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırırıq.
Bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin (ə) məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt (ə) haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin (ə) hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və hərtərəfli rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar ağıl və məntiq əsasında onu düşünüb dərk etməlidirlər.
MÜBAHİLƏ AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lənəti yalancılara olsun.»
Tarix və təfsir kitablarının müəllifləri İslam tarixində baş vermiş bir hadisəni nəql edilər ki, bu hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli Fatimə, Həsən və Hüseyn) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir.«Mübahilə» adı ilə məşhur olan rəvayət belədir:
«Nəcran» xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər.»[54]
Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.
Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz».
Buna görə də onlar Peyğəmbərə (s) dedilər: «Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə».
Həzrət Peyğəmbər (s) buyurdu: «Əgər mübahilə etmirsinizsə, onda İslam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik olun». Xristianlar bu təklifi qəbul etmədilər.
Həzrət Peyğəmbər (s) buyurdu: «Onda sizinlə müharibə etməli olacağam. Onlar deilər: Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yoxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi olsun:
Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını Səfər, yarısını isə Rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq».
Peyğəmbər (s) bunula razılaşdı və belə buyurdu: «And olsun o Allaha ki, canım onun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz insan sürətindən çıxıb heyvan (donuz və meymun) sürətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu bir cəhənnəmə çevrilərdi. Çox zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak olardılar. Bir il keçməzdi ki, xristianların hamısı məhv olub aradan gedərdi».[55]
Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli–beytin (ə) məqamını bəyan etməyə və Möminlərin anası Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır.
O, öz sözünün bir hissəsində belə deyir: Allah-taala bu ayədə Əhli-beyti (ə) həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mənəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. (Əshabi-kəsa ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdir.)
Bu ayə Əhli-beytin (ə) fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən xristianların mübahiləni qəbul etməkləri nəql olunmamışdır.[56]
Bilmək lazımdır ki, Mübahilə ayəsi İslam qoşunu ilə kafir qoşunun qarşı-qarşıya durmağını göstərir. Burada İslam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında olan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah onları bütün pislik və günahlardan uzaq etmişdir. Onların sözləri və duaları geri qayıtmazdır.
Qurani-kərim, Əhli-beyt (ə) vasitəsi ilə İslam düşmənləri ilə qarşı-qarşıya durdu və onların düşmənlərini lənət və əzaba layiq adamlar kimi tanıtdırdı. Əgər Əhli-beytin (ə) sözləri, əməlləri və yolları doğru olmasaydı, Allah heç baxt belə bir əzəmətli məqamı onlara verməzdi və Quran bu şəkildə onların haqqında söhbət açmazdı. Fəxr Razi öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sonra, sözlərinə bir cümlə də əlavə etmişdir:
«Bilmək lazımdır ki, bu hədisin doğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.»[57]
Əllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sonra mübahilədə iştirak edənlərin həzrət Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu bəyan edərək buyurmuşdur:
Hədis nəql edənlərin hamısı, o cümlədən Müslüm, Termezi və bu kimi böyük hədis kitabları yazan alimlər də onu öz kitablarında yazaraq təsdiq etmişlər.
Həmçinin böyük təfsirçilər, o cümlədən Təbəri, Əbül-Fida, İbn Kəsir, Süyuti və bu kimi alimlər də o hədisin doğruluğunu təsdiq edərək öz təfsir kitablarında nəql etmişlər.
Göründüyü kimi təfsirçilər Əhli-beytin (ə) kimlər olduğunu və onları sevməyin nə dərəcədə vacib olduğunu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqlarını aydın surətdə bəyan ediblər. Öncə dediyimiz ayələrdə Qurani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mənəvi üstünlüyünü isbat edirdi. Bu ayədə isə Allah-taala, Peyğəmbər (s) Əhli-beyti (ə) vasitəsi ilə İslam düşmənləri ilə mübahilə etdiyini bəyan edərək, onların böyük və şərafətli məqamlarını izah edir. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydılar, heç vaxt Peyğəmbərə (s) əmr olunmazdı ki, onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəməyə aparsın. Həmçinin, onlara dualarının qəbul olacağını vəd etməzdi.
Bu ayədə övladlar və qadınlardan söz getsə də əziz Peyğəmbərimiz (s) yalnız, o dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa salmışdır ki, ümmətin qadınlarının ən seçilmiş nümunəsi həzrət Fatimə (ə), və müsəlman övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qurani-kərim onları Peyğəmbərə (s) mənsub etmişdir. Quranın aşkar təbiri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. Özümüz kəlməsində isə Quran, həzrət Əlini (ə) Peyğəmbərin (s) özü kimi hesab etmişdir.
SALAVAT AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin.»[58]
Öncə qeyd etdiyimiz ayələrdə Qurani-kərim, Əhli-beytin (ə) paklıq və ülviyyətini, İlahi rəhbərliyini, onları sevməyin vacib olmasını və onların uca məqamlarını bəyan etdi.
Quran təfsirçiləri də Peyğəmbərin (s) hədislərindən istifadə edərək, Əhli-beytin (ə) kimlərdən ibarət olduğunu müəyyən etmişlər. Bu ayədə (salavat ayəsində) isə Allah-taala Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat və salam göndərməyi göstəriş vermişdir. Qeyd edək ki, bu onlardan başqa heç kimə məxsus deyildir. Bunun vasitəsi ilə Quran onların dəyər və məqamlarını ucaltmışdır. Əsas məqsəd budur ki, xalq onların rəhbərlik ləyaqətinə malik olduqlarını və ümmətin həyatındakı ilahi vəzifələrini yaxşı başa düşsünlər. Fəxr Razi öz təfsirində Peyğəmbərdən (s) bu mübarək ayənin barəsində rəvayət edilən hədisi bu şəkildə nəql etmişdir: Peyğəmbərdən soruşdular: Ey Allahın Peyğəmbəri! Sizə hansı qaydada salavat göndərək? O Həzrət (s) onların cavabında belə deməyi tövsiyə etdi:
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.»
«Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər, necə ki, İbrahim və onun Əhli-beytinə salavat və rəhmət göndərdin və Məhəmməd və onun Əhli-beytinə bərəkət ver, necə ki, İbrahim və onun Əhli-beytinə bərəkət verdin. Şübhəsiz, sən ibadət olunmuş və böyüksən.»
Fəxr Razi bu hədisi deməzdən əvvəl, bu ayəni təfsir edərkən belə demişdir:
«Bu ayə Şafeinin sözünü sübuta yetirir. (Şafei deyir: Namazın təşəhhüdündə Peyğəmbərə (s) salavat göndərmək vacibdir, qalan yerlərdə isə vacib deyil, çünki, əmr olunan işin icrası vacib olar.)»[59]
Sonra belə yazır: Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyaclı olduğu üçün deyildir, necə ki, Allahın salavatından sonra mələklərin də belə salavatına ehtiyac yoxdur. Amma salavat bizim Peyğəmbərə (s) qarşı olan dərin ehtiram və məhəbbətimizi bildirmək üçündür. Həmçinin bu əməl bizlərə savab qazanmaq üçün böyük imkan yaradır. Necə ki, Peyğəmbər (s) buyurmuşdur:
«Hər kəs mənə bir dəfə salavat göndərsə, Allah ona on dörd dəfə salavat göndərər.»
Süyuti əd-Dürrül-mənsur kitabında belə yazır: Əbdür-Rəzzaq ibn Əbi Şeybə, Əhməd və ibn Mərdəveyh, Kəb ibn Ücrədən belə nəql etmişlər ki, bir nəfər Peyğəmbərə (s) dedi: «Ey Allahın Peyğəmbəri! Sizə necə salam göndərməyi bilirik, amma salavatı necə göndərək?» O həzrət cavabında buyurdu: Belə deyin:
«Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat (rəhmət) göndər...»
Süyuti bu rəvayətdən başqa Əhli-beytin (ə) bu salavatlarda Peyğəmbərlə (s) şərik olmasına dəlalət edən on səkkiz rəvayət də nəql etmişdir. Yəni Peyğəmbərlə (s) yanaşı onun Əhli-beytinə (ə) də salavat göndərmək vacibdir. Bu hədisçiləri Abdullah ibn Abbas, Təlhə, İbn Məsud əl-Ənsari, Büreydə, Kəb ibn Ücrə və Əlidən (ə) nəql etmişlər.
Həmçinin Süyuti belə yazır: Əhməd və Termezi, Həsən ibn Əlidən (ə) nəql ediblər ki, Peyğəmbər (s) belə buyurmuşdur:
«Mənim adım zikr olunan zaman mənə salavat göndərmə
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031