“ Dindar”lıq yoxsa dinçilik?!
Mьəllif: admin1
Tarix: 11-03-2016, 20:46
“ Dindar”lıq yoxsa dinçilik?!

Hz. Məhəmməd Peyğəmbər (s): “Sizin davranışınıza baxıb müsəlmanlığa heyran olan insan yoxdursa, o zaman imanınızı bir daha gözdən keçirin”
Dindar ərəb və farsca ola iki kəlimədən (din dar) alınan bir sözdür və din sahibi olan, dini yaşayan inanclı şəxsə deyilir.

Təəssüflə yaşadığımız cəmiyyətdə bəzən dindarlıq bir tək müəyyən geyimlərlə və zahiri görkəmlərlə maşının üzərində və nömrəsində müəyyən yazı və simvollarla tanınıb.

Dinin sahibi olan Allah isə dini kitabımızda buyurur: “Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).

Bəzən də dindar dinin vacibatına əməl edənə deyilir. Ancaq Quran ayələrinə və hədislərə nəzər saldığımız zaman görürük ki, dindar təkcə namaz qılıb oruc tutan, zəkat verib həccə getməklə kifayətlənən şəxs deyil.

Bəs dindar kimdir?:

Allahın Rəsulu (s) buyurur: “Həqiqi mömin (dindar) o kəsdir ki, digər möminlər onu öz mallarına və canlarına əmanətdar bilsinlər”. “Müsəlman o şəxsdir ki, bütün müsəlmanlar onun dilindən, əlindən amanda qalarlar”.

Dindar, Allahın varlığı ilə yanaşı dinin əqidəvi üsullarına ağıl və məntiqə əsaslanaraq inam gətirəndir;

İnsanlığa əmanət və ülgü olan Peyğəmbər (s) və məsum imamların (ə) davranışını örnək götürəndir;

Bəşəriyyətə həyat verən Quran və hədislərin tövsiyələri ilə əxlaqlanan, tərbiyələnəndir;

Dinin ehkam və göstərişlərini olduğu kimi öyrənib həyatında əməl və tətbiq edəndir;

Nəfsini, tamahını, şəhvətini idarə edən, rəzil sifətlərə qələb çalan, təqvalılıq mərtəbəsinə yiyələnmək uğrunda öz üzərində işləyəndir.

Sözü, özü, qəlbi, əməli düz olan, vicdanla yaxşıya yaxşı, pisliyə pis deyib, insanlarla və hətta heyvanlarla rəhmli, insaflı və ədalətli davranandır.

Yıxılanı qaldıran, məzlumun yanında olan, yetimi, kimsəsizi, xəstəni və yoxsulu imkanı dairəsində xatırlayan, yardım əlini uzadandır.

Ədəb çərçivəsində yanlış yolda olana yol göstərən, dürüstlüyə dəvət edən, yaradanın yaratdıqlarına sevgi göstərib yaradana xatir xidmət göstərəndir.

Haram yeməyən, ara vurmayan, yalan danışmayan, qeybət edib sözgəzdirməyən, əksinə islah etməyə, barış və sevgidolu bir ortam yaratmaq uğrunda əlindən gələni əsirgəməyəndir.

Böyük kiçik, qohum qonşu, ata-ana, övlad, müəllim, tələbə haqqı bilən, rəftarında sərhəd tanıyan, həddini aşmayan, insanları dili ilə acılamayandır.



Bəzən məndən soruşurlar ki, belə dindarlıq olarmı?

Məzhəb ayrıseçkiliyi salıb, insanları parçalayıb, fitnə törədib, birliyi pozmaqla;

Namaz qılmayıb oruc tutmayan müsəlmana gözəl təbliğ etməkdənsə düşmən gözü ilə baxıb, onları təhqir edib aşağılamaqla;

Özünü dinin yiyəsi hesab edib, ifratçı mühafizəkar davranmaq, cəmiyyətdən fərqli olduğunu düşünərək təcrid olunmaqla;

Dövlətə, millətə və ya ətrafındakılara qarşı şübhəli yanaşıb güvənməmək, kin bəsləmək, hər şeyi pisə yozmaq, yaxşılar içində pislik axtarmaqla.

Əlbəttə yəqin ki, dini mənbəyindən öyrənən oxucular da bu qənaətdədirlər ki, din mərhəmətə, sevgiyə, həmrəyliyə, birliyə, hümanistliyə, optimistliyə, doğruluğa, dürüstlüyə, sayqıya, yardımlaşmağa, elmə, əxlaqa, ədəb və ərkana dəvət etdiyinə görə - belə dindarlıq olmaz.

Bəs dinçilik nədir?

Dinçilik isə dini sırf ideoloji məktəb halına gətirən, dindən öz məqsədləri üçün suistifadə edən, dini göstərişlərə zahirdə əməl edib həyatında dini yaşamayan, səmimi olmayan iman və ibadətinə kifayətlənib ictimai günahlara və haramlara laqeyd qalandı. Onlar İslamın ruhunu anlamayıb cismini əzbərləyənlərdi. Düşüncə əsasında Allahı ibadətə layiqli bildiklərindən deyil sırf göstəriş olduğu üçün namaz qılanlardı. Dinçilər bəzən dinin kitabını istədiklərikimi yozub törətdikləri cinayətlərə bəraət qazandırmaq üçün çirkin əməllərinə din donu geyindirənlərdi.Dini çirkin siyasi məqsədlərə alət edənlər, fitnə fəsad törədənlərdi. Fanatlıq və ifratçılığa qapanıb dünyada terror və ekstremizmlə məşğul olanlardı. Dinə fobiya, qorxu yaranmasına şərait yaradıb insanlarda dinə qarşı nifrət yaranmasına səbəb olanlardı. İnsanları məsciddən hürküdənlərdi.

Buna görə də tam məsuliyyətlə demək olar ki, dinçilər dinsizlərdən çox dinə zərər vururlar. Əslində bu qəbil "dinçi"lərin dinsizlər və ateizmin yaranması və inkişafında misilsiz rolu vardır. Bu gün dünyada olub bitənlərə baxdığımız zaman dindar və dinçinin fərqi daha tez anlaşılır.

Yazımın sonunda bir sözlə demək istərdim ki, “Həqiqi dindarlıq həqiqətən də Allahını, Onun yaratdıqlarını, dövlətini, xalqını sevən onlara xəyanət deyil xidmət göstərən inanclı müsəlmandır”. Allah bizi həqiqi iman gətirib saleh əməl sahibi olan dindarlardan qərar versin. Amin!


Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Hacı Ramin İgidov

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930