Optimizm və pessimizm
Mьəllif: admin1
Tarix: 11-12-2015, 11:10
Optimizm və pessimizm
İnsanların düşüncələri ətrafdakı hadisələrə, insanlara və qarşıya çıxan hər növ məsələ və məxsusən də çətinliklər qarşısında müxtəlif ola bilir. Belə ki, bəzən də, hadisələr insanların fikirlərini formalaşdırır. Və insanların bütün bunlara yanaşma tərzi və hansı tərəfdən baxması insanları üç dəstəyə bölür: Optimist (həyata gözəl baxmaq), Pessimist (həyata bədbin baxış) və Realist. Biz bu yazıda optimist və pessimist haqqında danışacağıq və İslam dininin bu məsələ ətrafındakı buyruqlarına diqqət edəcəyik.
Ümumiyyətlə, filosoflar insanları realist olmağa çağırır, psixoloqlar isə optimist olmağa. Necə ki, Sokrat bu haqda buna inanır ki, optimizm yalnız insanların acılarını təxirə salır, və bunun üçün də gərək insanlar məsələnin həqiqətinə baxsınlar. Realist olsunlar.
Psixoloqların fikrincə isə, dünyada insanların əksəriyyəti optimistdir və bunu həyatlarında da əks etdirirlər.
Bəs, belə olan halda, İslam dininin bu haqda fikri nədir? İslam dini həm realist və həm optimist olmağa çağırır.


Pessimizm
İnsanların qarşılarına çıxan məsələlərə, ətrafındakı insanlara, yaxud da, yaranış aləminə neqativ və pis baxışlı olmasına pessimizm deyilir. Fəlsəfədə, bu cür şəxslər, yaranış aləminin bədbəxtlik və çətinliklərdən ibarət olduğuna inanan bədbin şəxslər adlandırılır. Bu tərz düşüncə sahibi olan şəxslərə pessimist deyilir.


Pessimist baxışın mənfi yönləri
Pessimizmə adətən həyatdakı problemlər, sıxıntılar və müşküllər səbəb olur.
Pessimist insan, hər şeyi mənfi təfsir edib və hər bir şeyin pis tərəflərini tapmağa çalışır. Sanki, gördüyü hər bir şeyə "bədbinlik eynəyi" ilə baxır. Bu haqda, yaxşı bir misal var: Yarıya qədər su ilə dolu stəkana baxan optimist şəxs, yarı dolu hissəsinə görə stəkanda su olduğunu görür. Lakin pessimist insan isə, yarı boş hissəsinə görə stəkanın boş olduğunu görür. Realist düşüncəli şəxs də, öz növbəsində, stəkanın yarıya qədər su ilə dolu olduğunu görür.
Başqa bir misalda qeyd olunur ki, qaranlıq tuneldə pessimist yalnız qaranlığı görür, optimist isə, o qaranlıqda hərəkət edən qatarın işığını.


Diqqət olunası mühüm məqam buradadır ki, insan bədəninin bir çox xəstəliklərlə ziyan görməsi ilə yanaşı, onun düşüncələri və təfəkkürü də, bir çox yanlış inam və etiqadlar sayəsində zərər görür. Deməli, inkar edilməsi mümkün olmayan bir həqiqət mövcuddur. (İrsi, genetik istisnaları kənara qoymaqla,) bəşər övladının nəyə etiqad bəsləməsi, onun düşüncə tərzinə, həyata baxışına birbaşa təsir edir. Nəyə inam bəsləməsi, onun həyata baxış aspektini yönləndirir. İnam bəslədiyi etiqad dedikdə, təkcə nəzəri şəkildə qavradığı fikirlər nəzərdə tutulmur. Onun hələ kiçik yaşlarından böyüdüyü mühit, ətrafındakı insanlar, ailəsi, təlim aldığı məktəbdəki müəllimlər, dostlar və sair də diqqətdən qaçmamalıdır. Onun ətrafındakı insanların davranışı və ifadə etdiyi sözlər, mimikalar belə insanın etiqadını və həyata baxışını formalaşdırır.


Həmçinin unutmaq lazım deyil ki, həyata, yaranışa və ətrafdakılara neqativ fikirli olmaq və onlar haqqında hər zaman pis düşüncələrə sahib olmaq insanın təfəkkür tərzini və bunun sayəsində də, hərəkət və davranışları əsaslı şəkildə dəyişir. Misal olaraq, insanlar yaranış aləminə bihudə və hədəfsiz baxarsa, o zaman, həmin insanın həyatı necə olar? Mənasız həyatda yaşamaqdan bezməzmi? Hər nə qədər, zəngin olsa belə, bir zaman gələr ki, mal-dövləti onu bu düşüncə tərzindən nicat verə bilməz. Sahib olduqlarının ləzzətini dada bilməz. Kifayət qədər maddi sərvətə malik şəxslərin öz həyatlarına qəsd etməsini, intihara cəhdlərini dəfələrlə eşitmişik. Belə çıxır ki, həyata pessimist gözü ilə baxmaq həyatımızı qaralda bilər. Başqa bir məsələ isə, insanların ətrafındakı insanlara qarşı pessimist olmaları, yəni onlar haqqında hər zaman pis düşünmələri və onların yaxşı deyil, pis cəhətlərini axtarmaları, ətrafdakılara qarşı etimad və inam hissinin tamamilə məhv olmasına gətirib çıxarır. İnsanlar arasında etimad və inam olmadıqda isə cəmiyyətin inkişafı dayanar. Deməli, etimad, hər bir cəmiyyətin inkişafı üçün mühüm amildir.


Optimizm
Optimist insan, ətrafında baş verən hadisələrə və həmçinin şəxslərə qarşı həmişə xoş baxışlıdır və onların fəaliyyətinə müsbət yanaşır.


Optimist olmanın müsbət tərəfləri
Optimist gözü ilə həyata yanaşmaq insana bir növ ümid və həyat sevgisi verir. İslam dini də, ilahi bir din olaraq gələcəyə inamla baxmağı, ümidli olmağı, bədbin olmamağı və insanlara inanmağı tövsiyə edir. Xoş baxışın sayəsində həyat insana asanlaşır, başqaları ilə ünsiyyət yaratmaqda problemlər azalır və cəmiyyətdə sevgi-şəfqət artır.
İmam Əli (ə) buyurur: “Başqalarına inanıb etimad edən şəxs, onların sevgisini qazanar.” (Ğürərül-hikəm)


Pessimizmin mənfi nəticələri
1. Pessimist insanın fikirlərinin neqativ və mənfi olması onun bütün qabiliyyətlərinin özünü büruzə verməsinin qarşısını alar.
2. Dünya sanki insanın ona qarşı etdiyi rəftarların və fikirlərinin reaksiyasını özünə qaytarır. Yəni, əgər sən dünyaya və həyata gülümsəsən, o da sənə gülümsəyər. Amma neqativ enerji yaysan, təbii ki, neqativ enerji cəzb edəcəksən.
3. Hər bir şeyə pessimist gözü ilə baxmaq, bədbin olmaq ruhi xəstəlikdir. Ruhunun aynası çirklənmiş insanın gözündə həyat gözəllikləri görünməz.


İslamda optimizm və pessimizm
İslam nəzərində, insan həyatı çətinlik və rahatlıqdan ibarətdir. Biz insanlar bu qanunu dəyişməyə qadir deyilik. Çünki bu, maddi aləmin xüsusiyyətidir. Varlıq aləminin hədəfinə diqqət etsək görərik ki, hər biri bir hədəf üçün yaranıb. Hər bir məxluq, eləcə də insanlar, hədəflərinə çatmaq üçün keçici çətinliklər qarşısında dözümlü olmalıdır. Bu çətinliklər qarşısında ümidi itirib yaranışa neqativ gözlə baxmamalıdır.


İslamın optimist olmaq üçün göstərişləri
1. İslam dini insanlara optimist olmaq üçün başlıca səbəb kimi həqiqi dinə imanın olmasını qeyd edir. Belə ki, əgər bir insan yaranış hədəfinə iman bəsləsə, həyatdakı bütün çətinliklərə optimist gözü ilə baxacaqdır. Çünki o, anlayır ki, əsl hədəf insanın kamilliyə çatmasıdır və bunun üçün də maneələri təbii qəbul edir və böyük hədəf üçün kiçik çətinliklərdən keçməyi adi sayır.
2. Axirət aləminə inam da insanı həyata xoş baxmağa və problemlər qarşısında bədbinləşməməyə sövq edir. Çünki, fani dünyanın naz-nemətlərinə dəyərindən artıq qiymət verməyib, əsl ləzzətə, axirət aləminə-əbədi yaşayış sarayına əhəmiyyət verir.
3. Optimist olmaq üçün göstərdiyi başqa yol isə Allaha təvəkkül etməkdir. Quranda təvəkkül məfhumu bir növ həyat vericidir və insana ümid bəsləmək üçün güc verir. İnsan əgər Allaha təvəkkül etsə insandan qorxu və ümidsizliklər uzaq olar. İnsanın söykənəcəyi yer Allah olsa, gələcəyə ümidlə baxıb və daim şövqlə irəliyə doğru addım atar.
4. İslam dini insan müvəffəqiyyətinin amillərindən birinin də insanın özünə etimadının olmasını qeyd edir. Bunun üçün də, alimlər özünə inam hissinin insanda inkişaf etməsinə yüksək qiymətləndirərək, onlara bunun üçün səy göstərmələrini tövsiyə edirlər. Əgər insanın özünə inamı olsa və nələrə qadir olduğunu bilsə çətinliklər qarşısında müqavimət göstərib və həyata gözəl gözlə baxar. Məhz bu, xoşbəxtliyin sirlərindən biridir.

Kamran Məmmədov

İslammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930