İnsan necə bilsin ki, Allah ondan razıdır?
Mьəllif: admin1
Tarix: 6-12-2015, 10:52
İnsan necə bilsin ki, Allah ondan razıdır?
Bismilləhir-Rahmənir-Rahim!

Bir neçə bəhsdir ki, Allahın lütfü və inayəti ilə Allahın razılığı əldə etmək mövzusu ətrafında danışırıq. Necə edək ki, Allahın razılığını əldə edək? Haradan bilək ki, Allahın razılığını əldə edə bilmişik, ya yox? Bu istiqamətdə önəmli mətləblər meydana çıxır.

Allahın razılığını əldə etməyin birinci və ən zəruri şərti - şəri vəzifələrə, vacibatlara əməl etməkdir. Hər şey əslində bunlardan başlayır və bunlarsız heç bir şey yoxdur. Şəri vəzifələrə əməl etmədən, Allah razılığını qazanmaq mümkün deyil. Biri deyə bilər ki, mən namaz qılmıram, amma Allahın razılığını qazanmağa çalışıram. Belə bir şey mümkün deyil. Biri deyə bilər ki, mən vacibatlarıma riayət etmirəm, onları tərk edirəm, amma istəyirəm ki, Allah məndən razı olsun. Başa düşür, anlayır, dərk edir ki, onları yerinə yetirməlidir. Onları yerinə yetirməyə gücü də çatır, amma iradəvi olaraq bunu tərk edir. Təbii ki, belə bir insanın Allah razılığını qazanması mümkün deyil. Haramlara mürtəkib olan insanın, haram işlər görən insanın Allah razılığını qazanması mümkün deyil.

Ona görə də Allah razılığını qazanmaq üçün ilk və ən zəruri şərt - insanın öz şəri vəzifələrinə əmək etməsidir. Bu olandan sonra artıq insan Allahın razılığını qazanmaq üçün çalışa bilər. Şəri vəzifələri yerinə yetirmək dedikdə vacib buyurulanlara əməl edilməsi və haram buyurulanlardan çəkinilməsi nəzərdə tutulur. Gündəlik həyatımıza hər birimiz nəzər salmalıyıq ki, vacibatlarımıza, namazlarımıza, başqa vacib əməllərə münasibətdə səhlənkar yanaşmayaq. Allah etməsin ki, vacibləri yerinə yetirməkdə və haramları tərk etməkdə süstlük göstərək.

Allaha itaət şövqü - Allah razılığının nişanəsidir

Həzrət İmam Səccad (ə) buyurur: “Hər kəs ki, Allah Təala ona vacib buyurduqlarına əməl edər - o, insanların ən yaxşılarındandır”. İnsanların ən yaxşılarından olmaq əslində Allahın ən bəyəndiyi insanlardan olmaq deməkdir. Allahın bəyəndiyi insan olmağın, insanların ən yaxşısı olmağın yolu - Allahın vacib buyurduqlarına əməl etməkdən keçir. Rəbbimiz bir şeyləri vacib buyurubsa, gərək insan onlara əməl etsin. Bir şeyləri haram buyurubsa, gərək insan onlardan çəkinsin. Bunsuz hər hansı mənəvi yüksəlişdən, İlahi razılığı əldə etməkdən söhbət gedə bilməz.

İlahi razılığın nişanələri özünü bir sıra xüsusiyyətlərdə göstərməlidir. Bunlar - Allaha itaət, istiğfar, təvazökarlıq kimi ali xüsusiyyətlərdir. Həzrət Musa (ə) Allaha müraciət edir: “Allahım, mənə Öz bəndəndən razı qalmağının əlamətini xəbər ver”. Həzrət Musa (ə) Allahın nə zaman bəndəsindən razı qalmasından Rəbbin onu xəbərdar etməsini istəyir. Allah Təala Həzrət Musaya (ə) vəhy etdi: “Hər vaxt ki, gördün Mənim bəndəmi itaətim üçün hazır və günahdan üz döndərmək üçün hazır vəziyyətə gətirmişəm, bu, Mənim razılığımın əlamətlərindəndir”.
Yəni insan daxilində bir hal hiss edə bilər ki, Allaha itaət etmək, Allaha bəndə olmaq istəyir. Bir halı olar ki, günahdan uzaq durmaq istəyər. İnsanın bu durumu Allahın ondan razı olmasının əlamət və nişanələrindəndir. Lakin əgər insan əksinə, görər ki, Allaha bəndəlik üçün ruhiyyəsi yoxdur, namazlarını güclə qılır, Allahla münacata halı yoxdur, vacibatlara diqqət etməkdə süstlük göstərir və harama tərəf böyük həvəs və məmnunluqla gedərdi, fəqət, müəyyən səbəblərdən gedə bilmir - bu hal Allahın qəzəbinin nişanəsidir. İnsan özündə yaxşı işlər görmək, Allaha bəndə olmaq ruhiyyəsini hiss edirsə, bilsin ki, Allah ondan razıdır. Və bu razılığı əldə etmək üçün insan çalışmalı, səy etməlidir.

Allahın razılığı insanın daxilində bəndəliyə doğru bir şövq, meyllənmə yaradar. Təbii ki, bütün bunların hamısı o zaman olur ki, insan qəflətdə olmasın. Əvvəllər insanı qəflət durumuna salan nisbətən daha az amillər, daha az qıcıqlar var idi. Bu gün qəflətə düşmək xeyli rahatlaşıb. İnsan müasir texnoloji imkanlardan düzgün istifadə edə bilməsə, bir də ayılar ki, gününün 24 saatını bütün bunların əsarətində keçirib. Məsələn, insan Allahın razılığını qazanmaq niyyəti ilə qohum-əqrabaya baş çəkməyə gedər, amma əlindən telefonu düşməz. İnsan bir də ayılar ki, qəflətin tam mərkəzindədir.

Allahın razılığını qazanmaq üçün ən zəruri şərtlə Allah razılığının nişanələrini qarşılaşdıranda görürük ki, burada ortaq nöqtə olaraq Allaha itaət çıxır. Aydın olur ki, Allahın razılığını qazanmaq üçün insan ilk növbədə şəri vəzifələrini yerinə yetirməlidir, yəni Allaha itaət etməlidir. Eyni zamanda Allahın insandan razı olmasının nişanəsi də Allaha itaətdir. Vacibatların, şəri vəzifələrin yerinə yetirilməsinin keyfiyyəti də kifayət qədər önəmlidir.

Vacibatların keyfiyyəti insanın durumu üçün çox önəmlidir

Qarşıdan həcc mövsümü gəlir. İslamın ən önəmli məsələlərindən biri də həccdir. Bu, İslamın vacib buyurduğu ayinlərdəndir. Həccin mahiyyəti yalnız Kəbədə bəlli əməlləri edib, sonra qayıtdıqdan sonra onları tərk etmək deyil. Əskinə, həcc - insanın təkamülə çatması üçün nəzərdə tutulmuş bir vacibatdır. Biz bütün vacibatların mahiyyətinə nəzər salsaq, həyatımıza çox böyük təsirləri olar. Əgər onlara nəzər salmasaq, növbətçi, sıradan adi bir məsələyə çevrilər. Həcc, namaz, oruc, bütün digər vacibatlar o cürdür. Əgər biz mahiyyətinə, önəminə, mənasına, bizim üçün nə əhəmiyyət daşımasına nəzər salmasaq, görərik ki, onu tədricən ürəklə, yaşayaraq həyata keçirmirik.

Bizim gündəlik həyata keçirdiyimiz namazlar həcc ilə müqayisə olunur. Dəyərli əxlaq ustadı, böyük ariflərdən olmuş Ayətullah Behcətin (r.ə) namaz xüsusunda incə buyuruşları var. Onlara diqqət edəndə görürük ki, biz hər gün Allahın hüzurunda Allahın Evini ziyarət edə bilərik. Namaz özü mahiyyət etibarilə belə bir yükə, nuraniyyətə malikdir. Ayətullah Behcət (r.ə) buyurur: “Namaz - Kəbə kimidir. O ki, namazın əvvəlində ”təkbir" deyilir və insan namaza daxil olur, bunu deyərkən insan Allahdan başqa hər şeyi geridə qoymaq və İlahi hərəmə, İlahi sərhədlərə daxil olmağı bəyan edir..."

Yəni namaz - Kəbə məqamındadır. Namazın mənziləti bu qədər üstündür. Behcət ağanın (r.ə) buyuruşundan belə başa düşülür ki, namaz - Kəbə evi kimidir və hər kim namaza dayanır, əslində Kəbəyə daxil olur. Namazın vacibi şərtlərindən olan, hətta onun mahiyyətində olan üzü qibləyə dayanmaq məqamı elə buna əsaslanır. İnsan namaza başlayarkən üzünü qibləyə tutmaqla, sanki bilavasitə üzü Kəbəyə dayanmış olur. Namaz buna görə də Kəbənin məqamındadır. Biz namazın əvvəlində “təkbir” deyərək namaza başlamaqla əslində bunu nəzərdə tutmalıyıq ki, Allahdan başqa hər şeyi geridə qoyuruq və İlahi sərhədlərə daxil oluruq. Necə ki, hacılar həclə bağlı əməlləri yerinə yetirirlər, ehramlanırlar və əməllərinə başlayırlar, eləcə də namaz qılan insan namazın əvvəlində “təkbir” - “Allahu əkbər!” - deməklə Allahdan başqa hər şeyi və hər kəsi özündən kənarlaşdırır. O, artıq İlahi hərəmə, İlahi sərhədlərə daxil olmasını bəyan edir.

Rüku və səcdələrin mənziləti

Ayətullah Behcət (r.ə) ardında buyurur: “...Və qiyam - iki dostun söhbəti və ünsiyyətidir. Və rüku - qulun ağası qarşısında əyilməsidir. Və səcdələr - xüzunun, yəni itaətin, torpağa çevrilməyin və Allah müqabilində yox olmağın son dərəcəsidir. O vaxt ki, bəndə namazın sonunda Allahın müqəddəs hüzurundan geri dönür, ilk hədiyyə ki, özü ilə götürür, Onun tərəfindən olan salamdır”. Necə ki, iki dost ünsiyyət saxlayar, iki dost söhbət edər, qiyam vəziyyətində - ayaq üstə üzü qibləyə duran vaxtı - insan Rəbbi ilə bu vəziyyətdə olmalıdır. Rüku - əllər dizə çatıncaya qədər əyilmək - qulun həqiqi Ağası qarşısında əyilməsidir. Biz hər gün, hər namazda rüku edən zaman bəndənin Yaradan qarşısında əyilməsini düşünsək, halımız tamamilə dəyişər. Biz səcdəyə gedən zaman - alnımızı, əllərimizin içini, dizlərimizi, ayaq barmaqlarımızı yerə qoyduğumuz vəziyyətdə anlasaq ki, hansı halı yaşamalıyıq və səcdə nəyi simvolizə edir, həmin namaz bizi Allaha qovuşdurar. Biz səcdə ilə Allaha itaətin ən ali dərəcəsini bəyan edirik. Bir torpaqdan yarandığımızı və bir gün torpağa qarışacağımızı izhar edirik. Eyni zamanda səcdə - Allahın müqabilində yox olmağın göstəricisidir. Biz Allaha aidik, öz-özlüyümüzdə Ona məxsusuq. Əgər insan namazını bu cür anlaya, dərk edə bilsə, həcdə əldə etdiyi ruhiyyəni burada da əldə edər. İnsan diqqətli olsa, həccə gedən zaman bəndəlik etmək üçün tapdığı təmərküzü hər gün qıldığı namazında da tapar.

Behcət ağa (r.ə) bəyan edir ki, insan namazdan ayrılan zaman Allah tərəfindən ona verilən ilk hədiyyə də sonda dediyi salamlardır. Bu salam - Rəbbin bizə hədiyyəsidir ki, bizlər Onun hüzurunda idik, qonağı idik, Onun hüzuruna daxil olmuşduq - qayıdarkən bizi hədiyyə ilə qaytarır.

Namazın əhəmiyyəti bu qədər yuxarıdır. Bütün ibadətlər də bu cürdür. Bizlər vacibatların mahiyyətini, fəlsəfəsini anlasaq, onlara başqa cür yanaşarıq. Bir var ki, insan namazı necə gəldi qılır. Nə “təkbir”inə, nə qiyamına, nə rükusuna, nə səcdəsinə, nə qiraətinə fikir verir. Namazı sadəcə, vacib olduğu üçün tez yerinə yetirir ki, boynundan götürülsün. Özü də tez bir şəkildə namazını qılır ki, “vacib işləri”nin ardınca getsin. Bu, insanın faciəsidir. Hər şey namazın düzəlməsi üçün olmalı olduğu vaxtda, biz namazı tez yerinə yetiririk ki, guya digər yarımçıq qalmış işlərimizin ardınca gedək.

Halbuki, namazımız düzəlməsə, nə dünya işlərimiz düzələcək, nə də axirət işlərimiz. İnsandan ilk soruşulan məsələ namaz olacaq. Namazımız qəbul olunsa, digər əməllərimiz də qəbul olunacaq. Namazımızın keyfiyyəti necədirsə, əməllərin keyfiyyəti də o cürdür.

Namaz - İslamın simasıdır

Həzrət Rəsulallah (s) buyurur: “Hər şeyin siması var. Sizin dininizin siması da namazdır”. Hər məktəbin, hər təlimin, hər düşüncənin bir siması var. Fəsadın öz siması, mənfi yolların öz siması var. Özləri də bunu gizlətmir, açıq şəkildə bəyan edirlər. Təfəkkür tərzinin, məfkurənin də öz siması var. Sağçılığın - öz, solçuluğun - öz, hər bir cərəyanın öz siması var. İslam dininin siması - namazdır. Namazsız İslam yoxdur. Biz əgər İslamın simasını tərənnüm, təqdim etmək istəyiriksə, gərək bu mövzuda keyfiyyətə diqqət edək. Çünki insanlar İslam dini ilə namaz vasitəsilə tanış olarlar.

Həzrət Əmirəlmöminin (ə) buyurur: “Namaz hər bir təqvalı üçün Allaha yaxınlaşmağın vasitəsidir”. Bir insan təqvaya riayət etmirsə, onun üçün namaz bir mahiyyət kəsb etməz, əgər namazını qılsa belə, bunu nəyə görəsə və ya növbətçi xarakterli həyata keçirər. Amma təqvaya riayət edən insan üçün namaz çox mühüm bir vasitədir. Namaz - təqvalı insanın Allaha yaxınlaşması üçün ilk və ən zəruri məsələdir. Namazda Allahla yaxınlıq tapmaq üçün bütün şərt və şəraitlər mövcuddur.

Həzrət Əli (ə) başqa bir yerdə buyurur: “Kim namazı onun həqiqətlərini dərk edərək qılsa, günahları bağışlanar”. Biz yuxarıda namazın mahiyyətində dayanan həqiqətlərə toxunduq. Hə bir namaz qılan insan bu həqiqətləri dərk etməyə, duymağa və namazlarında yaşatmağa çalışmalıdır. Yalnız bu cür namaz insanı günahlardan qoruyar və etdiyi günahların bağışlanmasına səbəb olar. Bu namaz insanın təkamül vasitəsinə çevrilər və onu pisliklərdən uzaqlaşdırar.

Allahım, bizlərə Sənə itaətlə Sənin razılığını əldə etməyi nəsib et!

Allahım, bizlərə hər bir namazımızı, mahiyyətini duyaraq və dərk edərək qılmaq ləyaqətini nəsib et!

Allahım, namazlarımızın günahlarımızın bağışlanmasına səbəb olmasını nəsib et! Amin!


nur-az.com
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031