Namazın əhəmiyyəti və dəyəri
Mьəllif: admin1
Tarix: 22-07-2021, 11:11
Namazın əhəmiyyəti və dəyəri
Övliyaların təbirincə, əgər padşahlar namazda hansı ləzzətin olduğunu bilsəydilər, öz hakimiyyətlərindən əl çəkər, namaza məşğul olardılar.

Namaz böyük əhəmiyyətə malik olduğundan və insanın əbədi səadətində təsirli rol oynadığından şeytan var qüvvəsi ilə çalışır ki, bizi həqiqi namazın feyzindən məhrum etsin. Buna görə də insanların düşüncəsinə daxil olub, onların diqqətini Allahdan yayındırır. Əlbəttə ki, şeytanın kimsənin üzərində hakimiyyəti yoxdur. Qəlbimizdə şeytana yer verən əslində biz özümüzük. Daim ona qoyun açdığımızdan namaz zamanı da bizdən əl götürmür.

İnsanın təkamülü və Allaha yaxınlaşması üçün ən üstün yol namazdır. Allah insana diqqət göstərərək onun təkamülü üçün bu əməli vacib etmişdir. Aydın məsələdir ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur. İstənilən bir şəraitdə beş vaxt namaz qılmaq vacib buyurulmuşdur. Bəzi fəqihlər bildirirlər ki, hətta dənizdə batmaqda olan insan da həmin vəziyyətdəcə diqqətini Allaha yönəldib, üzü qibləyə olmasa da, namazını qılmalıdır. Namaz insanın təkamülündə və səadətində bir bu qədər rol oynadığından Həzrət Peyğəmbər (s) buyurur: "Namaz ən xeyirli işdir..." Şeytan insanla qədim düşmənçiliyi səbəbindən onu dəyərli şeylərdən məhrum etməyə çalışır. Qurani-Kərimdə oxuyuruq: "Şeytan dedi: And olsun izzət və cəlalına, bütün xalqı yolundan azdıracağam." ("Sad", 82.)

Bəzən yetərincə diqqətlə qılınmış iki rəkət müstəhəb namaz insanın günahlarının bağışlanmasına səbəb olur. Çünki Allahın hüzurunu dərk edən insan öz çirkin işlərindən peşiman olmaya bilməz. Bəli, həqiqi namaz halında insan bir daha günaha qayıtmamaq barədə qəti qərara gəlir.

Bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: "Əgər bir şəxsin evinin yanından çay axsa və o şəxs hər gün həmin çayda beş dəfə yuyunsa, bədənində çirk qalarmı? Namaz da həmin çayın suyu kimidir. İnsan namaz qıldığı vaxt bütün günahları bağışlanmış olur." ("Vəsailüş-şiə", c. 3, s. 7.)

Əgər namazın mahiyyətini dərk edib ondan düzgün bəhrələnsək, bütün çirkinliklərdən təmizlənmiş olarıq. Təəssüf ki, namazın qədrini bilmir, ona ciddi yanaşmırıq. Ona görə də qıldığımız namazların heç bir faydası olmur. Demək, ikinci mühüm nöqtə odur ki, namazın əhəmiyyətini və dəyərli təsirlərini anlayaq.

Yalnız namazın həqiqi əhəmiyyətini anladığımız vaxt hiss edərik ki, namazdakı diqqətsizliyimiz səbəbindən nə qədər faydalardan məhrum oluruq. Əgər iki rəkət namaz insanın bütün günahlarının bağışlanmasına səbəb olursa, Allahın qəbul edəcəyi şəkildə yerinə yetirilən ardıcıl ibadətlər insanı çox uca bir məqama, Allahla yaxınlığa çatdırır. Amma ibadətlərdəki diqqətsizlikdən yeganə qazancımız peşimançılıq və təəssüfdür.

İnsan nəinki qiymətli bir cəvahir, hətta kiçik məbləğ pul itirdikdə belə pərişan olur. Bəli itirdiyi qara qəpiyə görə təəssüf edən insan bütün dünya ləzzətlərinin fövqündə dayanan həqiqi namaz feyzini əldən verir, heç narahat da olmur! Ey kaş övliyaların namazdan hansı bəhrələri götürdüyünü biləydik. Övliyaların təbirincə, əgər padşahlar namazda hansı ləzzətin olduğunu bilsəydilər, öz hakimiyyətlərindən əl çəkər, namaza məşğul olardılar. Əlbəttə ki, bu sözləri deyənlər ali mərifət dərəcəsinə çatmış insanlardır.

Gün uzunu ləzzət ardınca qaçırıq. Əslində dünyanın ötəri ləzzətləri min bir zəhmət bahasına əldə olunur. Hansı ki, padşahlar üçün mövcud olan bütün ləzzətlər möminin iki rəkət namazının ləzzəti bərabərində heç bir şeydir. Bununla belə, insanlar maddi ləzzətlər ardınca qaçır və Allahla minacat ləzzəti haqqında düşünmürlər.

Ötən nöqsanları aradan qaldırmaq və namazdan daha yaxşı istifadə etmək üçün rəvayətlərdə və övliyaların kəlamında bəyan olunan bəzi nöqtələrə və göstərişlərə əməl etmək lazımdır. Dünya ləzzətləri ilə müqayisədə heç bir zəhmətsiz başa gələn bu dəyərləri əldən vermək ağılsızlıqdır. Hədis kitablarında nəql olunmuş rəvayətlərin hər biri dünya dolu ləzzətlərdən qat-qat üstündür.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930