Ramazan İmam Səccadın (ə) baxışında
Mьəllif: admin1
Tarix: 14-07-2015, 10:10
Ramazan İmam Səccadın (ə) baxışında

Ayətullah Xameneinin Ramazan ayı çıxışlarından...

Ramazan ayı haqda Səhifeyi-Səccadiyyənin həmin aya aid olan qırx dördüncü duasından bir neçə cümlə seçmişəm. İndi həmin cümlələri sizə tərcümə edəcəyəm. Amma öncə xahiş edirəm mənim əzizlərim, xüsusən də gənclər Səhifeyi-Səccadiyyə ilə ünsiyyət qursunlar. Çünki zahirən duaya aid olan bu kitabda əslində hər şey vardır. İmam Səccad (ə) Səhifeyi-Səccadiyyənin digər duaları kimi bu duada da Allahla danışır və Ondan diləyir, amma danışması sanki məntiqi bir formul, iddia və dəlilin, nəticə və səbəbin ardıcıl düzülüşüdür. Mənim diqqət yetirdiyim qədərincə, Səhifeyi-Səccadiyyənin əksər duaları belədir; hər şey sıra ilə düzülmüşdür. Sanki bir nəfər bir dinləyici önündə oturub məntiqlə danışır. Səhifeyi-Səccadiyyədə mövcud olan aşiqanə nalələr də eynilə belədir.

Burada da elədir. İmam sözügedən duanın əvvəlində deyir: "Allaha şükür olsun ki... bizi şükür edənlərdən etdi". Biz Allahın nemətlərini unutmur və Ona şükür edirik. O, şükrünə çatmaq üçün bizim önümüzdə yollar açmış və bizi bu yollarla getməyə vadar etmişdir.

Ramazan – Allah ayı

Sonra belə deyir: "Allaha şükür olsun ki, Öz ayı olan ramazan ayını bu yollardan biri etmişdir".[52] Allaha şükür olsun ki, bizi Ona, kamilliyə və əzəmət mənbəyinə qarşı ayıqlığa qovuşduran yollardan biri bu ramazan ayıdır. İmam burada "Öz ayı" sözünü işlətmişdir. Allah ayını bu yollardan biri etmişdir. Bu çox mənalıdır. Bəllidir ki, bütün aylar Allah ayı və Allaha məxsusdur. Lakin bütün varlıq aləminin sahibi onun bir hissəsini ayırıb Özünə aid etdikdə, bu hissəyə xüsusi əhəmiyyət göstərdiyi bəlli olur. Bu hissələrdən biri bu Allah ayıdır. Ramazan ayının fəziləti üçün bu nisbətin özü yetər. "Ramazan ayı – oruc ayı, İslam ayıdır".[53] Bu ayın orucu mənəvi paklıq üçün çox təsirli vasitələrdən biridir. Çünki onda aclıq, nəfslə və istəklərlə mübarizə var.

Ramazan – İslam ayı

İslam ayı – Allah qarşısında təslimçilik ayı deməkdir. Gənc bir insan oruc tutanda acır, susayır, bütün instinktləri onu bir istəyə sarı çağırır, o isə bütün bunların qarşısında dayanır. Nə üçün? Allahın əmrini yerinə yetirməkdən ötrü. Bu, Allah qarşısında təslimçilikdir. Bir müsəlman ilin digər günlərində heç vaxt adi formada Allah qarşısında bu qədər təslimçilik göstərmir. Deməli, İslam ayı təslimçilik ayı deməkdir.

Ramazan – paklayan ay

İmam duanın davamında buyurur: "(Ramazan ayı) paklayan aydır". Bu ayda bizim ruhumuzu paklayan amillər mövcuddur. O amillər hansılardır? Biri orucdur, biri Quran oxumaqdır, biri dua və yalvarışdır. Bütün bu dualar Allah-Taalanın Özünün bu biraylıq ziyafətində xalq üçün açdığı ilahi süfrələrin pak və gözəl nemətləridir. İmamın sözünün məzmunu budur ki, Allah bu ziyafətdə sizə oruc təklif edir.

Oruc Allahın bir süfrəsidir. Quran da bu böyük ziyafətdə süfrələrdən daha birisi sayılır. Bu süfrələrdən bacardıqca istifadə edin. O zaman mənəvi təməlləriniz güclənəcək, kamilliyə və yüksəlişə doğru hərəkətin ağır yüklərini daha asanlıqla çəkməyi bacaracaqsınız. O zaman xoşbəxtlik sizə daha yaxın olacaq.

Ramazan – saflaşma ayı

Sonra buyurur: "(Ramazan ayı) saflaşma ayıdır". Məqsəd budur ki, bu ayda saflaşıb xalis olaq.

Mənim əzizlərim! Sizin vücudunuzda qiymətli qızıl vardır. Ancaq təəssüf ki, bu qızıl çox zaman torpaqla, mislə, ucuz metallarla qarışır. Sizin daxilinizdə ot-ələf basmış bir xəzinə vardır. Allahın peyğəmbərlərinin bütün zəhməti mənim və sizin həmin qızılı – qiymətli elementi saflaşdırmamız üçün idi. Dünyanın imtahan və çətinlikləri bundan ötrüdür. Allah-Taalanın bəzi şəxslərə təyin etdiyi ağır vəzifələr bundan ötrüdür. Allah yolunda cihad bundan ötrüdür. Allah üçün bu qədər dəyərli olan şəhidin bütün dəyəri ondan ötrüdür ki, böyük fədakarlıq göstərib canını qurban verməklə özünü saflaşdıra bilmişdir; saflaşdırılmış xalis qızıl kimi.

Bu ay saflaşma ayıdır. Əgər diqqətlə baxsaq, görərik ki, bu ayda saflaşmaq digər üsullarla saflaşmaqdan asandır. Biz oruc tutmaqla və nəfsimizlə mübarizə aparmaqla özümüzü saflaşdıra bilərik. Mövcud sapqınlıqların əksəri ya etdiyimiz günahlara, ya da daxilimizdə olan pis xislətlərə görədir: "Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti sonra lap pis oldu!"[54] Günahın sonu sapqınlıqdır; insanın qəlbində tövbə işığı yandıqda isə heç. Bizə həmişə demişlər ki, bir günah edən kimi onun ardınca tez tövbə edin, günahı təkrarladığınıza görə peşman olun və bir də günah etməməyə qərar verin. Bu ondan ötrüdür ki, günah bataqlığında qərq olmaq təhlükəli işdir və bəzən insan elə bir həddə çatır ki, daha geriyə yol qalmır.

Biri sapqınlığa bais olan günah, biri də xoşagəlməz xarakterlərdir. Çirkin xislətlər insanı günahlardan daha çox sapqınlığa çəkir. Əgər biz hər bir işdə, sözdə və düşüncədə xudpərəst və eqoist olsaq, bir-birimizi pisləsək, "yalnız mən düzgün düşünür və düzgün edirəm" – deyə heç bir məsləhətə, dəlilə və məntiqə fikir verməsək, heç bir haqq sözü dinləməsək, vücudumuzda paxıllıq kök salsa, bu səbəbdən gözəli çirkin görsək, parlaq həqiqəti təsdiqləməkdən boyun qaçırsaq, şan-şöhrət, vəzifə və var-dövlət sevgisi haqqı qəbul etməmizə mane olsa, onda təhlükəli və azdırıcı xislətlərə düçar olmuş sayılacağıq.

Doğru yoldan uzaqlaşdığını gördüyünüz adamların əksəri bu vasitələrlə yoldan çıxıblar; çünki hər kəs pak fitrətlə doğulur.[55] Bütün ruhlarda paklıq və hamının haqqı görən vicdanı olur, amma bu işıqlı və parlaq bulağı nəfslə, bəzisi irsi olan, bəzisi isə sonradan qazanılan pis xislətlərlə bulaşdırırlar.


nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930