Ayətullah Xameneinin tövsiyə etdiyi dua
Mьəllif: admin1
Tarix: 1-06-2015, 10:31
Ayətullah Xameneinin tövsiyə etdiyi dua
Cənab Rəhbər Ayətullah Xameneinin xalqa, xüsusi ilə gənclərə əxlaqi tövsiyələrindən biri "Səhifeyi-Səccadiyyə" kitabı, bu kitabdakı dualarla ünsiyyətdir. Bir neçə il öncə Cənab Rəhbər səfirlər və İran diplomatik korpusu ilə görüş zamanı Səhifeyi-Səccadiyyənin beşinci duasına işarə ilə buyurdu: "Mən sizə tövsiyə edirəm ki, Səhifeyi-Səccadiyyə ilə ünsiyyətiniz olsun. Səhifeyi-Səccadiyyənin beşinci duasını təkrar-təkrar oxuyun. Bu dua bizim ehtiyacımızdır. Bəli, Səhifeyi-Səccadiyyədəki bütün dualara ehtiyacımız var. Dualar ölümü bizə xatırladır, ölümü xatırlayan insan büdrəmələrdən çəkinir. Duada Allahın əzəməti, ilahi nizam, peyğəmbərlər, imamlar, ilahi mələklər yada salınır, bütün bunlar bizim qəlbimizi qüvvətləndirir. İstənilən bir meydanda istehkam, daxili istehkam bizim üçün təyinedicidir. İstər fərd, istər cəmiyyətin daxili quruluşu, düşüncə və mənəviyyatı möhkəm olarsa onun üçün təhlükə yoxdur." Səhifeyi-Səccadiyyənin xüsusiyyətləri, eləcə də beşinci dua barədə Quran və Hədis Universitetinin elmi şurasının üzvü höccətülislam Əhməd Qulaməli ilə söhbətləşirik.

Sual: Cənab Rəhbərin söhbətində Səhifeyi-Səccadiyyə ilə bağlı deyilən sözləri araşdırdıqda görürük ki, diqqət yetiriləsi mövzudur. Cənab Rəhbər dəfələrlə müxtəlif yerlərdə Səhifeyi-Səccadiyyənin oxunulmasını tövsiyə edib. Tapşırıb ki, bu kitabla ünsiyyətdə olmaq lazımdır. Cənab Rəhbərin bu tövsiyələrini nə ilə əlaqələndirirsiniz?

Cavab: O mövzuda müxtəlif nöqtələri yada salmaq olar. Əvvəla, bizim dualarımızda saxtalıq nəzərə çarpmır. Olsun ki, müəyyən hadisələr həyatda baş verməyib. Amma belə hadisələrin sayı azdır. Mən hədisləri nəzərdə tutdum. Amma bu dualarda imamla bağlı bir hadisə nəql olunursa bu hadisəni uydurmağa heç bir zərurət yoxdur. İmamın adından dua uydurmaq üçün stimul çox zəifdir. O zaman imamın adından bir söz uydururlar ki, ondan hədis kimi faydalansınlar. Duaya münasibətdə bu hal müşahidə olunmur. İkinci nöqtə budur ki, Səhifeyi-Səccadiyyə sırf dua kitabı deyil. Səhifeyi-Səccadiyyədə yer almış müxtəlif mövzulardan aydın olur ki, bu kitabda etiqad, rəftar, iqtisadi siyasət, hərb, müdiriyyət, mədəniyyətlə bağlı nöqtələr şərh edilib. Mərhum Müzəffər Səhifeyi-Səccadiyyə haqqında yazdığı kitabda bu məsələyə toxunur.
Səhifeyi-Səccadiyyə müxtəlif dillərə tərcümə olunub. Ərəb dilini bilən ingilis, fransız, alman alimləri Səhifeyi-Səccadiyyəni əlinə alanda ondan ayrıla bilməyib. Amerikada yaşayan Britaniya əsilli Vilyam Çitiq elə alimlərdəndir. Onun Səhifeyi-Səccadiyyə haqqında dəyərli sözləri var. Eləcə də almaniyalı xanım Anne Mari Şimel Səhifeyi-Səccadiyyəyə bağlı alimlərdəndir.
Növbəti nöqtə budur ki, Səhifeyi-Səccadiyyənin mövzularının genişliyi fərqlidir. Şəhid Sədrin maraqlı bir sözü var. O buyurur ki, Səhifeyi-Səccadiyyə müxtəlif zamanlar, məkanlar və şəraitlər üçün strategiya ortaya qoyur. Ərəfatda ərəfə günü, cümə günü, ayın göründüyü gün, insanın pərişan olduğu hal, xəstəlik zamanı, müxtəlif hallar və zamanlar barədə kitabda göstərişlər və dualar var. Bütün bunlar Səhifeyi-Səccadiyyənin əhəmiyyətini göstərir.
Maraqlı nöqtələrdən biri budur ki, Səhifeyi-Səccadiyyə nəşr olunduğu zamandan alimlərin diqqət mərkəzində olub. Məsələn, Şəhidi-Əvvəl və Şəhidi-Sani, o cümlədən mərhum Məclisi Səhifeyi-Səccadiyyəyə yüksək dəyər verib. Şəhidi-Əvvəl, Şeyx Bəhainin atası, Şeyx Bəhai özü, mərhum Məclisinin atası kimi böyük şəxsiyyətlər nadir kitabların üzünü köçürüb. 10-a yaxın belə məşhur alim Səhifeyi-Səccadiyyəni öz xətti ilə yazıb.
Səhifeyi-Səccadiyyənin dəyərini göstərən başqa bir nöqtə onun müxtəlif dillərə tərcümə olunmasıdır. Səhifeyi-Səccadiyyəyə bağlı xarici alimlər onun haqqında dəyərli fikirlər söyləyib, onun xarici dillərə çevirlməsi istiqamətində fəaliyyət göstəriblər. Bir çox xarici alimlər Səhifeyi-Səccadiyyəni əlinə alanda bu kitabdan ayrıla bilməyib. Hətta bizim fərqli düşünən ziyalı alimlərimizin böyük bir hissəsi Səhifeyi-Səccadiyyəyə çox bağlı olub. Doktor Şəriəti kimi bir şəxsiyyət "Niyayeş" kitabının sonunda "Pərəstiş edən ən gözəl ruh İmam Səccad (ə)" fəslində Səhifeyi-Səccadiyyə haqqında dəyərli fikirlər bildirir. Səbəb nədir? Doktor Şəriəti yazır ki, Aleksis Karlın "Niyayeş" kitabını tərcümə edəndə belə bir qənaətə gəldim ki, bizim dualarımızda da belə məzmun var. Səhifeyi-Səccadiyyəni araşdırdım. Şahid oldum ki, Aleksis Karlın kitabında olmayan eşq, mübarizə kimi ünsürlər Səhifeyi-Səccadiyyədə yer alıb. Doktor Şəriəti birinci duanı gözəl şəkildə şərh edir. "Pərəstiş edən ən gözəl ruh" fəsli oxumalıdır.
Həyatda şahid olduğum səhnələr dediyim sözlər üçün əsas ola bilər. Səhifeyi-Səccadiyyəni özümlə ümrə həccinə apardığım zaman bu kitabı oxuyanda yanımda əyləşmiş misirli və başqa ölkədən olan ərəblər Səhifeyi-Səccadiyyənin sözlərindən təsirlənirdilər. Çox olub ki, bu kitabı onlara hədiyyə etmişik. Səhifeyi-Səccadiyyə o kitablardandır ki, onun təqdimatı insanları cəzb edir.

Sual: Ötən il nimeyi-şəban münasibətililə, eləcə də "İmam Mehdi (əc) ensiklopediyasının" təqdimatından dolayı Tehranda Cənab Rəhbərin görüşünə getdik. Cənab Rəhbər Darul-hədis kitabları sərgisini ziyarət etdiyi zaman universitetin köşkünə çatanda Nəhcül-bəlağə ilə bağlı elmi işləri gördü. Sual verdi ki, nə üçün Səhifeyi-Səccadiyyə mövzusunda elmi işlər yoxdur? Cənab Rəhbər bu kitab üzərində işləməyi tövsiyə etdi.

Cavab: Səhifeyi-Səccadiyyənin əhəmiyyətini başa düşmək üçün bu kitabı oxumaq lazımdır. Əgər siz

Səhifeyi-Səccadiyyə ilə ünsiyyət yaratsanız ondan ayrıla bilməyəcəksiniz. Buna görə Cənab Rəhbər Səhifeyi-Səccadiyyə ilə bağlı tövsiyələr verir.

Sual: Cənab Rəhbərin maraqlı tövsiyələrindən biri budur ki, o bir neçə dəfə gənclərə bu kitabı oxumağı tövsiyə edib. Bu kitabda gənclər üçün maraqlı olan nədir?

Cavab: Kitabın gənclərə tövsiyə olunmasının bir neçə səbəbi var. Əvvəla, gənclərin zehni daha alıcıdır. İkincisi, gənclər bu kitabda gözəl istinadlar tapa bilərlər. Dəlil axtaran insanlar üçün Səhifeyi-Səccadiyyədə gözəl dəlillər var. Digər tərəfdən, bu kitabın bəyan tərzi sərt deyil. Kitab çox aram, qəlbə yatan bir tərzdə danışır. Bu kitabı oxuyan ondan təsirlənir.

Sual: Bir neçə il öncə Cənab Rəhbər səfirlər və diplomatik korpusla görüşdə Səhifeyi-Səccadiyyənin beşinci duasını oxumaqlarını tövsiyə etdi. Bu duanın hansı imtiyazları var.

Cavab: Bu olduqca gözəl bir duadır. Onda bir neçə zəruri nöqtə var. Nöqtələrdən biri budur ki, dua həm insanın özü üçündür, həm də imamın vilayətini qəbul edənlər, imama bağlı olanlar üçün. İmam Səccad (ə) aşiqləri üçün bu dua misilsizdir. Kimin qəlbində İmam Hüseyn (ə), Həzrət Əbülfəzl eşqi varsa bu aşiqanə duadan faydalana bilər.
Duanın digər gözəl xüsusiyyəti insanı Kərbəlaya çəkib aparmasıdır. Dua oxunan zaman onu oxuyan İmam Huseynin (ə) məqsədləri ilə tanış olur. O deyir ki, Pərvərdigara, Seyyidüş-Şühədanın özü üçün istədiklərini mən də istəyirəm. Görün insanın himməti necə yüksəlir, insan hansı məqama qalxır. İmam deyir ki, bütün bunları həm özüm üçün, həm aşiqlərim üçün, mənim vilayətimi qəbul edənlər üçün istəyirəm. Cənab Rəhbər duanın daxili istehkam təsirinə işarə edib. Bəli, beşinci duanın lətif nöqtələrindən biri budur. Müasir dövrdə yaşayan insanlar bu duanı oxuduqları zaman özlərini İmam Səccadla (ə) eyni istəklərdə görürlər. Bu adi deyil. İmam deyir ki, mən özüm üçün istədiyimi, bir-bir sizin üçün də istəyirəm. Bu bir dərsdir. Dua insanı elə tərbiyə edir ki, o razıdır hər şeyi qurban versin, amma istəkləri imamın istəyi ilə eyni olsun. Bəli, İmam Səccad (ə) öz dualarına bizi belə şərik edir.
Belə bir sual yaranır ki, insanların dünya həyatındakı nigarançılıq və iztirablarının səbəbi nədir? Düşünürəm ki, bir qrup nigarançılıqlarımızın səbəbi dövrün çətinlikləri qarşısında zəifliyimizdir. Ailə-övladı necə tərbiyə edim? Ailə ilə necə ünsiyyət qurum? İqtisadi çətinliklər də fikirimizi yayındırıb. Maddi çətinliklər, gündəlik həyatla bağlı problemlər nigarançılıqlarımızı gücləndirir. İnsan adətən onun yaxşılığı dəyərləndirilmədikdə, dostlar ona biganəlik göstərdikdə üzülür. Bu da bir nigarançılıqdır. Bir nigarançılığımız da düşmənlərin fitnəkarlıq və hiylələridir. Biz istəsək də, istəməsək də ABŞ, sionist rejim, hətta Ərəbistan və onun kimi ölkələr bizə düşmən münasibətdədir. Səhifeyi-Səccadiyyənin beşinci duası bütün bu problemlərdən insanı keçirir.
Şəhid Sədrin buyurduğu kimi, bu kitab üçün zaman, məkan, şərait məhdudiyyəti yoxdur. O həm ərəfə günü, həm insan pərişan olan şərait üçün yol göstərir. Bu kitabda bütün hallar üçün dua var. Kitabın belə əhatəli olması, duaların belə əhatəli olması onun əhəmiyyətini artırır.
İmam Səccad (ə) qarşıya çıxacaq hər bir problem üçün çıxış yolu göstərib. Bu çıxış yolları nədən ibarətdir? Birinci çıxış yolu Nəhcül-bəlağənin 193-cü xütbəsində qeyd olunmuş mövzudur. Həmin xütbədə Əmirəlmöminin (ə) təqva əhlini vəsf edir. Təqva əhlinin nəzərində dünya kiçikdir. Onlar behişti, onun nemətlərini görmüş kimidirlər. İmam Səccad (ə) həmin formulu bu duada işə salır. Mömin üçün yaradılmış gözəlliklərindən danışır, digər tərəfdən Allahın sifətlərini yada salır. O hər bir sifətin adını çəkdikcə insanda paklanma gedir. Sanki qabdakı çirkli su dənizə axıdılır. İmam Səccad (ə) duada bizi bu mərhələlərdən keçirir. Bizi Allahın əzəmətinə qərq etməklə paklayır.
Duanın əvvəlində görürük ki, İmam Səccad (ə) bizi Allahın sifətləri ilə tanış etməyə cəhd göstərir. Ya mən la tənqəzi əcaibu əzəmətih, səlli əla Muhəmmədin və alihi, vəhcubna ənil-ilhadi fi əzəmətik... Çox lətifdir! Ey əsrarəngizlikləri sona çatmayan, Məhəmməd və ali-Məhəmmədə salam göndər, bizi Sənin əzəmətinin dərkində yanlışlıqlardan qoru... Bəli, olduqca lətifdir! Mən Allahın əzəmətini dağlarda, dənizlərdə müşahidə edirəm. Bu əzəmətin sonu yoxdur. İmam deyir: Vəhcubna ənil-ilhadi fi əzəmətik... İlhad dedikdə ağıldan kənarlaşma halı nəzərdə tutulur. Deyilir ki, əgər mən Sənin haqqında yanlış düşüncədən uzaq olmaq istəyirəmsə daim Sənin əzəmətini gözüm qarşısında saxlamalıyam. Bəli, Allahın əzəməti zehnində yaşayan insan büdrəmələrdən qurtulur. O behişti görür və bu böyük lütfdür. Maraqlı cümlələrdən biri budur ki, ilk addımda insan sanki bir ziddiyyət müşahidə edir. Ya mən tənqətiu dunə ruyətihil-əbsar... Şübhəsiz ki, biz günəşə baxa bilmərik. Bəs necə olsun? Həzrət buyurur ki, gözlər Səni görə bilmir, Özünü mənə yaxınlaşdır. Cənab Rəhbərin diqqət mərkəzinə gətirdiyi daxili istehkam bundan ibarətdir ki, siz əvvəl günəşə baxa bilməsəniz də, günəş kimi istilik verəcək bir həddə çata bilərsiniz.

Sual: Bu daxili istehkamın ictimai yönü də varmı?

Cavab: İnsan cəmiyyət arasında olduğu halda heç kimin var-dövlətinə göz dikməməsi mümkündür. İnsan bu hala gələndə, hamıya bağışlamaq hissi ona hakim olanda qorxu və vahimə ondan uzaqlaşır. Bu halla bağlı İmam Xomeynini misal çəkə bilərik. İmamın belə bir cümləsi var ki, Amerika heç bir qələt edə bilməz. Mən General Hayzerin xatirələrində oxumuşam ki, Karterin əlində bir kağız vardı, həmin kağızda yazılmışdı ki, Amerika heç bir qələt edə bilməz. Karterin əli əsirdi. Əynindəki libasların dəyəri olmayan pir bir insan Çəməranda evdə oturub bir söz deyirdi Amerikada dövlət başçısının əli əsirdi! Çünki imam dünyanın Allahın məhzəri olduğunu dərk etmişdi. Özünü Allahın qüdrət və mərhəmətinə tapşırmışdı. Bu səbəbdən də heç bir dünya gücü onu qorxutmurdu. Səddam meydan sulayanda İmam sakitcə deyirdi ki, bir dəli daş atdı, getdi. Livan Hizbullahı da belədir. Hətta əməliyyatda sayları çox az olanda da Allahın sonsuz qüdrətinə bağlandıqlarından zərrəcə qorxu hiss etmirlər./Vilayet.nur-az.com/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930