Şeyx Ənsariyə qənaət dərsi vermiş alim
Mьəllif: admin1
Tarix: 13-04-2015, 17:43

 

İsraf dinimizin ən çox bəyənmədiyi əxlaqi xüsusiyyətlərdən və sosial bəlalardan biridir. Quran dəfələrlə insanları həddi aşmamağa və israf etməməyə çağırır, "Allah israfçıları sevməz” buyurur.
İQNA: Müqəddəslərimiz israfın həm mənəvi, həm də maddi ziyanlarını dönə-dönə vurğulamış, hətta bir çox sosial bəlalara səbəb ola biləcəyini söyləmişlər. Həqiqətən, bu gün cəmiyyətlərdə kasıblıq, səfillik hallarının artmasına, xeyir-bərəkətin ortadan qalxmasına israfın da təsir etdiyini görürük.

Hər bir sahədə - yalnız savab əməldən savayı – israf mümkündür. Yeməkdən tutmuş alış-verişə, danışmaqdan tutmuş dəstəmazda işlədilən suyun miqdarına kimi israf təhlükəsi mövcuddur. İsrafın ən ağır və qəbahətli növü isə dini vergilərin xərclənməsində israfa yol verməkdir. Təəssüf ki, bəzən İslam dünyasında bu hallarla da rastaşırıq. Bəzən xüms və zəkat, sədəqə və ianə kimi ödənişlər lazımi ünvanlarına çatdırılmır, bəzən isə bu ödənişlərdən istifadə edənlər bunun məsuliyyətini dərk etmədən israfa yol verirlər. Şəriətimiz bu kimi halların da qarşısını almaq üçün tədbirlər görmüşdür. Hətta xümsün hökmlərində bildirilir ki, fəqir şəxsə bir illik ehtiyacından artıq zəkat vermək məsləhət deyil.

İslamın böyük şəxsiyyətləri həm öz qazandıqları nemətlərə, həm də onlara təqdim edilən dini ödənişlərə məsuliyyətlə yanaşmış, hər cür israfdan uzaq olmağa çalışmışlar. Buna misal olaraq, maraqlı bir hadisəni diqqətinizə təqdim edirik.

XIX əsrin ən böyük müctəhidlərindən sayılan Fazil Ərdəkani Kərbəla hovzəsinin başçısı idi. Hətta bəzi müasirləri onu Şeyx Ənsaridən və Mirzayi-Şirazidən daha elmli sayırdılar.

Deyirlər ki, bir gün Kərbəla şəhərində bir dəfn mərasimində Fazil Ərdəkani ilə Şeyx Mürtəza Ənsari görüşürlər. Dəfn mərasimi yubandığı üçün ayaq üstə durmaqdan yorulan insanlar harda yer tapdılarsa, oturub dinclərini alırlar. Adamların bir qismi səkinin kənarında əyləşir. Şeyx Ənsari də dincəlmək üçün səki üzərində oturur. Bu zaman fikir verib görür ki, Fazil Ərdəkani səki üzərində əyləşməyib, narahat olsa da, çöməlib oturub. Ənsari ona təklif edir ki, səkidə əyləşsin, amma Fazil Ərdəkani imtina edir. Şeyx Ənsarinin marağı daha da artır və mütləq bunun səbəbini öyrənmək qərarına gəlir. İsrarla Fazil Ərdəkanidən xahiş edir ki, səki üzərində niyə oturmadığını ona desin.

Fazil Ərdəkani cavab verir: "Əynimdəki əbanı xümsdən payıma düşən pulla almışam. (O zamanlar dini mədrəsələr bir qayda olaraq, xümsün yarısı olan "imam malı” hesabına fəaliyyət göstərirdi. Tələbələrin təqaüdü, müəllimlərin maaşı, mədrəsələrin daxili xərcləri İmam malından verilirdi). Səki üzərində oturanda əbanın parçası tez kirlənir, sonra onu yumağa məcbur oluram. Parça çox yuyulduqca köhnəlib süzülür. Əba sıradan çıxsa, əvəzinə təzəsini almalı olacağam. Amma bu pul İmam malıdır. Ona görə İmam malına ehtiyatla yanaşıram ki, əynimdəki əba tez sıradan çıxmasın”.

Fazil Ərdəkaninin bu sözləri Şeyx Ənsarini öz təsiri altına alır. O da səkinin üzərindən qalxıb çöməlmiş halda oturur. Deyirlər ki, bu hadisədən sonra heç kim Şeyx Ənsarini səki üzərində oturmuş halda görmür.
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930