Əbədi dünyada hörmətli olmağın şərtləri nədir?
Mьəllif: Admin
Tarix: 10-05-2021, 10:52
Əbədi dünyada hörmətli olmağın şərtləri nədir?
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayının sonuncu həftəsini yaşamaqdayıq. Artıq Əhya gecələrini geridə qoymuşuq. Allah Təala bizləri bu ayda, bu gecələrdə bağışlanmışlardan qərar versin!

Qayıtmağı bacarmaq

Rəbbimiz Qurani-Kərimdə “Təhrim” surəsinin səkkizinci ayəsində bütün iman daşıyıcılarına müraciət edir: “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin.

Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə (Allaha) iman gətirənləri xar etməz. Onların nuru (dirilmək məkanı olan) qəbirdən (haqq-hesab mərkəzinə qədər) önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: “Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!””.

Bizim ən mühüm işlərimizdən biri – xalis tövbədir. Ayədə görürük ki, Rəbbimiz möminlərə, iman əhlinə birbaşa müraciət edir. Bir tərəfdən Rəbbimiz bizə müraciət edib, mübarək İlahi ziyafətə dəvət edib. Bir tərəfdən də bizlərə müraciət edərək, xalis tövbə etməyə dəvət edir.

İnsan anlayan zaman ki, səhv, xəta edib, günah edib – içdən peşman olmalıdır. Həmin yanlışı, büdrəmə və xətanı tərk etməlidir. Əgər düz yoldan çıxıb haşiyəyə keçmişiksə, düz yola qayıtmalıyıq.

Tövbə – yəni peşman olmaq, yenidən Allaha qayıtmaq, Allaha dönməkdir. Oruclunun ən mühüm mövzusu – həmin mənəviyyat yolu ilə getməkdir. Oradan çıxanda isə mühüm olanı – qayıtmağı bacarmaqdır. Anlamaq lazımdır ki, günah, xəta, yanlış etmişik – dərhal da öz yolumuza qayıtmalıyıq.

Qəflətdən ayılmaq da elə budur. Çünki, qəflət vaxtı adamın başı qarışanda bir də xəbər tutar ki, yoldan çıxıb, hətta əksinə gedir. Tövbə budur ki, insan qəflətdən oyansın, xəta etdiyini anlasın. Biz hətta bu Ramazan ayının içərisində nə çox büdrədik, xəta etdik, yanlışlara yol verdik. Amma ümidlə Rəbbimizin qapısına gəlmişik.

Günahın canı – tövbə, tövbənin canı – ümiddir

Allah Təala “Zumər” surəsinin 58-ci ayəsində bəndələrə müraciət edərək buyurur: “De: “Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””.

Uca Allah buyurur ki, ey mömin, büdrəmisən, yanlış etmisən, xəta etmisən, səhv etmisənsə də – məyus olma. Çünki, Allah Təala davamlı olaraq bütün günahların hamısını bağışlayır.

Allah Təala bağışlayan, tövbələri qəbul edən və mərhəmətli Rəbbdir. Yetər ki, bizlər qapını döyək, xətalarımızı etiraf edək. Ay Onun ayı, ziyafət Onun ziyafəti, gecələr Onun gecələri, dəvət də Onun dəvətidir. Günahın canı – tövbə, tövbənin canı – ümiddir. Bu, günahın dərmanı olmalıdır.

Çox önəmli nöqtələrdən biri də budur ki, Allah Təala necə bu dünyada Həzrət Peyğəmbər (s) və möminləri əziz edir, dəyər verir – bu cür də Qiyamətdə Həzrət Peyğəmbərlə (s) olan həqiqi iman əhli izzətli olacaq. Allah Təala onları Qiyamət günü utandırmaz.

“Münafiqun” surəsinin 8-ci ayəsində Rəbbimiz digərlərinin xüsusiyyətlərini saya-saya möminlərə çatır və buyurur: “Onlar deyirlər: «Əgər (bu döyüş səfərindən) Mədinəyə qayıtsaq, mütləq ən əzizlər ən zəlil olanları (münafiqlər dəstəsi Peyğəmbəri və yoldaşlarını) oradan çıxaracaqdır»; halbuki, izzət və qüdrət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur və lakin münafiqlər (bunu) bilmirlər”.

Göründüyü kimi, Allah möminləri əziz və izzətli qərar verib. Öncəki ayədə də buyurulduğu kimi, Allah necə ki, bu dünyada möminləri əziz edib, o cür də Qiyamət günü utandırmaz, izzətli edər.

Qiyamətdə bu izzət necə təzahür tapır? Möminlər ki, qəbirdən qalxarlar – onların nurları qarşılarından və sağ tərəflərindən işıq salar. O möminlər ki, bu dünyada Peyğəmbərlə (s) olublar, onlar qəbirdən Qiyamət günü qalxıb sorğu-sual mərkəzinə gedəndə, onların nuru qarşılarından və sağdan başdan-başa işıq saçar.

Bu dünyada izzətli olarlar, Qiyamət günü də izzətli olarlar. Üstəlik, Allah Təala o qədər onlara dəyər verər ki, dua etmək tutumları, təfəkkürləri, şüurları, qabiliyyət və mərifətləri o səhnədə də olar. Allah Təaladan istəyərlər ki, Onun əta etdiyi nuru onlar üçün tamamlasın və onların günahlarını bağışlasın.

Həzrət Peyğəmbərlə (s) olan möminlərin iki xüsusiyyəti

Amma kimlər bu cür izzətə malikdirlər? Zahirdə kəlmeyi-şəhadət deyildi, iman gətirmək bəyan edildi – bununla iş bitirmi? O kəslər ki, bu dünyada Həzrət Peyğəmbərlə (s) və onun pak Əhli-Beyti (ə) ilədirlər və onların haqq olan naiblərinin, Allah dostlarının yolunu gedirlər, onlarla birlikdə olarlar, yəni vilayət ipindən möhkəm yapışarlar – onlara aiddir.

Necə ki, Rəbbimiz “Tövbə” surəsinin 88-ci ayəsində buyurur: “Lakin Allahın Peyğəmbəri və onunla birgə iman gətirənlər malları və canları ilə cihad etdilər. Onlardır (iki aləmin) yaxşılıqların(ın) sahibləri və onlardır nicat tapanlar!”.

Bu cür şəxslər ki, Peyğəmbərlə (s), onun pak Əhli-Beyti (ə) ilə, Allah dostları ilə birlikdədir, Allahın rənginə boyanıblar, tövhidpərəst olublar, qəlblərindən bütün qeyri-İlahi mövzuları çıxardıblar, bütləri kənara qoyublar – bunun bərəkətinə Uca Allah da onları utandırmaz, onları həm bu dünyada həm də axirətdə izzətli edər.

O möminlər ki, bu müraciətin ünvanıdırlar – onların digər bir nurani xüsusiyyəti də var. Onlar kafirlərə, Allah düşmənlərinə qarşı sərt, möhkəm, prinsipial, öz aralarında isə mehribandırlar. Dinimizin təməlində Allah dostları ilə dost, Allah düşmənləri ilə düşmən olmaq var. Bu, inancımızın fundamental mövzusudur.

Bu gün ümmətin yaşadığı çətinliklərin başında gələn səbəblərdən biri də budur ki, bu formulanın tam əksi olub. Müsəlmanlar, möminlər, iman əhli günümüzdə bir-birlərinə mərhəmətli, mehriban olsaydılar, toplumlarda nə boyda bərəkət əmələ gələrdi. Yeni qurulan İslam sivilizasiyasında hər kəsin üzərinə düşən əsas vəzifə budur ki, bir-biriləri ilə mərhəmətli, mehriban davransınlar. Amma günümüzdə təəssüflər olsun ki, çox vaxt bunun əksini görürük...

Ramazan ayının son cümə günü həm də “Beynəlxalq Qüds Günü” olduğundan, bunları deməkdə xüsusi fayda var. Bu gün Qüdsdə namaz qılanların başına oyunlar gətirilir, Qəzza yenə sionist rejim tərəfindən bombalanır.

Əgər dünyada yaşayan müsəlmanlar, müsəlman ölkələri bir-birləri ilə mehriban və düşmənlə isə sərt olsaydılar – o cinayətlər edilə bilməzdi. Əgər bu cür olsaydı, illərlə Qarabağımız işğalda qala bilməzdi.

Bu gün Yəmən günümüzdə ən ağrılı vəziyyəti yaşayır. Əgər müsəlmanlar qarşılıqlı mərhəmətli olsaydılar, bu cinayətlərin şahidi olmazdıq...

Bəli, Peyğəmbərimizin (s) yanında olan müsəlmanların iki mühüm xüsusiyyəti var. Biri budur ki, onlar canları, malları ilə Allah yolunda can qoyarlar, öz abırlarından xərcləyərlər.

Biri də budur ki, öz aralarında mehriban, düşmənə qarşı isə prinsipial və sərt olarlar. O möminlər ki, həyat və davranışlarında buna əməl edirlər – Allah onları müjdələyir. Allah onları mükafatlandırar, utandırmaz, qəbirdən qalxanda qarşılarında və sağlarında nur olar, üstəlik Allahdan Qiyamətdə də bağışlanma istəyə bilərlər.

Uca Allah bizim də hallarımıza bu durumu şamil etsin!

Allahım, bizləri Əhli-Beytin (ə) yolunda sabitqədəm olanlardan qərar ver! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930