Ümidlərin dirçəlməsi fürsəti
Mьəllif: admin1
Tarix: 27-01-2023, 22:20
Ümidlərin dirçəlməsi fürsəti
Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Rəcəb ayını yaşamaqdayıq. Allah Təala bizlərə yenidən böyük bir neməti – mənəvi Üçaylıq nemətini əta edib. Allahdan istəyimiz budur ki, bizlərə bu neməti dərk edib, həqiqi şükrünü yerinə yetirməyi nəsib etsin!

Allah bizə özümüzdən muğayat olmağı tapşırır

Allah Təala Qurani-Kərimin “Maidə” surəsinin 105-ci ayəsində bütün iman əhlinə, hər bir müsəlmana müraciət edir: “Ey iman gətirənlər, özünüzü gözləyin!

Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir”.

Bizim ən böyük problemimiz, bəzən hətta faciəmiz odur ki, biz özümüzə sahib çıxmırıq, diqqət etmirik, özümüzə lazımi qədər önəm verib, hesab-kitab etmirik.

Biz bu dünyaya gəlmişik, Allah bizə lütf edib, həyat neməti verib. Bu həyatı necə yaşayırıq, bu həyatdan necə istifadə edirik, bu həyatın içərisində bizə verilən nemətlərlə necə davranırıq?

Gərək ilk olaraq bu nemətləri tanıyaq, dəyərləndirək, hesab-kitabını edək, sonra bu nemətlərlə doğru davranaq və əslində şükür də budur.

Allahın verdiyi nemətlərin şükrü – o nemətlərlə Allahın istədiyi kimi davranmağımızdır. Buyuruşlarda da gəldiyi kimi, Allahın verdiyi nemətə şükür etmək – nemətin özündən daha üstündür.

Çünki, biz verilən nemətə şükür edərkən, aqibətimiz üçün uğurlu nəticə əldə edirik. Amma bu dünyada malik olduğumuz nemətlər buraya aiddirlər, fanidirlər. Biz nemətlərlə düzgün davransaq, o zaman onlar bizim üçün əbədi bir nemətə çevrilər.

Rəcəb ayı – özümüzə nəzər salmaq üçün fürsətdir

Rəcəb ayı əsil zamanıdır ki, öz halımıza nəzər salaq, görək nə vəziyyətdəyik. Günüzümüz, gecəmiz necə keçir, gözümüzün, dilimizin, qulağımızın, yediklərimizin, içdiklərimizin vəziyyəti necədir, fərdi durumlarımız, ibadətlərimiz necədir?

Görəsən bu həyatın içərisində, gündəlik məşğuliyyətlər bataqlığının içərisində durumumuz necədir? Bu imtahanlı sınaqlı dönəmlərdə özümüzü nə qədər qoruya bilirik? Allahın razılığını rəhbər tutaraq, yaşaya bilirikmi?

Rəcəb ayında yeri var ki, özümüzü sözün həqiqi mənasında nəzarətdən keçirdək. Bu aylar mübarək Ramazan ayı öncəsi özümüzü təftiş etmək üçündür.

Vəziyyətimizi ölçmədən, nəzarətə ala bilmərik

Əxlaq ustadları tövsiyə edirlər ki, əgər nədəsə uğura çatmaq istəyirsinizsə, o şeyi ölçün. Ölçmək və ölçəndən sonra onu nəzarətdə saxlamaq, hesab-kitaba salmaq – həmin məsələdə uğura çatmağa imkan yaradır. Biz bir şeyləri ölçmədikcə, onları nəzarətə ala bilmirik.

Rəcəb ayı bu mənada özümüzü nəzərdən keçirmək, qorumaq, sahib çıxmaq, özümüzlə məşğul olmaq üçün çox böyük fürsətdir.

Biz hər zamanda bunu edə bilərik, amma Rəcəb ayında xüsusi fürsət var. Çünki biz mübarək İlahi ziyafətə dəvətliyik. Allah Təala Ramazan ayında olacaq İlahi ziyafət daxil olana qədər, bizə iki önəmli ayı mərhəmət edib – Rəcəb və Şəban aylarını.

Biz Rəcəb ayında özümüzü qaydaya salıb, Şəban ayında lazımi təkamül keçib, İlahi ziyafətə Allah bəyənən şəkildə daxil ola bilərik. Belə gedişatla, Qədr gecələrinə də əsil ruhiyyə ilə girib, elə bir vəziyyətə çata bilərik ki, artıq ali bəndəlik ruhiyyəsinə yiyələnmiş olaq.

Bu, insan həyatının bütün sahələrini özündə əhatə edən bir mövzudur. Yəni, ola bilməz ki, insan desin, mən namazımı əvvəl vaxtda qılmağa diqqət edirəm, amma məsələn, yaşadığım toplumda müəyyən problemlər olsa, onlara səssiz qalaram.

Əgər belə olsa, deməli, onun namazında nəsə yerində deyil. Yəni, insanın özü ilə məşğul olması o demək deyil ki, bir kənara çəkilsin və yalnız fərdi ibadətləri ilə məşğul olsun. Özü ilə məşğul olmaq – həm fərdi, həm ailə, həm iqtisadi, həm ictimai mövzuları özündə əhatə edir.

Bu ayda Allah hüzurunda olmağımızın fərqinə varmağı məşq edək

Əziz islamşünaslar, İslamın dəyərli və fəzilətli alimləri Rəcəb ayı ilə bağlı bir sıra tövsiyələr verirlər. Biz Rəcəb ayında xüsusilə bu mövzuya diqqət etməliyik ki, bu ayda Allah hüzurunda, Allahın dərgahında olmağımızı gərək məşq edək.

Biz Allah ziyafətinə dəvətliyik və İlahi ziyafətə gedən zaman bu iki ay hazırlıq müddətində, xüsusilə mübarək Rəcəb ayında biz özümüzü Allahın hüzurunda hiss etməni, Allahın dərgahında olduğumuzun fərqinə varmağı məşq etməliyik.

Bu məşqimizi iradəvi və şüurlu etməliyik. Biz bilməliyik ki, bizim bütün müşküllərimiz, bütün bəla və çətinliklərimiz ondan qaynaqlanır ki, biz etdiklərimizdən qəflət edirik. Biz öz əməllərimizdən, rəftar və davranışlarımızdan qəflət edirik. Nəyə görə qəflət edirik? Çünki, unutmuşuq, fərqində deyilik ki, Allah hüzurundayıq.

Biz unuduruq ki, bizi yaradan – səbəbsiz yaratmayıb və yaradılarkən də biz Onun hüzurundayıq. O, hər zaman və məkanda baş verən hər mövzumuzdan, əməlimizdən, davranışlarımızdan, o cümlədən, qəlbimizdə, düşüncəmizdə baş verən hər şeylərdən bilgilidir.

Bütün bunların hamısı toparlanır və yekun olaraq, Qiyamət günü bizim əməl dəftərimizdə burada etdiklərimizin yekunu görünəcək.

Biz Allahın hüzurunda olmağımızdan və burada etdiyimiz hər şeyə Allahın əhatəsinin olmasından qəflət edən zaman, təbii olaraq əməllərimiz, davranışlarımız da qəflətlə nəticələnir.

Bu vəziyyətdən çıxmaq necə baş verməlidir? Biz ilk öncə daha köklü qəflətimizi həll etməliyik. Biz bunun fərqində olmalıyıq ki, Allahın hüzurundayıq, ehtiyaclı varlığıq.

O, bizim hər etdiyimizi görür, hər düşündüyümüzdən, qəlbimizdən keçirdiklərimizdən xəbərdardır. Bundan irəli gələrək dərk edirik ki, bizim bütün baxışlarımız, davranışlarımız, rəftarlarımız Onun hüzurunda baş verir, Rəbbimizin buna elmi var.

İnsan bunun fərqində olsa, əslində ciddi bir motivasiya, ciddi bir hərəkətlənmə baş verər ki, o, Rəbbinin hüzurunda günah etməsin.

Rəcəb ayı daxil olub, bu ayda Allahın xüsusi lütfləri, inayətləri var ki, biz qəflətdən oyanaq. Əgər biz bunu bacarsaq, hər bir şey bundan sonra düzəlir.

Bizim bütün əməllərimiz qeydə alınır

Allah Təala “Casiə” surəsininn 29-cu ayəsində buyurur: “Bu, Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq)”.

Qiyamət günündə heç bir gizli, pərdəarxası mövzu olmayacaq. Qiyamət günündə doğruluğa, gerçəkliyə söykənən bir vəziyyətdə əməllərimizlə, rəftarlarımızla bağlı kitabımız bizlərə təqdim ediləcək. Bu kitab Qiyamət günü şahidlik edəcək.

Bizim bütün əməl və davranışlarımız kitab halında toparlanır və bizim vəziyyətimizlə bağlı Qiyamət günündə həqiqətə söykənərək, danışılacaq.

Bunun necə baş verməsinin izahını da Rəbbimiz bizə Özü çatdırır. Bütün etdiklərimizin qeyd olunduğu, nüsxəsinin çıxarıldığı bəyan olunur.

Rəbbimiz bizə çatdırmaq istəyirik ki, ey bəndə, bu həyatına diqqətli ol. Yediyinə, içdiyinə, danışdığına, baxdığına, eşitdiyinə – bütün mövzulara diqqətli ol.

Bəli, diqqətli olmaq lazımdır. Çünki, bunlar hamısı Rəbbimiz tərəfindən qeydə alınır və Qiyamət günündə bunlar əməl dəftərimiz olaraq, bizim vəziyyətimiz haqqında şahidlik edəcəklər.

Bunun üçün hazırlaşmaq lazımdır. Ona görə də Rəcəb ayı böyük bir fürsətdir ki, biz bunu həyatımızda məşq edək ki, Allah hüzurundayıq.

Allahdan bu lütf və tofiqatı istəyək ki, bu bacarıq, bu vəziyyət bizdə formalaşsın. Hər şey bunun ardınca gəlir.

Biz özümüz öz başımıza qalsaq, düzəlməmiz çox çətin olar. Allahdan istəyimiz budur ki, bizlərə bu ayda Onun hüzurunda olmağımızın fərqinə varmağı bizlərə inayət etsin.

Rəcəb ayı – ümid ayıdır

Rəcəb ayı – ümid ayı, ümidlərin dirilmə ayı, ümidlərin güclənməsi ayıdır. Amma ümidin uzun arzulardan, sadəcə oturub gözləmələrdən ciddi fərqi var.

İnsan o mövzularda ümidli olur ki, orada nələrin olmasını bilir və hazırlaşır, səy, əzm göstərir, əlindən gələni edir. Orada təvəkkül, Allaha sığınma, Allahın uğur, lütf və tofiqatını əldə etmək imkanları var. Orada gediləcək yolun mahiyyətini anlama var.

Müqəddəs İslam dini bizə ümidli olmağı öyrədir. Ümidin tam əksi – məyusluq, depressiyadır. İslam depressiya halını bəyənmir, pisləyir, bunu şeytanın (lən) ovsunlamalarının təzahürləri kimi görür. Amma ümid isə bir İlahi nurla bərəkətlənən, İlahi rəngə bürünən mövzudur.

Biz bir aya daxil olmuşuq ki, ölü qəlblər dirilə bilər. Burada insan olmaq, özümüzə qayıtmaq mümkündür. Qışdan sonra sanki bahara daxil olmuşuq.

Ramazan ayı mənəvi meyvələrin üzə çıxdığı dönəmdirsə, Rəcəb və Şəban ayı – buna hazırlıq aylarıdır. Bahar – gözəl bar götürmək üçün hazırlaşmaq zamanıdır.

Qiyamət günündə “Haradadır Rəcəb əhli?” nidası gələcək. Biz onlardan – Rəcəb əhlindən – ola bilərik. O kəslərdən ki, Qiyamət günündə xüsusi fərqləndiriləcəklər.

Böyük dərsləri özündə cəmləşdirən ay

Bu mübarək Rəcəb ayı İslamın nurani tarixləri ilə, Əhli-Beytə (ə) aid xüsusi günlərlə də əlamətdardır. Bu ayda Həzrət İmam Baqirin (ə) nurani mövludunu geridə qoyduq.

Təbərrük üçün Həzrət İmam Baqirdən (ə) gələn buyuruşa diqqət edək: “Yalnız Allahdan çəkinən, Allahdan xofu olan kəslərlə məşvərət edin”.

Görün nə gözəl buyuruşdur, həyatımıza nə qədər işıq saçan buyuruşdur! Fərdi, ailə, ictimai, iqtisadi həyatımız bu buyuruşlarla nurlana bilər.

Bütün işlərdə Allahdan çəkinən insanlarla, içində İlahi xof olan insanlarla məşvərət etməyi əziz İmamımız (ə) bizə tövsiyə edir. Çünki, içində İlahi xof olan insan, bizə doğru məsləhət, tövsiyə verə bilər.

İçində İlahi xofu olmayan insan isə ölü kimidir. Əgər insanın içərisində İlahi xof olsa, o, əməllərinə fikir verər, təqvalı yaşamağa can atar, Allahın razılığını qazanmağa doğru gedər. Rəcəb ayı başdan-başa bu fürsətləri bizim üçün hazırlayıb.

Rəcəb ayının önəmli tarixlərindən biri – Təbuk döyüşüdür. Əzi Peyğəmbərimiz (s) bir ömür Allahın sözünü çatdırdı, ümmət yetişdirməkdə əziyyətlər çəkdi, düşmənlər o Həzrətə (s) bir cür mane olmağa çalışırdılar, münafiqlər də başqa cür.

Amma Təbuk döyüşündə yeni bir imtahan mərhələsi meydana gəldi. Komfort zonasının içərisində ilişib qalmış müsəlmanlarla bağlı durum ortaya çıxdı.

Onlar münafiq deyildilər. Onların imanları var idi, Allahı tanıyırdılar, amma Təbuk döyüşünə yola düşmək üçün komfort zonaları onlara mane olurdu.

İlahi bir çağırış olur, Peyğəmbərimiz (s) müraciət edir, ümumi çağırış edir ki, Rum tərəfə getmək, İslamın əzəmətini göstərmək lazımdır. Strateji bir addımdır bu.

Amma burada düşmənlərin hoqqaları deyil, münafiqlərin fitnələri deyil, İslamda olan bəzilərinin bəhanələri meydana çıxır. Yol uzaqdır, hava istidir, meyvələrin yetişən mövsümüdür, məhsulların yığılan bir vaxtıdır...

Əziz Peyğəmbərin (s) yetişdirdiyi toplumun içərisində bir hissə müsəlman komfort zonasına daxil olub və indi oradan çıxa bilmir. Ağacın kölgəsində oturub, meyvələrin dadına baxıb, məhsullarını yığıb satmaq istəyirlər. İlahi əmrin əhəmiyyətini anlayırlar, amma bu vəziyyətdən də çıxa bilmirlər...

Əslində burada hər birimiz üçün çox böyük dərslər var. Bizlər bəzən ibadət də edərik, amma özümüz üçün müəyyən etdiyimiz bəlli komfort zonalarından çıxa bilmərik.

Rəcəb ayı bizə bu komfort zonasından çıxmağı öyrədir. Rəcəb ayının orucu bizlərə bunu öyrədir ki, öyrəşdiyimiz vəziyyətdən çıxaq və mübarək Ramazan ayına hazırlaşaq.

Əsas da odur ki, özümüzü təftiş edək. Öz halımızdan xəbərdar olmağı, durumumuzu ölçməyi öyrənək. Hər yerdə bizə fərdi inkişaf, uğur adına mövzular öyrədilir.

Amma, özümüzü əbədi həyat üçün inkişaf etdirmək öyrədilmir. Amma elə bircə bu pandemiyanın meydana gəlməsi, öyrəşdiyimiz bir çox məsələlərin nə qədər illüziya olmasını üzə çıxardır...

Rəcəb ayı bizi daimi uğura çatmağa öyrədir. Bu aylarda bizlər özümüzü kəşf edə bilərik.

Allahım, bizlərə bu aylarda ayılma, oyanış, dirilik nəsib et!

Allahım, bizlərə Sənin hüzurunda olmağımızın fərqinə varmağı, qəflətdən oyanmağı nəsib et!

Allahım, aqibətlərimizi xeyirli et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930