Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
Mьəllif: admin1
Tarix: 20-04-2020, 21:41
Nə üçün biz Allahın sifətləri barədə elmli ola-ola günah edirik?
Qurani-kərimdə və Məsumların (ə) rəvayətlərində Allah-taala üçün müəyyən mənada insanla əlaqəli olan sifətlər zikr olunmuşdur. Bu sifətlərdən biri xaliqiyyətdir ki, bütün aləmin və insanın vücuda gəlməsinə səbəbdir.

Rübubiyyət – Allahın sifətlərindən digər biridir ki, bəsləyən, tərbiyə edən mənasınadır.

Alim və qadir olmaq – yəni Allah-taalanın zatı hər bir şeyə alim (elmli) və hər bir işi görməyə qüdrətlidir.

Rəuf və mehriban olmaq. Yəni Allah-taala bəndəsinə hamıdan, hətta insanın özündən də artıq mehribandır. Bu sifətlər barədə elm nə qədər artıq və köklü olarsa, ilahi əmr və fərmanların yerinə yetirilməsində insana bir o qədər çox kömək edir.

Amma elm və agahlıq təklikdə insanı əmələ vadar etmir.[1] Fironçuların elmi var idi, buna baxmayaraq kafir oldular. Allah-taala bu barədə buyurur: “(Fironçular zülm və təkəbbür üzündən) qəlblərində yəqin olduğu halda Allahın ayələrinə qarşı kafir oldular.”[2]

Allahın nümunə ünvanı ilə zikr etdiyi şəxslərdən biri Bələm Bauradır. O, alim olsa da əməl məqamında özünü itirdi və yolunu azdı.

Quran buyurur: “Onlara ayələrimizi verdiyimiz şəxsin (Bələmin) hadisəsini oxu, amma o (axırda) elmdən məhrum oldu, şeytan onun ardınca düşdü və azğınlardan oldu. Əgər istəsəydik, o ayələrin vasitəsi ilə onu yüksəyə qaldırardıq, lakin o, yerə yapışaraq öz nəfsinin istəklərinə tabe oldu.”[3]

Elm onun möhtəvasına iltizamlı olub əməl etməyə sadəcə şərait yaradır, lakin bu şərait o zaman təsirli olur ki, onun ardınca iman gəlmiş olsun. Elm və iman bilikdə olduqda əməl üçün şərait yaranır. Əlbəttə, bu yol üzərində mövcud olan maneələri də aradan qaldırmaq lazımdır. Quran həmin maneələri belə zikr edir:

a) Nəfsin istəklərinə tabe olmaq

Əqli və şəri yönləri nəzərə almadan nəfsin istəklərinə itaət etmək insanın düz yoldan azmasına, Allahın əmr və göstərişlərinə etinasız yanaşmasına səbəb olur.

Quran belə insanlar barəsində buyurur: “Öz həvayi-nəfisni özünə məbud seçən bir şəxsi görmədimi?!

Allah onu, elmli olduğu halda azğınlığa saldı, onun qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı. Allahdan başqa bir kəs onu hidayət edə bilərmi?! Buna diqqət yetirmirsinizmi?!”[4]

Başqa bir ayədə də buyurulur: “Əgər sənin çağırışına əməl etməsələr, bil ki, onlar yalnız öz həvayi-nəfslərinə tabe olurlar. Allah tərəfindən hidayət olmadan öz həvayi-nəfsinə tabe olanlardan da azğın bir şəxs varmı?!”[5]

b) Dünya həyatına məftun olmaq və ona xəta əsasında nəzərə salmaq

Əgər bir şəxs dünya həyatından sonra heç bir həyatın olmadığına inanaraq dünya həyatını özünün yekun hədəfi seçsə və bütün səylərini dünyəvi ehtiyaclarını təmin etməyə yönəltsə, axırda axirət həyatından və Allaha bəndəlikdən qafil olacaqdır.[6]

Dünya barəsində bu cür təfəkkür və meyllər insanın Allaha iman gətirib mömin bəndə olmasına mane olur. Allah-taala belə insanları vəsf edərək buyurur: “Bizimlə görüşə (qiyamətə) ümidvar olmayan, dünya həyatına ürək bağlayan və onunla xatircəm olanların, habelə Bizim ayələrimizdən xəbərsiz olanların yerləri (yaramaz) əməlləri səbəbi ilə cəhənnəm odudur.”[7]

Başqa bir ayədə buyurur: “Siz dünya matahının ardınca gedirsiniz, halbuki Allah sizin üçün axirəti istəyir.”[8]

v) Şeytani vəsvəsələrə uymaq

Şeytan insana qəlb yolu ilə vəsvəsə edərək[9] onun çirkin əməllərini zinətləndirib gözəl qələmə verir,[10] insana yalan vədələr verir,[11] insanı öz gələcəyindən qorxudur[12] və bu yollarla onun iman gətirib Allaha xalis bəndəlik etməsinə mane olur.

Allah-taala bu barədə xəbərdarlıq edərək buyurur: “Ey Adəm övladları! Şeytan sizi aldatmasın, necə ki, sizin ata-ananızı (aldadaraq) behiştdən çıxartdı.”[13]

Qəlbdə iman və bəndəlik hissinin yaranması daxili bir mühərrikə ehtiyaclıdır. İnsanın rəftarlarında əsas hərəkətverici qüvvə kamallara və ləzzətlərə nail olmaq ümidi, xəsarət və zərərlərdən qorxub qaçmaq hissi olduğuna görə Quran həm iman və bəndəliyin dünya və axirət savablarına, həm də küfr və üsyankarlığın dünya və axirət cəzalarına işarə etmiş, peyğəmbərləri “ilahi nemətlərə müjdə verən və ilahi əzabdan qorxudanlar” kimi təqdim etmişdir.[14]

Əməllərin dünyəvi mükafatları

1. “Əgər abadlıqların əhalisi iman gətirib təqvalı olsaydılar, asimandan və yerdən xeyir-bərəkət qapılarını onların üzünə açardıq.”[15]

2. İman və bəndəliyin axirət savabları:

“Hər kişi və qadın mömin olan halda yaxşı iş görərsə, belə insanlar behiştə daxil olacaqlar.”[16]

3. Küfr və itaətsizliyin dünyəvi cəzaları

“Sizə çatan müsibətlər gördüyünüz (yaramaz və pis) əməllər səbəbi ilədir və Allah onların bir çoxlarını əfv edib bağışlayır.”[17]

4. Küfr və itaətsizliyin axirət cəzaları

“Onlar üçün dünyada xarlıq və axirətdə böyük əzab vardır.”[18]

Allah-taalaya bəndəlik etmək üçün ilahi və tövhid əsasında olan bəndəlikdən əlavə, iman və yəqin sahibi olmaq, maneələri aradan qaldırmaq və yaxşı əməllər görmək də lazımdır.

[1] Elm ilə iman arasındakı fərq barədə əlavə məlumat almaq üçün bax: “Qırx hədisin şərhi”, İmam Xomeyni, səh. 37; “Quranda əxlaq”, Misbah Yəzdi, səh. 140

[2] “Nəml” surəsi, ayə: 14

[3] “Əraf” surəsi, ayə: 175-176

[4] “Casiyə” surəsi, ayə: 23

[5] “Qəsəs” surəsi, ayə: 50. Bu barədə aşağıdakı ayələrə bax: “Əraf” 176, “Kəhf” 28, “Taha” 16, “Furqan” 43, “Sad” 26, “Məhəmməd (səlləllahu əleyhi və alih)” 16, “Nəcm” 23

[6] Aydındır ki, əgər dünya həyatı olmasa, axirət həyatı, behişt və cəhənnəm də olmayacaqdır. Dünya Allahın xəlq etdiyi varlıqlardan biri ünvanı ilə məzəmmətə layiq görülməməlidir. Əslində bu nemətdən düzgün istifadə edilməməsi məzəmmət olunur.

[7] “Yunis” surəsi, ayə: 7-8

[8] “Ənfal” surəsi, ayə: 67

[9] Şeytanın ümdə işi qəlbdə vəsvəsə yaratmaqdır: “Taha” surəsi, ayə: 120

[10] “Nəhl” surəsi, ayə: 63 , “Nəml” surəsi, ayə: 24

[11] “Nisa” surəsi, ayə: 120

[12] “Bəqərə” surəsi, ayə: 268

[13] “Əraf” surəsi, ayə: 27

[14] “Nisa” surəsi, ayə: 165

[15] “Əraf” surəsi, ayə: 96

[16] “Nisa” surəsi, ayə: 124

[17] “Şura” surəsi, ayə: 30

[18] “Bəqərə” surəsi, ayə: 114; Behişt və cəhənnəmin vəsfi barədə bax: Misbah Yəzdi, “Əqaid təlimləri”, 3-cü cild, səh. 90-91

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930