“Əhəm” ya “mühüm”?
Mьəllif: admin1
Tarix: 30-12-2018, 11:40
“Əhəm” ya “mühüm”?
Mədəniyyət, dostun da düşmənin də maraqlandığı bir məfhumdur. Dost onu gücləndirmək, düşmən isə dəyişmək niyyətindədir. Sağlam və insani dəyərlərə sahib olan bir həyat yaşamaq, düzgün mədəniyyət sayəsində mümkündür. Bu məsələni əhəmiyyətli edən faktor da məhz budur. Mədəniyyətlərin düzgün şəkildə formalaşması üçün, düzgün səylər və işlər görülməlidir. Yazıda, bu işlərlə bağlı xüsusi məsələlərə deyil, ümumi məsələlərdən birinə toxunmaq istəyirəm. Bu da “əhəm”-“mühüm” məsələsidir. Hər iki söz ərəb dilində olan sözdür və bizim dildə qarşılığı “daha əhəmiyyətli”-“əhəmiyyətli” mənasındadır.

Bu gün həm dünya, həm də ölkə səviyyəsində, mədəniyyətlərin düzgün şəkildə formalaşması üçün dəyərli səylər göstərilir. Bu səylər, həqiqətən də çox dəyərlidir və misilsiz təsirlərə malikdir. Kitab tərcüməsi, oxuma faizinin artırılması üçün atılan addımlardan tutmuş, kimsəzləri,şəhid ailələrini ziyarət etmək və onları cəmiyyətə tanıtdırmağa qədər. Bütün bunlar gözəl və müsbət işlərdir, dayanmamalıdır və hökmən də davam etdirilməlidir. Diqqətinizi çəkmək istədiyim məsələ isə tamam başqadır. Bunu misallarla daha aydın şəkildə izah etməyə çalışacağam.

Ehtiyaclı bir ailəni təsəvvür edək. Valideynləri işsiz, uşaqları təhsildən və əyləncədən uzaq bir ailə. Gündəlik hədəfləri bir şeydir; Bu gün ac qalmamaq üçün nə edək? Bu, həqiqətən də cəmiyyətimizdə olan böyük problemlərdəndir. Bu problemi 2 yolla həll etmək olar. Hər iki yol gözəldir, sadəcə olaraq biri əhəmiyyətli, degəri isə daha əhəmiyyətlidir. Əhəmiyətli və dəyərli iş, bir neçə nəfərlə razılaşaraq, qeyd olunan ailəyə ərzaq və maddi dəstək olmaq üçün əl-ayağa düşməkdir. Bu işlə ailənin bir müddət ehtiyacını ödəmiş, sevincinə səbəb olmuş oluruq. Lakin ailə qısa müddətdən sonra yenidən həmin vəziyyətə geri qayıdacaq və kiminsə əli dolu olaraq qapını döyməsini gözləyəcək.

İkinci və daha əhəmiyətli yol isə, ailə başçılarına uyğun bir iş taparaq, onları işlə təmin etməkdir. Bu, həm hansısa işin inkişafına səbəb olacaq, həm də ailənin maddi durumunun düzəlməsinə və problemlərinin zamanla həll olmasına gətirib çıxardacaq.

Qeyd olunan iki yol arasında fərqlərdən bəziləri bunlardır:

1.Birinci iş gözəl olsa da, ikinci yoldan fərqli olaraq ağrı kəsici funksiyasını daşayır və dərdi dərman etmir. Dərdi dərman etmək ikinci yola məxsusdur.

2.Birinci iş dəyərli olsa da, problemin psixaloji olaraq həll olmasına yardım etmir və ailənin “Bəs sabah nə edəcəyik?” düşüncəsinin aradan getməsinə səbəb olmur. İkinci iş isə, bu psixoloji zədənin uzun müddət beyinlərdən silinməsinə səbəb olacaqdır. Növbəti misalı isə, xüsusi ilə inanclı insanları nəzərə alaraq, qeyd etmək istəyirəm. Namazın vacib olması və önəmi barədə heç bir müsəlmanın şəkki yoxdur. Namazın, digər əməllərin qəbul-olmamasında təsir etməsini nəzərə alarsaq, məsələnin önəmini az da olsa anlamış olarıq. Namazı qəza olmağa yaxınlaşan birini təsəvvür edək. Namaz qılmağa hazırlaşıran zaman, dənizdən “kömək edin”-deyə səslər eşidir. Dənizdə ölüm astanasında olan biri ondan yardım istəyir. Bir tərəfdə qəza olan namaz, digər tərəfdə isə yardım tələb edən insan! İstisnasız

olaraq bütün fəqihlər, belə olan halda namazın deyil, boğulan insanı xilas etməyin vacibliyini bəyan etmişlər. Heç kim namazın əhəmiyyətli olmasını inkar etmir, sadəcə olaraq ikinci iş daha əhəmiyyətlidir. Qeyd olunan halda insanın ikinci deyil, birinci işi görməsi günah hesab olunur. Namaz qılmağın nə vaxtsa vacib deyil əskinə, günah olmasını düşünərdinizmi? Zehnimdə olan məsələni düzgün şəkildə izah etdiyimə ümüd edirəm. Məqsədim, cəmiyyətdə atılan dəyərli və əhəmiyyətli işlərin azalması və ya dayandırılması deyil. Sadəcə olaraq fəal olan gənc qardaşlarımızın, ictimai birliklərin və bu xalqa xidmət etmək istəyən hər bir kəsin, daha əhəmiyyətli işlərə daha çox vaxt ayırmasını xatırlatmaqdır. Mədəniyyətlərin formalaşması üçün bu məsələyə diqqət etmək labuddür.

Sonda, xalqımızın hər bir sahədə rifahını təmin etmək üçün, “əhəm”-“mühüm” olmasında aslı olmayaraq çalışan əzizlərə təşəkkürümü bildirir və Allahdan onlara ixlaslı əməllər diləyirəm!

Ruhullah Novuzzadə/ İslamazeri.com üçün
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031