ÖVLADLARA EHTİRAM VƏ ONLARI ŞƏXSİYYƏT KİMİ FORMALAŞDIRMAQ
Mьəllif: admin1
Tarix: 15-03-2018, 10:24
ÖVLADLARA EHTİRAM VƏ ONLARI ŞƏXSİYYƏT KİMİ FORMALAŞDIRMAQ
Hər bir insanın batini istəklərindən biri də ona qarşı məhəbbət və özünü sevdirməkdir. Habelə o, istəyir ki, başqaları da ona hörmət etsinlər, ona ehtiramla baxsınlar. Bu istək bütün insanlarda təbii və fitri şəkildə mövcuddur və şəxsi mənfəətlərin cəlb olunması səbəbidir.

Əgər bu xüsusiyyətə lazımınca riayət edilməzsə, çox hallarda fərdin başqaları tərəfindən istismar olunmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də İslam dini bizə göstəriş verir: bir-birinizlə qardaşlıq münasibətində olun, bir-birinizə məhəbbət nəzəri ilə baxın. Çünki bu cür rəftar cəmiyyətdə yaxşı rəftarın, qarşılıqlı ehtiramın yaranmasına səbəb olacaqdır.

Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) öz oğlu Məhəmməd Hənəfiyyəyə vəsiyyətində buyurur: "Başqalarının sənə yaxşılıq etmələrini istədiyin kimi, sən də bütün insanlara yaxşılıq et."

Yenə o Həzrətdən (ə) rəvayət olunub: "Bütün insanlarla yaxşı danış ki, onlardan yaxşı cavab eşidəsən."

Bu hədislərdən göründüyü kimi, Həzrətin (ə) bu göstərişi müəyyən bir qrupa məxsus olmayıb, əksinə, böyük və ya kiçik, müsəlman və ya qeyri-müsəlman, qohum və ya yad, ata və ya oğul və s... olmasından asılı olayaraq bütün insanlara xitab edir və Həzrət (ə) bu vəzifəni hamı üçün müəyyənləşdirir.

Bəli, övladlar da istəyirlər ki, öz valideynləri yanında sevilsinlər, valideynləri onlara şəxsiyyət verib ehtiram gözü ilə baxsınlar. Bu cəhətdən də bizim Məsum İmamlarımız həm öz övladlarını, həm də başqalarının övladlarını sevir, onlara ehtiram qoyur və öz ardıcıllarına da tövsiyə edirdilər ki, övladlarınızı sevib əzizləyin, onlara qarşı təvazökar olun, hətta müəyyən hallarda onlarla oynayın.

Rəsuli-Əkrəm (s) buyurur: "Hər kəsin uşağı olsa, onunla uşaq kimi rəftar etsin. Bu yolla uşağı daha yaxşı tərbiyə edə bilər."

Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) buyurur: "Hər kəsin uşağı olsa, gərək onunla uşaq kimi oynasın."

Peyğəmbər (s) buyurur: "Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə (14 yaşa qədər) xidmətçi, üçüncü 7 ildə (21 yaşa qədər) isə ailənin vəziridir."

Yəni övladlar həyatın ilk çağlarında zəif və bacarıqsız olduqlarına görə ağa kimi ehtirama layiq görülməli, nəvaziş görməlidirlər.

İkinci dövrdə işlətməklə, qayda-qanunları və iş üslubunu öyrətməklə onları böyütmək, üçüncü yeddi ildə isə topladığı təcrübə sayəsində onların şəxsiyyət və təfəkkürünə həddindən artıq ehtiram qoymaq, onlara ailənin vəziri kimi baxmaq, müəyyən hallarda onların fikir və təkliflərindən istifadə etmək lazımdır.

Ənəs ibn Malik öz həyatını Peyğəmbərin hüzurunda keçirənlərdən idi. O deyir: Peyğəmbər hər vaxt uşaqlarla qarşılaşsaydı, onlara salam verər, şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram məsələlərini öz ardıcıllarına göstərərdi.

Peyğəmbər (s) buyurur: "Öz övladlarınıza ikram edin (əzizləyin) və onların ədəblərini gözəlləşdirin."

İmam Sadiq (ə) buyurur: "Həqiqətən Allah-taala bir bəndəsinə, onun öz övladlarına məhəbbəti xatirinə rəhm edir."

Peyğəmbər (s) Həsən və Hüseynin üzündən öpəndə, Əbra ibn Haris dedi: "Mənim on nəfər övladım vardır, amma onların heç birinin üzündən öpməmişəm."

Həzrət buyurdu: "Hər kəs rəhm etməsə, ona rəhm olunmaz."

Həzrət İmam Sadiq (ə) nəql edir ki, bir gün əziz babası zöhr namazını qılarkən öz gündəlik adətinin əksinə olaraq axırıncı iki rəkətini sürətlə qılıb qurtardı.

Səhabələr namazdan sonra həzrətin hüzuruna gəlib soruşdular: "Ya Rəsulallah, namaz əsnasında nə baş vermişdir ki, siz bu cür etdiniz?"

Həzrət (s) buyurdu: "Məgər nə oldu ki?!"

Dedilər: "Siz namazı çox surətlə qıldınız."

Həzrət (s) buyurdu: "Məgər o kişinin uşaqının ağlamaq səsini eşitmədinizmi?"

Yuxarıda qeyd olunan hədis və baş verən hadisələrdən nəticə alırıq ki, övladlara məhəbbət göstərmək bir şəriət və insani vəzifə olub iman və təqvanın əlamətlərindəndir, ilahi rəhmət və bərəkətin nazil olma səbəbidir və öz ardınca iki qat savabı gətirir.

Bu şəri vəzifədən boyun qaçıranlar üçün ağır məsuliyyət və cəhənnəm əzabı vardır. Məsum İmamlar özləri övladlarına ehtiram qoyur, onları qucaqlarına alıb üzündən öpür, çiyinlərinə mindirirdilər, hətta namaz qılıb xütbə söylədikləri və camaat qarşısında çıxış etdikləri halda da öz uşaqlarına hörmət qoyaraq onlara salam verir, şəxsiyyətlərinin əzəmətli olmasına səbəb olan hər bir işi görürdülər.

Hətta Peyğəmbərin (s) həyatı barəsində yazılan kitablarda qeyd olunur ki, uşaqları ad qoymaq, təbərrük və s. üçün Həzrətin (s) yanına gətirirdilər. Həzrət mehribanlıqla onları qucağına alır,onlara nəvaziş göstərirdi.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930