BAŞQASINA QUYU QAZDI, AMMA ÖZÜ DÜŞDÜ
Mьəllif: admin1
Tarix: 25-08-2017, 10:55
BAŞQASINA QUYU QAZDI, AMMA ÖZÜ DÜŞDÜ
Bəhlul ləqəbi ilə şöhrət tapmış Şeyx Məhəmməd Təqi əsrimizin nadir şəxsiyyətlərindən biri olmuşdur. Uzun ömür sürmüş Bəhlulun macəra ilə dolu məşəqqətli, eyni zamanda bərəkətli həyatına nəzər salanda insan təəccübünü gizlədə bilmir.
Böyük alim, ədib, kəramət sahibi olmuş Bəhlul eyni zamanda haqq uğrunda mübarizə aparan bir mücahid idi. Həyatını bütünlüklə İslamın tərəqqisi uğrunda mübarizəyə həsr edən Bəhlul zalım şah rejiminə qarşı apardığı mübarizələrə görə təqiblərə məruz qalmış, ömrünün müəyyən hissəsini mühacirətdə keçirmişdir. Əfqanıstanda dövlət məmurları tərəfindən yaxalanan Bəhlul otuz bir il müddətinə Əfqanıstanın müxtəlif zindanlarında məhbus həyatı yaşamış, zindandan çıxdıqdan sonra isə Əfqanıstanın ucqar kəndlərindən birinə sürgün edilmişdir. Zahidanə həyat sürmüş Bəhlul 2005-ci ilin yayında, 114 yaşında vəfat etmişdir. (Allah rəhmət eləsin.)
31 illik zindan həyatını xatırlayan Bəhlul başına gəlmiş qəribə əhvalatlardan birini belə nəql edir:
Əfqanıstanda zindanda olduğum illərdə xəstə məhbuslara, uşaqlara baxmağı öz öhdəmə götürmüşdüm. Bu işdən əlavə şəhərin icra hakimiyyətinin razılığı ilə zindanda dərs də verirdim. (Bəhlul ictihad dərəcəsi kəsb etmiş alim idi.) Otuz qırx nəfərə yaxın məhbus günün müxtəlif saatlarında yanıma yığışıb dərs oxuyurdular. Cəlalabad (Əfqanıstanın böyük şəhərlərindən biridir) şəhərinin yuxarı təbəqədən olan bəzi şəxsləri icra hakimi və ya zindanın rəisi ilə tanışlıqları olduğu üçün danışıb icazə almışdılar ki, öz uşaqlarını dərs oxumaq üçün zindana mənim yanıma göndərsinlər.
Zindana gəldiyim ilk günlərdən zindanın bəzi təəssübkeş məmurları şiə olduğum üçün məni incidirdilər. Onların məni görməyə gözləri yox idi. Bu səbəbdən də icra hakiminin mənə olan ehtiramını, böyüklərin öz uşaqlarını mənim yanıma dərs oxumağa göndərmələrini görəndə çox narahat olurdular. Bir yolla məni aradan götürmək istəyirdilər.
Məhbuslardan biri zindanda balaca dükan kimi bir yer götürüb zəruri ərzaq məhsulları satmaqla məşğul olurdu. Bu adam dövlət yanında etibarlı zəmanət qoyaraq hərdən əsgərlərlə birlikdə çölə çıxış icazəsi almışdı. O , bir-iki əsgərin müşayiəti ilə çölə, bazara çıxıb məhbuslara lazım olan ərzaq məhsulları və xırda-para şeylər alıb zindanda məhbuslara satırdı. Bu iş Əfqanıstan zindanlarında adi bir hal sayılırdı. Əlbəttə bu işlə məşğul olan məhbuslar icarə haqqından əlavə zindanın məmurlarına aylıq haqq da ödəyirdilər.
Mən hər gün zindanın dükanından qatıq alırdım. (Bəhlul ömrünün doxsan ilə yaxın bir müddətini ancaq qatıq çörəklə keçinmişdi.) Mənimlə düşmənçilik edən zabitlər dükanı işlədən məhbusa təzyiqlər göstərib məcbur edirlər ki, məni bir vasitə ilə zəhərləyib öldürsün. Bu işə görə ona çoxlu pul mükafatı da vəd etmişdilər.
Bir gün mən yenə adəti üzrə dükana qatıq almağa getdim. Dükan sahibi hər gün mənə qatıq çəkib verdiyi küpədən qatığı götürmədi və dedi: Hər gün sizə satdığım bu qatıqların üzü, qaymağı alınır, bunları yeməklə canın qüvvət tapmaz. Bu gün sizə xüsusi bir kasada elə qatıq tutmuşam ki, yesən dadı damağından getməz. Qatıq deyil, əsil qaymaqdır. Bunu sizin üçün hazırlamışam ki, yeyib mənə dua edəsiniz.
Bunu deyib keçdi dükanın arxa tərəfindən bir kasa üzü qaymaqlı qatıq gətirdi. Mən qatığı götürüb öz hücrəmə qayıtdım. Çox acdığım üçün qatığı bütöv bir fətirlə bir oturuma yeyib, kasanın diibni də barmaqlarımla təmizlədim. Bir dəqiqədən sonra mədəmdə sancı, ürək bulanması hiss etdim.
Dostlarım və şagirdlərim halımı belə görüb dükançının üstünə cumdular ki, dükanını dağıdıb özünü də əzişdirsinlər. Mən mane olub dedim: Tələsməyin, ola bilsin dükançı xəyanət etməsin. Bəlkə də vəbaya tutulmuşam. O vaxtlar Əfqanıstanda vəba xəstəliyi yayılmışdı. Dükançı da xəyanəti hazırlayanda hiyləsi bu olmuşdu ki, əgər, birdən ölsəm, desin vəbadan ölmüşdür.
Mən ara vermədən öyüyüb qusurdum. Xülasə, dostlarım dükançıya toxunmadılar, gedib mənim üçün həkim çağırılmasını tələb etdilər. Həkim gəlib qaytardığım qatığı yoxlayıb, qatığın zəhərli olduğunu təsdiq etdi. Zindanın rəisi mənə dedi ki, dükançını qanuni cəzalandırmaq üçün şikayət ərizəsi ilə rəsmi olaraq ona müraciət edim. Amma mən dedim: Bizim imamlarımız bizə bu cür göstəriş verməmişlər. İmam Həsəni (ə) yeddi dəfə zəhərləyib öldürməyə çalışmışlar, amma imam zəhər verənlərdən heç birini mühakiməyə çəkmədi. Dedim: Tutaq ki, mən ondan şikayət etdim, siz ona neyləyəcəksiniz?
Allaha şükür ki, mənə bir şey olmayıb, ölməmişəm. Əgər ölmüş olsaydım belə, indi artıq İslam ölkələrində də Quranın hökmləri yox, Avropa qanunları icra edilir; bu qanuna görə də qatili öldürmürlər. Bir də mənim qisas tələb edəcək varisim yoxdur. Görəcəyiniz iş bu olacaq ki, onun həbs müddətini uzadacaqsınız. Onun üstündə indi on bir il iş var. Həbsinə əlavə bir-neçə il də əlavə edilsə bu daha çox onun ailəsinin zərərinə qurtaracaq. Mən bu işə razı deyiləm. Xülasə, mənim ondan şikayətim yoxdur.
Zindanın məmurları dükançıdan böyük məbləğdə rüşvət aldılar. Məni qətlə yetirəcəyi müqabilində ona pul boyun olmuş məmur da demişdi: Mənim şərtim bu olmuşdur ki, sən o kafir axundu öldürəsən. İndi ki, ölməyib, sənə heç qara qəpik də verən deyiləm.
Çox keçmədi dükançı vərəm xəstəliyinə mübtəla oldu. Bütün varını-yoxunu xəstəliyin müalicəsinə sərf etsə də sağalmadı və həmin xəstəlikdən də öldü.
O öləndən sonra arvadı və dörd kiçik qızı o qədər kasıblayıb zəiflədilər ki, imkan düşəndə mən zindandan onlara pul, çörək və paltar göndərirdim. (Seyyid Abbas Musəvi Mütləq, “Əcubeyi Əsr”, səh. 113-116.)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031