Bəhlul xəlifədən pulu niyə götürmədi? - HEKAYƏ
Mьəllif: admin1
Tarix: 17-10-2019, 10:49
Bəhlul xəlifədən pulu niyə götürmədi? - HEKAYƏ
Günlərin birində saray adamları xəlifəyə deyirlər ki, necə olsa da, Bəhlul sənin rəiyyətindir. Heç nə ilə məşğul olmur – təlxəklik edir, başı bir işə qarışsa, bəlkə ağıllana.

Çağır, ona nəsihət elə, bir az da puldan-paradan ver, qoy varlansın, dərdi-qəmi azalsın. Padşah onlara nə qədər dedisə ki, Bəhlul sözümə baxmayacaq, heç kim inanmadı.

Axırda padşah onların yanında evin bir küncünə qızıl tökdürdü, o biri küncündə isə manqalda kabab bişirməyi əmr etdi. Bu tərəfdən də Bəhlulun dalınca adam göndərib, onu çağırtdırdı. Bəhlul içəri girən kimi, xəlifə öyüd-nəsihətə başladı:

- Bəhlul, bax, səfil-sərgərdan olub düzü-dünyanı gəzməkdənsə, gəl sənə çoxlu qızıl verim, otur mənim kimi əməlli-başlı dolan, nə dərdin olsun, nə qəmin.

Bəhlul dedi:

- Deməli, sənin dərdin yoxdur?

Xəlifə dedi:

- Əlbəttə, bura tökdürdüyümdən min qat artıq qızılım var, manqaldakı kababı da ki, görürsən. Lap əskik yeməyim – kababdır. Mən istəyirəm sən də mənim kimi olasan.

Bəhlul dedi:

- Padşah, gəl bir şərt kəsək. Burada bir ocaq qalatdır, üstünə sac qoydur, sac o qədər qızsın ki, qıpqırmızı pul kimi olsun, bir-bir çıxaq sacın üstünə, sayaq öz varımızı, sonra sözümü sənə deyirəm.

Xəlifə təklifə razı olur. Ocaq qalayıb, sacı qızdırdılar. Əvvəlcə Bəhlul çıxdı sacın üstünə.

- Nə varım var, nə dövlətim – deyib düşdü aşağı.

Bəhlu bu sözləri deyib qurtaranda isti, ayaqqabısından ayağına yenicə keçirdi. Sonra növbə xəlifəyə çatdı. O, sacın üstünə çıxıb var-dövlətini saymağa başladı. Hələ xəzinəsindəki varın mində birini saymamışdı ki, istiyə dözə bilməyib, yerə atıldı.

Bəhlul dedi:

- Qardaş, bu balaca sacın üstündə eləcə var-dövlətini sadalaya bilmədin, bəs haqq divanı qurulub, səndən sual edəndə ki, bu dövləti hansı yolla qazanıb, camaatı nə cür soyub qarət edibsən, onda nə cür dözəcəksən? Yəqin ki, yanıb kül olacaqsan. Odur ki, mən sənin kimi var-dövlət sahibi olmaq istəmirəm. Sənin dərdin mənimkindən böyükdür.



(Mənbə: Bəhlul Danəndə lətifələri)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930