ƏLİNİN (Ə) NƏZƏRİNDƏ ƏHLİ-BEYTİN (Ə) İLAHİ VƏZİFƏSİ
Mьəllif: admin1
Tarix: 24-05-2016, 10:04
ƏLİNİN (Ə) NƏZƏRİNDƏ ƏHLİ-BEYTİN (Ə) İLAHİ VƏZİFƏSİ
"Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır."
İmam Əlinin (ə) Peyğəmbərn (s) vəfatından sonrakı iyirmi beş illik həyatında həssas və ibrətamiz hissələr vardır. Bunların bəzilərini əvvəllər qeyd etmişdik, bəzilərini də indi qeyd edəcəyik. Bunlardan aşağıdakıları göstərmək olar:
1. İmamın (ə) xəlifələrin müqabilində tutduğu mövqe və onlarla rəftarı.
2. Müsəlmanlara islam hökmlərini öyrətmək.
3. İmamın (ə) ictimai fəaliyyətləri.
İmamın (ə) xəlifələrin qarşısında seçdiyi mövqeyi bəyan etməzdən əvvəl gərək o həzrətin Peyğəmbər (s) ailəsi, yaxud İmamın öz sözü ilə desək, "Ali-Məhəmməd" barəsində fikirlərini bəyan edək ki, Əlinin (ə) xəlifələrlə həmkarlıq etməsinin islamın inkişaf edib yayılması istiqamətində olması aydın olsun. Bu həmkarlıq İmamın (ə) onları haqqın mehvəri və həqiqi rəhbər hesab etməsi demək deyildi. O həzrət onlarla həmkarlıq etməklə onların siyasi və elmi müşküllərini həll edir və Peyğəmbər (s) ailəsini haqq ustadları və həqiqi rəhbərlər hesab edirdi. Hətta buyururdu: "Bu ümmətdən heç kəs Peyğəmbər (s) ailəsi ilə müqayisə oluna bilməz və onların nemətindən bəhrələnən kəs heç vaxt onlarla bərabər ola bilməz."
İmam (ə) başqa yerdə Ali-Məhəmmədin (s) elmi fəzilətlərinin bir hissəsinə işarə edərək buyurur: "Peyğəmbərin Əhli-beyti onun gizli sirlərinin keşikçisi, fərmanlarına itaət edənlər, onun elm xəzinələri və kitabının mühafizəçiləridir. Onlar islam ölkəsini zəlzələlərdən qoruyan dağlardır. Peyğəmbər onların vasitəsi ilə öz arxasını möhkəmlətdi və özünə rahatlıq bəxş etdi."
Həzrət Əli (ə) başqa bir yerdə onları dinin əsası və mütləq sütunu hesab edir və buyurur ki, onların rəftar və əməllərinə baxmaqla tüğyançıları həddini aşmaqdan saxlamaq, haqq karvanından geri qalanları ona çatdırmaq olar.
Başqa bir yerdə buyurur: "Peyğəmbərinizin Əhli-beytinə baxın və onların yolu ilə gedin, çünki onların ardınca getmək sizi həqiqət yolundan çıxarmaz və azğınlığa qaytarmaz. Əgər bir yerdə dayansalar, siz də dayanın, ayağa qalxsalar, siz də qalxın. Heç vaxt onlardan qabağa keçməyin, əks halda düz yoldan azarsınız; onlardan geri də qalmayın, əks halda həlak olarsınız."
İmam (ə) Peyğəmbər (s) Əhli-beytini tanımağı Allah və Peyğəmbərə mərifətlə yanaşı bilir və buyurur: "Sizin hər hansı biriniz Allahın, Onun Peyğəmbərinin və risalət Əhli-beytinin haqqını tanıyan halda yatağında ölsə, şəhid kimi dünyadan getmişdir."
İmamın (ə) sözlərinin bu hissəsində risalət haqqını tanımağı Allahın və onun Rəsulunun haqqını tanımaqla yanaşı qeyd etməsi islam hədisçilərinin Peyğəmbərdən (s) nəql etdikləri hədisin məzmununu göstərir. O hədis belədir: "Hər kəs öz zəmanəsinin imamını tanımayan bir halda ölsə, cahiliyyət ölümü ilə dünyadan getmişdir."
İmam (ə) başqa bir yerdə hər bir əsr və zamanda ilahi feyzin davam etməsinə işarə edərək buyurur: "Peyğəmbər ailəsinin məsəli səma ulduzları kimidir: Əgər biri batsa, digəri çıxacaqdır."
İmam (ə) risalət ailəsinin xüsusiyyətlərinin vəsfində və bəyanında çox sözlər demişdir, amma onların hamısını qeyd etməyə imkan yoxdur. Nümunə olaraq, bir neçəsini də qeyd edirik. Həzrət onların adları barəsində buyurur: "Atam-anam o kəslərə fəda olsun ki, onların adları göylərdə tanınmış, yerdə isə naməlum qalmışdır."
İmamın indi qeyd edəcəyimiz sözünün bütünlüklə haqq yolu gedənlər üçün olmasına baxmayaraq onların ən yaxşı nümunələri Əhli-beytdir: "(Onlar) dinin həqiqətini, üsul və fürusunu eşitməklə yox, tam əql ilə və ona əməl etməklə tanımışlar; çünki elm raviləri (rəvayətçiləri) çox, ona əməl edənlər isə azdır."
İmam (ə) aşağıda qeyd edəcəyimiz kəlamda onların yüksək məqamlarını tərifləmişdir, başqa yerdə isə onların vilayət və rəhbərliklərini aşkar etmiş, onları ümmətin valiləri və hakimləri, Peyğəmbərin (s) haqq canişinləri, onun malik olduğu mənsəblərin (nübüvvətdən başqa) varisləri kimi tanıtdırmışdır: "Vilayət və imamət xüsusiyyətləri (elm və möcüzə) onlarındır, Peyğəmbərin (s) vəsiyyəti onların barəsindədir və onlar Peyğəmbərin varisləridir."http://nur-az.com/



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930