İnsanı kamilliyə aparan yol
Mьəllif: admin1
Tarix: 27-09-2020, 10:38
İnsanı kamilliyə aparan yol

Bu yolda ən böyük vasitə Qurani Kərimdir.

İnsanın ən yüksək kamala yetişməsi yalnız Allahın təlim və tərbiyəsi sayəsində mümkündür. Odur ki, bu yolda ən böyük vasitə Qurani Kərimdir.

Qurani Kərim Tanrının ən böyük neməti, ləfz, ibarət, fəsahət və bəlağət nəzərindən ən gözəl kəlam, insan tərbiyə etmə baxışındansa ən dərin mənalı olan bir kitabdır.

Onsuz heç bir kəsin böyük insaniyyət məqamına yetişməsi mümkün deyildir.

Allah taala Quranın əzəmətini belə xatırlayaraq buyurur:

لَوْ أَنزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَّرَأَيْتَهُ خَاشِعاً مُّتَصَدِّعاً مِّنْ خَشْيَةِ اللَّهِ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr."
"Həşr", surəsi, ayə 21.

Bununla belə tamamilə insan fitrətinə uyğun anlaması və kamala yetişməsinə də münasibdir. Allah subhan "Rum" surəsinin 30-cu ayəsində buyurur:

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفاً فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ

"(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz."

Dinin əsasına özündə yer vermiş Qurani Kərim bütün insanların hər bir zamanda fitrətiylə uyğundur. Hər zamanda milliyyət və coğrafi mövqeyindən asılı olmayaraq bütün insanlar Quranı dərk etmək fitrəti əsasında doğulur və bu heç zaman dəyişmədən qiyamətə qədər qalacaq bir qanundur.

Quranın insanların kamala yetişməsinə münasib olması haqqında "Qəmər" surəsinin 17-ci ayəsində buyurur:

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ

"And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!"

İnsanın fitrəti ilahi bir varlıq olduğuna görə əgər özünə qayıdıb və özünü dərk edərsə, bu zaman Quran onun üçün həm əqli dərk baxımından asan olacaq, həm də əməli baxımdan heç bir çətinliyi olmadan həqiqət tapacaqdır.

Digər bir tərəfdən Qurani Kərim Allah taalanın ən böyük təcəllasıdır. Odur ki, Allah taala tamam camal və kamal sifətləriylə onda təcəlli etmişdir. Bu baxımdan Quranla ünsiyyət tapıb ondan elmi və əxlaqı faydalanma insana Tanrının gözəl sifətləriylə sifətlənmək imkanı yaradır.

Bəzi surələrdə Allah taala Quranı Onun müəyyən sifətlərinin təcəllası kimi göstərmişdir. "Ali-İmran" surəsinin 2 və 3-cü ayələrində Quranın "Əzəli" və "Əbədi" olan Allahdan nazil olmasını qeyd edərək buyurur:

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ. نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ

"Allahdan başqa heç bir məbud yoxdur. Əzəli, əbədi varlıq Odur. Sənə Kitabı (Quranı) haqq olaraq O nazil etdi."

Əgər nəzərə alsaq ki, Allahın mübarək adlarının surələrdə mövzusuna aid zikr olmuşdur, bu surənin mövzusu insana dirilik və əbədilik əta edən bir surə kimi tanınacaqdır.

Əlbəttə, bu təkcə İmran surəsinə aid deyildir. Əgər Quran əhli Quranın bir başqa surələrinə xüsusi ilədə "Ha-mim"-lə başlayan yeddi surəyə diqqət etsələr Allah taalanın kamalı adlarla həmin surələrdə təcəlla etməsinə nəzər edə biləcəklər.

Bütün deyilənləri nəzərə alsaq Quranın nə qədər insan həyatında təsir qoymasını görə bilərik. Odur ki, möminlər təkcə Quran oxumaqla kifayətlənməməli bəlkə vücudlarını Quranın təcəlli tapdığı yerdə qərar verməlidirlər. Bununla da Quranın təkvini və zatı təcəlliyatından istifadə etməlidirlər.

Lakin bunu da qeyd etmək lazımdır ki, insan həmişə Quranın məhzərinə bir şakir kimi getməli özünü bütün cəhətlərdən pak etməlidir.

Hər növ əqli, fikri, qəlbi, və zahiri çirkinlik Qurandan faydalanmanın manesi sayılmışdır. Allah taala "Vaqiə" surəsində buyurur:

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ. فِي كِتَابٍ مَّكْنُونٍ. لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ

"(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır. Ona yalnız pak olanlar toxuna bilər!"
"Vaqiə" surəsi, 77-78-79-cu ayələr.

Bu paklıq təkcə kitabı məknuna deyil, Quranın bütün mərhələlərinə aiddir. "Toxuna" kəlməsindən məqsəd hər növ yaxınlaşma istər zahiri və istərsədə mənəvi yaxınlaşmaya aiddir.

Müəllif: Hacı Eldar Əsədov İlahiyyatçı


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031