Peyğəmbərimizin (s) insanı bütün sapmalardan sığorta edən düsturu
Mьəllif: Admin
Tarix: 2-10-2021, 12:29
Peyğəmbərimizin (s) insanı bütün sapmalardan sığorta edən düsturu
Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-səfər əyyamının son günləridir. Hüseyn (ə) əzadarı olmağın dərin mahiyyətinin, qəm fəlsəfəsini yaşatmağın dərin mənalarının dərk edilməsi baxımından mühüm kulminasiya nöqtələrindən biridir bu günlər. Bu, o günlərdir ki, ümmət öz əziz Peyğəmbərini (s) itirib...

Rəsuli-Əkrəmin (s) son günləri

Rəsuli-Əkrəm (s) bu günlərdə Rəbbinə qovuşub. Bu kədərli günlərin təhlili, müsəlman ümmətinin gəlib yetişdiyi bu acınacaqlı vəziyyətin səbələrinin açıqlanmasına yardım edir.

Peyğəmbərimizin (ə) rehləti – dünyanı tərk etməsi öncəsi, rehləti zamanı, rehlətdən sonra cərəyan edən hadisələrin, ümmətin zillətə düşməsində birbaşa təsiri var. Hətta demək olar ki, Aşuranın baş verməsinə səbəb olan amillər öz başlanğıcını məhz həmin günlər yer alan hadisələrdən götürür.

Hicrətin 11-ci ili idi. Əziz İslam Peyğəmbəri (s) sonuncu həcc səfərində – istər Məkkədə, istər Ərəfə çölündə, istər Qədir-Xum adlanan o məşhur məntəqədə, istərsə də artıq Mədinəyə qayıtdıqdan sonra, ümməti zaman-zaman özündən sonrakı duruma hazırlayırdı.

Ürəyiağrılı ümməti özünün tez bir zamanda dünyadan gedəcyi barədə məlumatlandırır, bir gün bu dünyaya vida deməsini çatdırır insanlara Peyğəmbərimiz (s).

Özündən sonra müsəlmanların nə etmələri haqqında xəbərdar edir onları Rəsulullah (s).

O zaman üçün də, bu gün üçün də ən mühüm mövzulardan biri – həmin günlərdə baş vermiş məlum olaylardır. Amma təəssüflər olsun ki, Peyğəmbərin (s) son günlərdə etdiyi çatdırışlarını bu və ya digər səbəblərdən unutdurmağa çalışanlar da az deyil.

Bəzi cahillər o zaman da cəhd etdilər, hər zaman da çalışırlar ki, – ya bilərəkdən, ya bilməyərəkdən – insanları inandırsınlar ki, bəs İslam Peyğəmbəri (s) gəldi, öz işini gördü, sonra dünyanı tərk etdi və özündən sonra insanların nə etməli olduqları barədə məlumat və tövsiyələr vermədi.

Guya işlərin keyfiyyətini, istiqamətini, yönümünü, hədəfini insanların öz öhdəsinə buraxan kimi oldu (?!). Guya bu böyüklükdə bəşəri dəyişikliklərə rəvac verən Elçi (s), insanları «necə alınar, alınar» kimi varianta düçar etmişdir.

Guya ümmətin variantlar xaosu və eksperimentlər bazası kimi bir vəziyyətə düşməsinə razı olmuşdu (?!). Çox qəribə yanaşma tərzidir, deyilmi?

Əlbəttə ki, Peyğəmbərimizin (s) tam kamil, dəqiq və birmənalı tövsiyələri, həyatın hər bir çalarına aid məsləhət və buyuruşları bu yanaşma tərəfdarlarının mövqelərində daşı-daş üstə qoymur.

Peyğəmbərimizin (s) vəsiyyəti

İslam Peyğəmbəri (s) böyük bir İlahi missiya ilə gəlir. Son dərəcə çətin və məşəqqətli Məkkə dövrünü yaşayır. Sonra Mədinədə İslamın təşəkkül tapması, müsəlmanların icmalaşması prosesləri yaşanır. Böyük çətinliklərlə düşmənlərin çoxsaylı mütəşəkkil hücumları qarşısında gənc İslam icması duruş gətirir.

Olmazın məşəqqətlər hesabına ümmət formalaşır və yaşaya bilən, inkişafa qadir olan bir duruma gəlir. Ən nəhayət, Rəsuli-Əkrəm (s) ümmətə son çatdırışlarını edir.

Bu çatdırışlar Təbuk yürüşündən, Qədir-Xum vəsiyyətlərindən tutmuş, «cümə axşamı müsibəti» adlanan son günlərədək bir silsiləvi və tamamilə aydın forma ilə səciyyələnirdi.

Yalnız bundan sonra, yüzminlərlə müsəlmana höccətin tamam olmasından, məlumatın tam həcmdə verilməsindən sonra Həzrət Rəsuli-Əkrəm (s) haqq dünyasına köçür.

İndi bir balaca məlumatı olan insan da təsdiq edər ki, Peyğəmbərimiz (s) ümmətin gələcəyi barədə birmənalı və dəqiq tapşırıqlarını verib.

Və hətta zərrədək məlumatı olmayan, sadəcə bir məntiqə malik olan insan da inanarmı ki, bu cür çətinliklər hesabına ərsəyə gələn, 23 il gecəli-gündüzlü olmazın zəhmət və məşəqqətlər hesabına yaranan ümməti, əziz Peyğəmbərimiz (s) heç bir tövsyiə və tapşırıq vermədən özbaşına buraxır və ümməti səhvdən-xətadan xali olmayan insanların eksperiment poliqonuna çevrilməsinə razı olur?! Hansı məntiqli və düşünən insan şeylərin belə absurd vəziyyətdə olmasını təsdiq edər?! Təbii ki, yalnız qərəzli kəs…

Səqəleyn – 2 qiymətli əmanət

Qeyd etdik ki, həm o zamanda, həm də indi bu mövzular böyük əhəmiyyət kəsb edir. Ən azı ona görə ki, ümmətin getməli oldüğü və getdiyi istiqamətin uyğunluğunu yoxlamaq baxımından məhz bu mövzuda hansı yanaşmanın rəhbər tutulması – həlledici təsirə malikdir.

Peyğəmbərimizin (s) rehləti bir işıq salır bu hadisələrə. Müsəlmanların tutduğu yol, sonrakı pərakəndəliklər, vəhdətin pozulması, müsəlmanların İslamın dəyərlərindən uzaq düşməsi, müsəlman kimliyinin son dərəcədə zəif hala gəlməsi – `bütün bunların kökü Rəsuli-Əkrəmin (s) rehləti ətrafındakı dövrlərdə baş verən hadisələrlə bu və ya digər dərəcədə bağlıdır.

Tədqiqatlar bəlli edir ki, Peyğəmbərimiz (s) müxtəlif dönəmlərdə, müxtəlif şəraitlərdə ümmətin yolunu itirə bilməsi haqqında narahatlıqlarını büruzə verir. Müxtəlif forma və üslublarla müsəlmanların diqqətini bu məsələyə cəlb edir. Rehlətindən 1 ay öncə Həzrət (s) buyurur: «Ayrılıq yaxın olmuşdur və qayıdış Allaha doğrudur.

Çağırılmağım və Haqqın dəvətini qəbul etməyim, cavablandırmağım yaxındır. Və mən 2 qiymətli şeyi sizin aranızda qoyub gedirəm: Allahın Kitabını və Əhli-Beytimi. Və lətif və agah olan Allah Təala mənə xəbər verdi ki, bu ikisi heç zaman bir-birindən ayrılmaz ta ona qədər ki, Kövsər hovuzunun kənarında mənə qovuşacaq. Bəs yaxşı düşününüz, bu ikisi ilə necə rəftar edəcəksiniz».

Diqqət edək. Peyğəmbərimizin (s) rehləti yaxınlaşdıqca, Həzrət (s) müsəlmanları özündən sonrakı vəziyyətə uyğun hazırlaşdırır. Nə etməlilərlə bağlı, nəyə istinad etməliləri ilə, nəyə söykənəcəkləri ilə, nəyi özləri üçün rəhbər seçəcəkləri ilə bağlı müsəlmanları tam məlumatlandırır və heç bir şəkk-şübhə üçün, azma və sapma üçün yer qoymur.

Onlara bir düstur verir ki, buna riayət etdikləri təqdirdə sapmaları və çaşmaları mümkünsüz olacaq. İki fundamental əsası göstərir müsəlmanlara.

Peyğəmbərimiz (s) bəlli edir ki, Qiyamət gününə qədər, Kövsər hovuzunun başında onun mübarək vücuduna qovuşancaya qədər bu 2 misilsiz dəyərə malik olanlar bir-birindən ayrılmayacaq.

Həm Quran, həm Əhli-Beyt (ə) sona qədər birlikdə, ayrılmadan qalacaq. Öz dəyişməzliyində, saflığında, doğru yol göstərməyində, paklığında, insanları hidayət ediciliyində bu 2 qiymətli dəyər sabit qalacaq və Peyğəmbərə (s) qovuşanadək bunların mahiyyəti, bunların insanlar üçün hidayətediciliyi cəm və harmonik halda mövcud olacaq.

Bütün müsəlmanlara verilən əmanət

Bu dəyərləri Həzrət Peyğmbər (s) müsəlman üçün ən yüksək statusa qaldırır – əmanət adlandıır. Avtomatik olaraq, bunun qorunub-saxlanması ilə bağlı ümmətin üzərinə vəzifə gəlir.

Qorumaq nə deməkdir? Buyuruşlarla tanış olub, onlara əməl etməkdir. Əhli-Beyti (ə) tanıyıb, əməllərini anlayıb, həyat prinsiplərini dərk edib, bunlara uyğun yaşamaqdır, onların ardıcılı olmaqdır.

Tarix göstərir ki, Peyğəmbərimiz (s) axıradək fitnə düşməsinin qarşısını bütün qüvvəsi ilə almağa çalışırdı. Rehlətindən bir neçə gün öncə, Həzrət Rəsuli-Əkrəm (s) Mədinə məscidində sübh namazından sonra müsəlmanlara müraciətlə demişdi: «Ey camaat! Fitnə atəşləri şölələnib və fitnələr qaranlıq gecənin dalğalarının hissələri kimi baş qaldırmışlar.

Mən Qiyamət günü sizi qarşılayacağam. Və siz Kövsər hövuzunda mənə tərəf gələcəksiniz. Agah olunuz ki, Səqəleyn (2 qiymətli əmanət) haqqında sizdən soruşacağam. Bəs baxınız, məndən sonra o ikisi haqqında rəftarınız necə olacaq.

Çünki Lətif və Xəbir Allah məni agah edib ki, bu ikisi bir-birindən ayrılmayacaq – o zamana qədər ki, mənimlə görüşəcəklər.

Agah olunuz ki, mən bu ikisini sizin aranızda qoyub gedirəm. Onlardan irəli çıxmayınız ki, bir-birinizdən ayrılmış və dağınq olarsınız. Onlarla münasibətinizi əsirgəməyiniz ki, həlakətə çatarsınız».

Bir daha görürük ki, 2 fundamental, qiymətli əmanətin – Qurani-Kərimin və Əhli-Beytin (ə) birgə qorunması barədə tövsiyə verir Peyğəmbərimiz (s) müsəlmanlara.

Bunlardan yapışarsa, ayrılmazsa – nicata yetişər ümmət. Heç zaman müşkülü, çətinliyi olmaz onları əmələn qorusa. Amma onlardan irəli keçmək istəyərsə, onları adlayıb keçərsə – pərakəndə olacaq, ayrılacaq, bölünəcək. Yaxud, onlara münasibətdə soyuqluğa, biganəliyə yol verərsə, Peyğəmbərimizin (s) xəbərdarlığına görə, ümmət həlakətə düşər.

Aşuranın Bəni-Səqifə kökləri

Ümmətin bugünkü zillətli durumu – əslində bu 2 əmanətə sayğısızlığın təzahürləridir. Həzrət Peyğəmbərdən (s) sonra ümmət bu bir-birindən ayrılmaz əmanətlərlə necə rəftar etdisə, buna uyğun nəticələr də əldə etdi.

Sonadək Peyğəmbəri (s) ən çox narahat edən məsələ – ümmətin sonrakı durumu idi, Quranın və Əhi-Beytin (ə) ayrılmazlığını ümmət tərəfindən yaşadılması ilə bağlı nigarançılığı idi.

Çox təəssüflər olsun ki, əziz İslam Peyğəmbərinin (s) vəfatı ilə, az bir istisna nəzərə alınmasa, həmin o fitnələr yaşanmağa başlandı. Bəni-Səqifə müsibəti baş verir.

Həmin o müsəlmanlar ki, Peyğəmbərin (s) mübarək vücudunun nurundan bəhrələnirdilər, vəfatından sonra, Həzrətin (s) olmamazlığı şəraitində ilkin imtahanlarını lazımınca verə bilmirlər. Müsəlmanlar bu ilkin imtahanlarından elə mənfi qiymət alırlar ki, əsrlər boyu bütün ümmət bunun altını çəkir.

İllər keçəcək, onillər sonra məhz bu mənfi qiymətlə verilən imtahana görə Aşura vaqiəsi yaşanacaq, Kərbəlada bəşəri müsibət baş verəcək.

Aşuranın köklərindən biri – Bəni-Səqifədə tayfakeşliyin, qohumbazlığın yenidən baş qaldımasından qidalanır. Kiminsə öz «xidmətinlərindən» qürrələnməsi, kiminsə öz «mənəmliyini» qabartması, nəfslərin ortalığa çıxması nəticəsində ümmət Peyğəmbərimizin (s) vaxtında yetişdiyi yüksək səviyyədən Aşura dönəmindəki zillət və aşağılanmayadək endi.

Artıq ümmətin başı nəinki tək özünə qarışmış olacaq, böyük bir münafiq qrupu əmələ gələcək və bu qrup o qədər azğınlaşacaq ki, hətta Əhli-Beytə (ə) əl uzadacaq, ümmətin İmamını (ə) şəhid edəcək...

Ümumiləşdirsək, deyə bilərik ki, hərə öz imtahanını verir. O zaman da, indi də. Hər bir insan zaman-zaman sınaq qarşısında durur. Kimisi yolunu azaraq, nəfsini rəhbər tutur və dünyasını axirətinə qurban verir.

Kimisi bu dünyanın imtahan məkanı olmasını unutmur və Allah Təalanın buyurduqlarını hər zaman yerinə yetirir. Çox ola bilsin ki, bu yol asan olmasın, ağrılı-acılı olsun, çətinliklərlə müşayiət olunsun.

Tarix də onu göstərir, ümumi Əhli-Beyt (ə) məntiqi də onu təsdiq edir ki, məsələ nəyinsə asanlıq-çətinliyində deyil. Məsələ işin yekunluğundadır, məsələ ondadır ki, imtahan necə verilir. Məsələ ondadır ki, insan nəyin birinci dərəcəli, nəyinsə ikinci dərəcəli olmasını unudur, ya yox. İstiqamətini, hədəfini itirir, ya yox.

Nuhun (ə) gəmisi

Təbərrük üçün İslam Peyğəmbərindən nəql edilən və Əhli-Beytin (ə) məqamına işarə edən hədisə toxunaq: «Həqiqətən, mənim Əhli-Beytim (ə) – sizin aranızda Nuhun gəmisi kimidir. Ona minən – nicat tapar və ondan üz döndərən isə suda qərq olub boğular».

Hər bir insan üçün son dərəcə aktual olan buyuruşdur. İnsan hədəfini, oriyentirini, qaranlıq dənizdə mayak təki işıq verən yardımçısını itirdikdə, bir gün ayılacaq ki, nəinki ruhi yüksəlişə nail ola bilmir, artıq hətta minimal dini vacibatlarına nisbətdə də süstdür.

Əhli-Beytin (ə) yolunu getmək nə deməkdir? Həyatın hər bir səhnəsində bu mübarək insanların, bir an belə Allah yolundan çəkilməyən bu müqəddəs simaların nümunəsindən və buyuruşlarından bəhrələnərək, düzgün addım atsın.

Allah Təala bizləri Nuhun gəmisindən düşməyənlərdən qərar versin! Allah Təala bizləri vilayət nurundan ayrılmayanlardan qərar versin, inşəAllah!

Allahım! Cəmi insanları Əhli-Beytə (ə) sığınaraq nicat tapanlardan qərar ver!

Allahım! Müşkülü olanların çətinliklərini Özün aradan qaldır!

Allahım! İmam Sahib-əz-Zamanın (ə.f.) mübarək zühurunu tezləşdir! Amin!


Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

İçərişəhər «Cümə» məscidinin imam-camaatı


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031