İmam Sadiqin (ə) oruc tutanlara tövsiyəsi
İmam Sadiq (ə) gözəl bir hədisdə oruc tutanlara belə tövsiyələr vermişdir: “Oruc tutan zaman halın elə halda olsun ki, özünü axirətə müşərrəf görəsən. Halın təvazökar, müti, xar halda olsun. Halın mövlasından qorxan qulun halı kimi olsun.
Qəlbin eyiblərdən pak və batinin hiylə və məkrdən təmiz olsun. Allahdan qeyrisindən bezar olasan. Orucunda Allah üçün olan vilayətini xalis edəsən. Qəhhar Allahdan qorxasan. Can və bədənini Ona məhəbbət və zikr üçün ayırasan. Bədənini Onun əmrlərinə əməl etmək üçün və o şeyə ki, səni dəvət etmişdir – hazır edəsən. Əzalarını xata və müxalifətlikdən, xüsusilə də dilini mücadilə etməkdən və and içməkdən saxlayasan. Əgər sənin üçün bəyan olunanlara əməl etsən, həqiqətən oruc tutan üçün haqq olan şeyə əməl etmiş olarsan. Əgər bunlarda səhlənkarlıq etsən, orucunun fəzilətindən azaltmış olarsan”. Ona görə də deyə bilərik ki, oruc tutan hər bir insanın vəzifələri vardır və İmam (ə) bu vəzifələri bizə təqdim edir və onları yerinə yetirməyimizi tövsiyə edir. Əgər yerinə yetirsək, o zaman orucun haqqını vermiş olarıq. Əks halda, orucumuzdan faydalana bilmərik. Hər kim özünü axirətə hazırlayarsa, bütün diqqəti axirət ehtiyatı toplamaqda olar. Qəlbi müti və təvazökar olar və Allahdan qeyrisini düşünməkdən çəkinər. Çalışar ki, elə əməllər yerinə yetirsin ki, Allaha daha çox yaxınlaşa bilsin. Xata və günahlardan çəkinsin. Bütün cismi və ruhu ilə Allahı sevsin və Onun zikrlərini yerinə yetirsin. Çünki oruc tutan hər bir bəndənin tək hədəfi vardır – Allaha yaxınlaşmaq və Onun rizasını qazanmaq. Əgər oruc tuturuqsa, həqiqi oruc tutaq və müqərrəbinlərdən olaq. /Deyerler.org/ Oxşar xəbərlər
|