Dörd qorxunun dörd pənahgahı
Mьəllif: admin1
Tarix: 4-12-2022, 10:34
Dörd qorxunun dörd pənahgahı
İmam Sadiq (ə) buyurur: “O dörd dəstə ki, dörd şeydən qorxur və ondan nigarandırlar, onlar üçün təəccüb edirəm. Niyə dörd şeyə pənah aparmırlar?”.

Quranın dili ilə bu dörd pənahgah ilə biz də tanış olaq. İnsan elə bir varlıqdır ki, həyatda bir şeyə söykənərsə, o zaman özünü daha çox təhlükəsizlikdə və amanda hiss edər, həyatını rahat yaşayar. Bu da insana həyatda yaşamaq üçün stimul verər. Quranın bizə tanıtdığı həmin dörd pənah ilə tanış olaq.

1. Təvəkkül. İmam (ə) həmin hədisin davamında buyurur: “Niyə Allahın bu kəlamına pənah aparmırlar: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir». (“Ali-İmran” 173)”.

Yəni, ancaq Allah insanı himayə edə bilər və insan əgər Allaha təvəkkül edərsə, heç bir qorxu olmadan düşmənlərinin qarşısında mətanətlə dayana bilər.

2. “Yunisiyyə” duası. İmam (ə) hədisin davamında buyurur: “Təəccüb edirəm o kəsə ki, qəmdən qorxudadır, niyə Yunus duasına pənah aparmır”.

Allah Quranda buyurur: “«(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyib və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam»”. (“Ənbiya” 87).

Bu mübarək Yunus duası özü bir kamil zikrdir və çox savaba malikdir. Çünki bu duada:

1. Allahın vəhdətindən söz açılır.

2. Allah təsbih edilir.

3. Tövbə edilir və günah etiraf olunur.

4. Allahdan yardım istənilir və ehtiyac hiss olunur. O kəs ki, bu duanı dilinə gətirər, saydığımız bu dörd zikri də yerinə yetirmiş olar.

3. Allah hər bir şərdən saxlayandır. İmam (ə) hədisin davamında buyurur: “Təccüb edirəm o şəxsə ki, onun barəsində məkr və hiylə edilmişdir, niyə Allahın bu kəlamına pənah aparmır. “Mən öz işimi Allaha tapşırıram. Çünki Allah, bəndələri(n halını) görəndir”. (“Ğafir” 44).

İnsan nəinki məkr və hiylə olan zaman, hər bir zaman özünü Allaha tapşırmalıdır. Hər bir halda Allahın pak zatını xatırlamalıdır.

4. Allahdan başqa qüdrət yoxdur. İmam (ə) hədisin davamında buyurur: “Təəccüb edirəm o kəsə ki, dünyanın və onun zinətini istəyir, bəs niyə bu ayəyə pənah aparmır: “Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o, olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?!”. (“Kəhf” 39).

İnsanın bütün əməlləri Allahın qüdrəti sayəsində meydana gələr. Çünki bu, həqiqətdir ki, bəşər bir iş görən zaman ancaq Allah Təalanın qüdrətinin sayəsində həmin işi yerinə yetirər. O insan ki, taleyini Allaha tapşırar və onun qüdrətinə söykənər, Allah ona kifayət edər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930