Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikməti
Mьəllif: admin1
Tarix: 20-11-2024, 12:04
Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikməti
Kainatın ən şərəfli insanı olan Həzrət Muhəmməd (s) ömrünün son anlarında İmam Əliyə (ə) xitab edərək, buyurmuşdu: “Ey Əli! Bil ki, mən o kəsdən razıyam ki, qızım Fatimə (s.ə) ondan razıdır. Mənim Allahım və mələkləri də həmin şəxsdən razı olar.

Ey Əli! Vay olsun o kəsə ki, ona zülm edər. Vay olsun o kəsə ki, onun haqqını tapdalayar. Vay olsun o kəsə ki, onun hörmətini aradan aparar. Vay olsun o kəsə ki, evinin qapısını yandırar”.


Bəli, Əyyami-Fatimə (s.ə) daxil olur və hər birimiz bu ağır hadisəni yada salan zaman gözlərimiz yaşla və qəhərlə dolur. Mələk qismində olan bu nəcib banu, ömrünün qısa olmasına baxmayaraq, çox işlər görmüşdür. O, bütün İslam qadınları üçün örnək və nümunə olmuşdur və olacaqdır da.

İki cahan xanımı olan Həzrət Fatimə (s.ə) özündən sonra çox şeyi yadigar qoyub getmişdir. Məsum İmamları (ə), Həzrət Zeynəbi (s.ə), Həzrət Ümmi-Gülsümü (s.ə), “Mushəfi Fatimə” kitabını, iffəti, izzəti, qadın şərafətini, hicabı, qeyrəti, kamala çatmağın yollarını... Saymaqla bitməz.

Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər.

O insan ki, bu əza məclislərinə mərifət və agahlıqla daxil olar, ondan xaric olan zaman bu insanların əməllərini həyatında həyata keçirən fəal aşiqlərə çevrilər.

Əza məclisləri cəmiyyətin dəyişməsinə səbəb olar. Çünki bu məclislərdə insanlar tərbiyə olunar və batinləri dəyişər. Bəndələr səy göstərər ki, Əhli-Beytin (ə) arzularını cəmiyyətdə həyata keçirə bilsinlər.

Ona görə də deyə bilərik ki, bu əza məclislərinin hikməti – İslam dini tərəfindən təqdim olunmuş örnək üzərindən cəmiyyətin qurulmasıdır.

Biz də Xanımın (s.ə) əza məclislərini bərpa edək və onun müsibətinə göz yaşı tökək. Xanımın (s.ə) fəzilətlərini, xütbələrini, nurani kəlamlarını, nəsihətlərini yada salaq və onlardan bəhrələnək.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031