İmam Hüseynin (ə) mübarək başı harada dəfn olunmuşdur?
![]() Seyyid ibni Tavus “Luhuf”da yazır: “Nəql edilir ki, İmam Hüseynin (ə) başını Kərbəlaya qaytardılar və Kərbəlada mübarək bədəni ilə birlikdə dəfn etdilər. Əhli-Beyt (ə) tayfası da dediyimiz bu mənanı qəbul edir”. Bu kəlamdan belə başa düşmək olur ki, Əhli-Beyt (ə) davamçılarının əqidəsinə görə İmamın (ə) mübarək başı bədəni ilə birlikdə dəfn olunmuşdur. Şeyx Təbərsi “Tacul məvalid” kitabında yazır: “Bəzi imamiyyə səhabələri deyirdilər: “İmam Hüseynin (ə) başı Şamdan gətirilmiş və Həzrətin Kərbəlada olan bədəninə qovuşdurulmuşdur””. Qədimi kitablardan olan Əbu Reyhan Biruninin “Əsari-baqiyədə” oxuyuruq ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də cənazəsinə qovuşdurulmuşdur. İbni Cuzi “Təzkirətul-xəvas” kitabında yazır: “Ən məşhur hədis odur ki, Hüseyn ibni Əlinin (ə) başı Mədinədən Kərbəlaya gətirilmiş və cənazəsi ilə birlikdə dəfn olunmuşdur”. Zəkəriyya ibni Muhəmməd Qəzvini “Əcayibi-məxluqat” kitabında yazır: “Səfər ayının birinci günü Bəni-Öməyyənin bayram günüdür ki, o gündə Hüseynin (ə) başını Dəməşqə daxil etdilər və səfər ayının 20-də Hüseynin (ə) mübarək başı Kərbəlaya qaytarıldı”. Bu mənbələrdən belə nəticəyə gəlmək olur ki, İmamın (ə) mübarək başı səfər ayının 20-də Kərbəlaya qaytarılmış və İmamın (ə) mübarək bədəni ilə birlikdə dəfn olunmuşdur. /Deyerler.org/ Oxşar xəbərlər
|