İnsanı Allahı yada salmaqdan nə saxlayır?
Mьəllif: admin1
Tarix: 8-12-2021, 11:33
İnsanı Allahı yada salmaqdan nə saxlayır?

İnsan heç bir zaman Allahdan qafil olmamalıdır. Çox təəssüf ki, bu aləmdə olan zaman onun dəyərini lazım olan qədər hiss etmirik. Allahı xatırlamağın dəyərini axirət aləmində olan zaman dərk edirik.

Alimlərdən biri mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairini yuxuda görür və ondan soruşur ki: “Siz o biri aləmdə əzaba düçar olursunuz?”.

Şeyx deyir: “Mənim o biri dünyada əzabım vardır, bu qüssə və həsrət isə odur ki, niyə Allahı daha çox xatırlamamışam. Ürəyim o anlar üçün yanır ki, Allahı yada salmamışam. Bu, mənim üçün ən böyük əzabdır”.

Bəs insan bu dünyada olan zaman onu Allahı yada salmaqdan nə saxlayır?

Qurana nəzər salaq və bu sualın cavabını tapmağa çalışaq. Quran Allahı yada salmamağın bir çox amillərini bizə bəyan edir ki, onlardan bəzisinə işarə edək:

1. Həddən artıq dünyaya diqqət etmək.

Allah Təala buyurur: “Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allah zikrindən yayındırmasın! Və kim belə etsə (Allahı unutsa), belələri (əsl) ziyankarlardır”. (“Munafiqun” 9).

Allaha, tövhidə diqqət etmək hər bir insanda fitri istedaddır. İnsan əqli büluğa çatan zaman ilk öyrənmək istədiyi şey Allahı və Xaliqini tanımaqdır. O zaman ki, insan həddən artıq dünyaya və maddiyata diqqət edər, ruhu bulanmağa başlayar. Səfa və cəlalını aradan aparar. Onun Allahdan qafil olmasına səbəb olar.

2. Zahirə diqqət etmək və axirətdən qəflətdə olmaq.

Qurani-Kərim bu haqda buyurur: “Onlar dünya həyatının zahirini bilirlər (hiss etdikləri və bəhrələndikləri şey onlar üçün məqsəddir və əsasdır) və axirətdən (dünya həyatının həqiqi nəticəsi olan axirət həyatından) isə olduqca xəbərsizdirlər”. (“Rum” 7).

Mömin insan varlıq aləmini Qadir Allahın məxluqu hesab edir. Ona görə də heç bir sadə məsələnin yanından laqeyd halda keçib getmir. Hər bir şeylə qarşılaşan zaman Allahı xatırlayır.

Ancaq imansız insan dünyanın təsadüf üzündən yarandığını hesab edir, ölümü bu dünyanın sonu kimi qəbul edir. O, ancaq dnüyanın zahirinə diqqət edir, axirətdən xəbərsizdir.

3.Əxlaqsız dostlar.

Quranda oxuyuruq: “Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım».

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım».

«Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur'andan) yayındırdı».

Şeytan insanı həmişə xar edib və (indi də) edir”. (“Furqan” 27-29).

Şübhəsiz ki, insanın əxlaq və əməlinə yaxın dostlarının təsiri inkaredilməzdir. Əxlaqsız dostlarla oturub-durmaq insanın ruhuna, rəftarına və əxlaqına təsir qoyar.

4. Şeytan insana hakim olar.

Allah Təala buyurur: “Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır”. (“Mücadilə” 19).

Belə insanlar şeytana o qədər təslim olublar ki, onun firqəsinə qoşulublar. Bu insanlar uzun zaman günah işlətdikləri üçün şeytan onlara hakim olmuş və onları Allahı yada salmaqdan qəflətə salmışdır.

İmam Hüseyn (ə) Yezid lənətliyin ordusuna xitab edərək, buyurur: “Həqiqətən şeytan sizə hakim olmuşdur, Allahı yadınızdan çıxartmışdır”.

5. Uzun arzular.

Allah buyurur: “Qoy yesinlər, (dünyanın ləzzətlərindən) bəhrələnsinlər və arzular onların başlarını qatsın. Tezliklə başa düşəcəklər”. (“Hicr” 3).

İnsanı bədbəxt edən amillərdən biri də uzun arzulardır.

6. Nəfsi istəklər.

Quran buyurur: “Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).

Bunu bilmək lazımdır ki, əgər bu dünyada olan zaman Allahı yada salmasaq, o biri dünyada bizə bu fürsəti verməyəcəklər. Ona görə də gecə-gündüzümüzü Ona ayıraq və namazlarımıza xüsusi diqqət edək. Çünki heç bir şey Allahı yada salmaqdan və namazdan mühüm deyildir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031