İMAM MUHƏMMƏD BAQİRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.)
Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur. O həzrət “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbi ilə məşhurdur. Bu ləqəbin izahında Cabir ibn Yezid Cöfi belə demişdir: “O həzrət elmin incəliklərinə toxunaraq onun sirr və incəliklərinə aydınlıq gətirirdi.” Yəqubi yazır: “Elmin dərinliyinə vardığından o həzrəti “Baqir” adlandırmışlar.” İbn Mənzur yazır: “Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli (ə) elmi yardığı, onun əsaslarını bildiyi və onun kökünü budaqlarından ayırmaq qabiliyyətinə sahib olduğu üçün “Baqir” adlandırılmışdır. (“Lisanul-ərəb”, “Baqir” sözünün izahında.) Cabir ibn Abdullah Ənsari deyir: “Bir gün Rəsulullah (s) mənə buyurdu: Sən məndən sonra bir müddət yaşayacaq, adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!” Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: “Ey Baqir! Ey Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” – deyirdi. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.) Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu. İMAM BAQİRİN (Ə) ƏXLAQI İmam Baqir (ə) kamillik pillələrini fəth etməsi və yüksək əxlaqi səciyyələrə malik olması ilə bəşəriyyət tarixində təkrarolunmaz bir şəxsiyyətdir: 1. O həzrətin əxlaqi keyfiyyətlərindən biri uşaqlıq çağlarından gördüyü çətin və böyük hadisələr müqabilində səbirli, dözümlü olması idi. O həzrət Kərbəlada cənnət gənclərinin sərvəri imam Hüseynin (ə), onun əhli-əyalının və qəhrəman səhabələrinin qətlə yetirildiyini görmüş, Əhli-beytin (ə) çəkdiyi müsibət və bəlaların şahidi olmuşdur. Buna görə də, o həzrət həmin müsibətləri və Kərbəla faciəsini təfərrüatı ilə rəvayət edənlərdən biridir. 2. Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər və onları sevindirərdi. İbn Səbbağ deyir: “İmam Baqir (ə) elm, fəzilət, rəyasət və imamlığı ilə bərabər, şiə və sünnilərin nəzərində səxavətli olması ilə yad edilmiş, ailə üzvlərinin çox və imkanının ortasəviyyəli olmasına baxmayaraq, fəzilət, ehsan və yaxşılıqda şöhrət qazanmışdı.” (“Sifatus-səfvə”, 2-ci cild, səh.62.) 3. İmam Baqirin (ə) gözəl əxlaqi nümunələrindən biri də yoxsullara böyük ehtiram və qayğı göstərməsi idi. O həzrət öz əhli-əyalına tapşırmışdı ki, evə bir dilənçi gəldikdə, ona “ey dilənçi, bunu götür” deməsin. Desin ki, “Ey Allahın bəndəsi, bu, sənin üçün hazırlanıb.” O həzrət buyurub: “Yoxsulları gözəl sözlərlə çağırın.” İmam Baqir (ə) Mədinə yoxsullarına həmişə kömək edər və onlara sədəqə verərdi. O həzrət hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı: “Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.” (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.) 4. İmam Baqir (ə) yalnız Allah-Taalaya ümid bəsləyər, yalnız Ona təvəkkül edər və layiqincə ibadət edərdi. Namaza durduğu zaman Onun xofundan rəngi saralardı. O həzrətin qulamı Əfləh deyir: “Mən imam Baqirlə (ə) birlikdə həcc ziyarətinə getmişdim. Həzrət (ə) məscidə daxil olarkən hönkürtü ilə ağlamağa başladı. Mən dedim: “Atam-anam sənə fəda olsun, insanlar sənə baxırlar. Bəlkə səsini bir az azaldasan?” İmam (ə) mənə buyurdu: “Ey Əfləh! Mən ona görə hönkürtü ilə ağlayıram ki, Allah-Taala mərhəmət nəzəri ilə mənə baxsın və bununla sabah (qiyamətdə) nicat tapanlardan olum.” Bundan sonra İmam (ə) Kəbəni təvaf edib, “məqam” arxasında namaz qıldı. Namazı qurtardıqda, səcdə etdiyi yer göz yaşları ilə islanmışdı.” (Nurul-əbsar”, səh.130.) maide/ Oxşar xəbərlər
|