Niyə ancaq İmam Hüseynin (ə) 40 məclisi qeyd edilir?
Müəllif: Admin
Tarix: 13-04-2014, 19:50
Bölmə: Sual-Cavab
Sual yarana bilər ki, nə üçün ancaq İmam Hüseynin (ə) Ərbəini qeyd edilir, qalan İmamların (ə) və hətta Peyğəmbərin (s) ərbəini qeyd edilmir?

1. İmam Hüseynin (ə) fədakarlığı ilə İslam dini dirçəldi. İslam dininin dirçəldilməsində onun rolu əvəzsizdir. Ona görə də bu fədakarlıqları canlı saxlamaq lazımdır. Çünki onları canlı saxlamaq İslam dinini canlı saxlamaq deməkdir. Aşura gününü və Ərbəini əziz tutmaq İslam dininin düşmənləri ilə mübarizə aparmaq deməkdir. Və ümumilikdə Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini diqqətdə saxlamaq deməkdir.

2. Həzrət İmam Hüseyn (ə) müsibəti heç bir İmamın (ə) və Peyğəmbərin (s) başına gəlməmişdir. Onun müsibəti bütün müsibətlərdən daha böyük və ağrılıdır.

3. 61-ci hicri ilinin Məhərrəm ayında İmam Hüseyni (ə), övladlarını və səhabələrini öldürdülər. Əhli-beytini (ə) əsir götürdülər, Kufəyə və Şama apardılar. Bu dağ görmüş karvan İmamın (ə) Ərbəinində Kərbəlaya gəldi və Aşura gününün acısı təzələndi. Həzrət Peyğəmbər (s) ailəsi üçün ağır günlər idi.

4. İslam düşmənləri İmamı (ə) şəhid edərək, bu dini məhv etmək istəyirdilər. Kərbəla qatilləri çalışırdılar ki, bu hadisəni zehinlərdən silsinlər. Hətta İmam Hüseynin (ə) ziyarətinə gələnləri belə işgəncə edir və öldürürdülər. Mütəvəkkil Abbasinin dövründə Kərbəla qəbirlərinin hamısı şumlandı. İnsanlara bu qəbirlərin ziyarətinə gəlməyi qadağan etdilər. Əhli-beyt (ə) davamçıları da bunun üçün hər bir hadisədən istifadə edirdilər. Bu hadisələrdən biri də Ərbəin hadisəsi idi.

5. Möminin nişanələrindən biri Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməsidir. Həzrət İmam Həsən Əsgəri (ə) buyurur: “Möminin əlaməti beş şeydir: gecə və gündüz 51 vacib və nafilə namazlarını qılmaq, Ərbəin ziyarəti, üzüyü sağ əlinə taxmaq, səcdə zamanı alnı torpağa qoymaq və “Bismillah”ı yüksək səslə demək”. Bu hədisdən göründüyü kimi, möminin vəzifələrindən biri Ərbəin ziyarətidir.

İmam Sadiqdən (ə) belə bir hədis vardır ki, Həzrət buyurur: “O zaman ki, bizim qəbirlərlə sizin aranızdakı yol uzaq olarsa, mənzilinizin ən yuxarı hissəsinə, damınıza çıxın və orada iki rükət namaz qılın, bizim qəbirlərə işarə edəcək salamlar göndərin. Həqiqətən, həmin salam və namaz bizə çatacaqdır”.

Ümumilikdə demək olar ki, Ərbəini yaşatmaq – İmam Hüseynin (ə), övladlarının, əshabının, əzizlərinin müsibətini yaşatmaqla bərabər, Peyğəmbər (s) dininin ayaqda qalmasına olan səyləri, Peyğəmbər (s) və Əhli-beytinin (ə) müsibətini simvolizə edir.

“Erfan.ir” saytına istinadən

/Deyerler.Org/
Oxşar xəbərlər