Xanım Zeynəb (ə) və fədakarlıq
Mьəllif: admin1
Tarix: 15-08-2022, 09:26
Xanım Zeynəb (ə) və fədakarlıq
İmam Hüseyn (ə): "Yaşamaq - bir şeyə inanmaq və ona çatmaq, üçün çalışmaqdan başqa bir şey deyil".

Tarixin bizə öyrətdiyi bir çox ibrət və təcrübələr vardır. Müxtəlif dövrlərdə zülmə və haqsızlığa boyun əyməyən azadsevər insanlar zəmanə hakimlərinə qarşı üsyan edərək öz qanları ilə öz xalqının tarix salnamələrinə qəhrəmanlıq səhifələri yazmışlar.

Bu şanlı və şərəfli hadisələrin zirvəsində miladi təqvimin 661-ci ilində, İslam tarixinin ilk əsrində Kərbəla çölündə İmam Hüseynin (ə) bayrağı altında 72 nəfər Allah aşiqinin ən böyük şücaət və fədakarlıq hadisəsi qərar tutur.

Hər məktəbin yaşaması üçün bir neçə amilin mövcud olması zəruridir:

1) Layiqli, öz əqidəsinə son dərəcə sadiq, şücaətli rəhbər.
2) Onun yolunda canından keçməyə hazır olan davamçılar.
3) Ondan sonra fikirlərini, tökülən qanını yaşadan şəxslər.
Əl-Kərbəla, Hüseyniyyul-hudus, Zeynəbiy-yul-bəqa!

Kərbəla faciəsinə nəzər saldıqda alimlərin hər üçünün şahidi oluruq. Bu hadisələrdə Xanım Zeynəb (ə) baxmayaraq ki, qadın olduğu üçün döyüşlərə daxil ola bilmirdi, amma əsas simalardan biri idi.

Həm döyüş zamanı, həm faciədən sonra Xanım Zeynəbin (ə) mənəvi himayəsi, mübariz və əyilməz insanlıq iradəsi özünü ən kamil surətdə nümayiş etdirirdi.

Qadın olmasına baxmayaraq, hadisələrin dəhşətli cərəyanı, yaxınlarının ən faciəli şəkildə qətlə yetirilməsi, onun iman və təqvadan yonulmuş vüqarlı qamətini bükə bilmirdi. O, özünün təmkinini pozmur, nahaq tökülmüş qanların yerdə qalmaması, Allahın insanlar üçün hüccətli olan əziz qardaşının bu islahedici hərəkatının mənasını unutdurub təhrif olunmasına yol vermirdi.

Onun nitqi, atəşi, əzmi qırılmaz idi. Nə əsirliyin məşəqqətləri, nə alçaq insanların istehzalı və rişxənd və batil yüklü sözləri onu yormurdu. O, vəzifəsini ən ali dərəcədə yerinə yetirir, həm zəmanəsində olanlara, həm sonrakı nəsillərə.

Yalnız Allaha təvəkkül edib ondan qorxmağın yolunu yaradır, göstərirdi. Heç bir halda batilə boyun əyməməyi nümayiş etdirirdi. Öz ata-babaları, qardaşları kimi, dünyaya bir zərrə qədər bağlı olmadığını, haqqın hökmünə öz nəfsani istəklərindən daha çox önəm verdiyini bildirirdi.

Kufədə və Şamdakı çıxışları, onun nə dərəcədə Allah rənginə boyandığını, əksinə dünya arzularının insanı hansı dərəcədə zillətə sürüklədiyini bəyan edirdi. O, öz simasında Allahın razılığını qazanmış, onun yolunda ən yüksək fədakarlıq və mücahidət mərtəbələrinə nail olmuş insan böyüklüyünü göstərirdi.

Zəmanə zalimlərinin çirkin təbliğat maşınının haqqın qələbəsi və üsyanını batil yol kimi təqdim etməsini gördükdə, o xanım coşqun aslan kimi səhnəyə daxil olub, haqq qanların necə böyük zülmlə axıldığını açıqlayır, kimin haqq, kimin batil olduğunu yenidən üzə çıxarırdı.

O, daha heç nədən qorxmur, heç əvvəl də Tanrıdan başqa bir kəsdən çəkinəcəyi yox idi. O Əli və Fatiə bağçasında bitmiş geniş qollu-şaxəli möhkəm bir vüqar ağacı idi. Onun çiçəklərində ismət meyvələrində rəşadət, hikmət yüklənmişdi.

Onun qanadları altında İslam ağacını suvarıb bəsləyən, qardaş qanından bir azadlıq çeşməsi qaynamışdı. Bu qollu-gövdəli ağac, hər an o çeşməyə kölgə salıb ona öz himayəsini təqdim edirdi.

Onun sularını qurumağa qoymur, əsrlərcə sonra göyərəcək azadlıq meynələrini suvarır, yetişdirirdi. O, Zəmzəm suyundan da bərəkətli idi. Çünki, Zəmzəm suyu insanların bədənlərini sirab edir, Kərbəla çeşməsi isə insanlıq mənəviyyət, can ağacını doyururdu.

O, çeşmənin suları bu gün də axır, soğulmur, çünki banisi Hüseyn, qoruyucusu Zeynəbdir. Fədakarlıq və azadlıq öz yaşanmasında Hüseynə, Zeynəbə borcludur. Onlar qoymadılar həqiqi hürriyyəti boğub sonsuz qoysunlar.

Bu ana bu gündə övlad verir, onun içdiyi Hüseyn çeşməsi, xörəyi Zeynəb qiyamının çıxışlarıdır, uzun zaman keçsə də "Hər gün Aşura, hər yer Kərbəladır."


İlahiyyatcı, rəssam hacı Rizvan İsmayil

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930