İnsanın özünü tanımasının mərhələləri və əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 27-06-2019, 11:16
İnsanın özünü tanımasının mərhələləri və əhəmiyyəti
Bütün Yer kürəsi Allahın nişanələri ilə doludur. Əgər bu nemətləri həqiqi Sahibinə nisbət versək, Allahın əzəmətini dərk edə bilərik.

Bu nişanələr ya insandan zahirdədir, zahiri nişanələr sayılar. Ya da insanın batinindədir, batini nişanələr adlanar. İlahi mərifət yolunda bu iki nişanə haqqında məlumat toplamaq çox mühümdür.

Lakin onların içərində batini nişanələr, yəni insanın nəfsinə mərifət əldə etməyi xüsusi əhəmiyyətə malikdir. Belə ki, İmam Əli (ə) buyurur: “O iki mərifətdən nəfsin mərifəti daha faydalıdır”.

Bəs insanın batini seyri nədir? İnsanın özünü və ya nəfsini tanıması üçün iki mərhələ lazımdır: insanın öz əza və bədənini tanıması. İkincisi isə insanın ruhunu tanıması.

İnsan təfəkkür edərək öz xilqətinin möcüzələrini aşkar edə bilər. Bu yolla da Allahın nə qədər qüdrət sahibi olduğuna elm əldə edər. Bədəninin nə qədər dəqiq və nizamla tənzim olduğuna və fəaliyyətinə diqqət edər və öz varlığında Allahın qüdrətinin nişanələrini tapar.

“Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)”. (“Tin” 4).

İnsan bədənini tanıyandan sonra, növbə ruhunu tanımağa gələr. İnsan nəfsini tanımağa çalışarsa, ruhunu tanıyar. Allah Təala Quranda insana nəfsini tanımasını əmr etmişdir. “Ey iman gətirənlər, nəfsinizə diqqət edin!”. (“Maidə” 105).

İnsan əgər nəfsini tanıyarsa, onu çirkinliklərdən pak etmək üçün iş görər və çalışar. İnsan nəfsini tanıyarsa, nə qədər zəlil və zəif olduğunu görər. Allahın isə nə qədər Cəlal və Əzəmətli olduğunu dərk edər.

İnsanın ruhundakı seyri iki mərhələdə olar: 1. Əməl mərhələsi. 2. Nəzəri mərhələ. İnsan əməldə ruhunu tanıyıb, onu rəzil sifətlərdən paklandırmaq üçün səy göstərər. Çünki bu sifətlər onunla Allah arasında hicab yaradar və maneə olar. İnsanın nalayiq əməlləri onun yolunu azmasına səbəb olar.

İmam Səccad (ə) duasında buyurur: “Həqiqətən Səninlə xəlq arasında pərdə yoxdur. Məgər onların əməli ki, Səninlə onların arasında fasilə yaradır”.

Hər kim bu pərdələri kənara çəkər, Allahın Cəlal sifətlərini müşahidə edə bilər. Bu yolla yəqin məqamına çatar.

“Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99).

İnsan hər nə qədər nəfsini tanıyar, nə qədər zəlil olduğuna mərifət əldə edər. Ona görə də bu yolda ancaq Allahın razılığı olan işləri görməyə çalışar. “Öz ruhumdan ona üfürdüm”. (“Sad” 72).

İnsanın özündən heç nəyi yoxdur və nəyi varsa, hər şeyi Allahdandır. Günəş nur mənbəyidir və hər yerə nur saçsa, həmin yeri işıqlandırar. Evə daxil olan nur - evin nuru deyildir, günəşin nurudur ki, pəncərə vasitəsilə ora daxil olmuşdur. İnsan varlığı da o cürdür. Hər nəyi varsa, Həqiqi Xaliqdəndir, özünün heç nəyi yoxdur.

İnsan öz nəfsini vicdani olaraq dərk edər. İnsanın həqiqəti onun ruh və nəfsidir. Quranın buyurduğu kimi, insan Allahın ruhundandır. Yəni Haqqın cilvəsidir. Ona görə də nə zaman insan özünü dərk etsə həqiqətdə Allahın əzəmətini və qüdrətini dərk etmiş olar.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031