Quranın ilk nazil olan ayə və surəsi
Mьəllif: admin1
Tarix: 29-03-2022, 10:53
Quranın ilk nazil olan ayə və surəsi
İlk nazil olan ayə və surə haqqında üç nəzəriyyə mövcuddur:

1. Bəzilərinin fikrincə, ilk ayələr "Ələq" surəsinin ilk üç və ya beş ayəsi olmuş və Peyğəmbərin (s) besəti zamanı nazil olmuşdur.

Mələk nazil olub Peyğəmbəri (s) peyğəmbər olaraq səslədikdə dedi: "Oxu!" Peyğəmbər (s) dedi: "Nə oxuyum?" Onu (s) öz əhatəsinə aldı və dedi: "(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! O, insanı laxtalanmış qandan yaratdı. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi”.

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: "Peyğəmbərə (s) ilk nazil olan ayə "Bismillahir–Rəhmanir-Rəhim! (Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” və son nazil olan ayə isə "(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman…” ayəsi olmuşdur".

2. Bəziləri ilk nazil olan surənin "Müddəssir" olduğunu düşünürlər.

İbn Sələmədən nəql olunan bir rəvayətdə deyilir: Cabir ibn Abdullah Ənsaridən soruşdum: "İlk dəfə hansı surə və ya ayə nazil olmuşdur?"

Dedi: "Ey (libasına) bürünüb sarınan!” ayəsi. Dedim: "Bəs, "(Ya Peyğəmbər! Bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!...” ayəsi necə?"

Dedi: Peyğəmbərdən (s) eşitdiyim sözü sizin üçün deyirəm. Onun (s) belə dediyini eşitdim: "Bir müddət (vaxtımı) Həra dağında keçirtdim. Sonda dağdan endim və vadinin ortasına yetdim. Bu zaman bir səs eşitdim.

Hər tərəfə baxdım. Kimsə görmədim. Sonra başımı səmaya qaldırdım. Birdən onu (Cəbraili) gördüm. Məni titrətmə tutdu. Xədicənin yanına gəldim. Məni örtməsini istədim.

Bu zaman "Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!” ayəsi nazil oldu.

Bəziləri bu hədisi əsas götürərək vəhyin başlanğıcında Peyğəmbərə (s) nazil olan ilk surənin "Müddəssir" surəsi olduğunu bildirmişlər.

Lakin hədisin mətnində bu surənin nazil olan ilk surə olmasına hər hansı bir işarə vurulmur. Bu, yalnız Cabirin özünün hədisdən başa düşdüyüdür.

Güman ki, bu hadisə besətdən bir müddət sonra (fətrət - fasilə) baş vermişdir. Çünki besətdən sonra bir müddət vəhyin enişində fasilə yarandı və sonar yenidən nazil olmağa başladı. Aşağıdakı hədis bu müddəanı sübuta yetirir.

Cabir ibn Abdullahdan nəql olunan digər rəvayətdə Peyğəmbərin (s) vəhyin enişində yaranmış fasilədən söhbət açdığı məlum olur.

Peyğəmbər (s) buyurur: "Yoluma davam etdikdə birdən səmadan bir səs eşitdim. Həra dağına da gəlmiş mələyi gördüm. Onu görüb qorxuya düşdüm. Dizi üstə çökdüm. Sonra yoldan qayıdıb evə gəldim və dedim: "Üstümü örtün". Məni bürüdülər.

Bu zaman aşağıdakı ayələr nazil oldu: "Ey (libasına) bürünüb sarınan! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını təmizlə! (Nəfsini günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)” Sonra vəhy ardıcıl olaraq, fasilə yaranmadan nazil oldu.

3. Bəziləri ilk nazil olan surənin "Fatihə" surəsi olduğunu bildirmişlər. Zəməxşəri deyir: "Əksər təfsirçilər nazil olan ilk surənin "Fatihə" surəsi olması qənaətindədirlər.

Əllamə Təbərsi "İzah" kitabında ustad Əhməd Zahidin Səid ibn Müsəyyib vasitəsilə ilə İmam Əlidən (ə) nəql etdiyi bir rəvayəti qeyd edir. Rəvayətə görə, İmam buyurur: Peyğəmbərdən (s) Quran oxumağın savabı haqqında soruşdum.

O həzrət (ə) nazilolma ardıcıllığı ilə hər bir surənin savabını açıqladı. Məkkədə nazil olan ilk surə kimi "Fatihə" surəsini saydı. Sonra "Ələq", daha sonra isə "Qələm" surələrinin adını çəkdi.

Vahidi Nişapuri "Əsbab ən-nüzul" əsərində besətin başlanğıcı haqqında yazır: "Bəzən Peyğəmbər (s) tənha olduqda səmadan səs eşidirdi və bu onun qorxmasına səbəb olurdu.

Sonuncu dəfə mələk onu səslədi: "Ey Məhəmməd!" Həzrət (s): "Bəli!" – deyə cavab verdi. Mələk dedi: "De: "Mərhəmətli, rəhmli Allahın adı ilə! Həmd Allaha – aləmlərin Rəbbinə məxsusdur”.

Əlbəttə, Peyğəmbər (s) besətin əvvəlindən az ətrafı ilə (Əli (ə), Cəfər, Zeyd, Xədicə) namazı İslam sünnəsinə uyğun qılırdı və təbii ki, "Fatihə"siz namaz olmazdı.

Hədisdə deyilir: "Cəbrailin Peyğəmbərə (s) öyrətdiyi ilk şey dəstəmaz və namaz idi".

Bu, besətin "Həmd" surəsinin nazil olması ilə eyni vaxta təsadüf etməsini zəruriləşdirir. Cəlal əd-Din Süyuti deyir: "Heç bir zaman İslamda namaz "Fatihə"siz olmamışdır".

Sözügedən üç versiyanı müəyyən şəkildə bir yerə toplamaq olar. Çünki "Ələq" surəsinin ilk üç yaxud beş ayəsinin besət zamanı nazil olmasına şübhə yoxdur. Bu, yekdil versiyadır.

Sonra "Müddəssir" surəsinin əvvəlindən bir neçə ayə nazil olmuşdur. Lakin Peyğəmbərə (s) nazil olan ilk bütöv surə "Həmd" surəsidir. Besətin əvvəlində "Ələq" və ya "Müddəssir" surələrinin bir neçə ayəsi surə olaraq nazil olunmamışdır. Onlar yalnız digər ayələri də tam nazil olduqdan sonra surə adını almışlar.

Bu baxımdan ilk nazil olmuş surənin "Həmd" olduğunu desək, yanılmarıq. Bu surə "Fatihə əl-kitab" (kitabı açan) adlanır. Onun namazda oxunmasının vacibliyi əhəmiyyətinin göstəricisidir. Belə ki, bu xüsusiyyət onu Qurana tay olmaq ləyaqətinə yüksəldir.

"Səbən min əl-məsani" (Qurandan yeddi ayə) adlanan surə bir nəqlə görə yeddi ayədən ibarət olan "Həmd" surəsidir. Deməli, surələrin eniş ardıcıllığını onların başlanğıcı etibarı ilə nəzərə alsaq, ilk surə "Ələq", 5-ci surə isə "Həmd" surəsi olacaq. Əks təqdirdə, yəni enən tam surəni meyar hesab etsək, ilk nazil olmuş surə "Həmd" surəsi olacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930