Dua vasitəsilə Zilhiccə ilə tanışlıq
Müəllif: Admin
Tarix: 25-09-2014, 20:39
Dua vasitəsilə Zilhiccə ilə tanışlıq
Zilhiccə ayını tanıma baxımından, maarifçilik nöqteyi-nəzərindən məşhur duanın sözsüz ki, misli-bərabəri yoxdur. Bu dua 9 gün, hər sübh namazından sonra və məğrib (şam) namazından əvvəl oxunur. Duanın mahyyiətində olan mənəvi yük o dərəcədə zəngindir ki, onun ayrı-ayrı məqamlarında xüsusi vurğular etməyə əlavə ehtiyac duyulur.
İlk öncə duadan bəlli olur ki, bu günlər Rəbbimiz tərəfindən ilin digər günlərindən daha fəzilətli və daha şərafətli qərar verilmişdir. Müqəddimədə gələn bu anlam, bütövlükdə zilhiccə ayının ilk ongünlüyünün fövqəl əhəmiyyətini qavramağa yardım edir.
«Allahım! Öz lütfünlə və rəhmətinlə mənə bu günləri dərk etməyi nəsib etmisən» - deyə dua edir şükürlü bəndə. Bəs nələri istəməli, nələri diləməlidir o insan ki, bu günlərin bərəkətini dərk etmişdir? «Elə isə bizə bu günlərin xüsusi bərəkətlərini nəsib et, İlahi» - deyə çağırır bəndə. Bəs nədir bu ən böyük nemət? «Sənin salamın olsun İlahi, Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə» - deyilir burada.
Bu salam elə-belə salam deyil. Əvvəla, salamın cavabı vacibdir. Demək, Allah Rəsuluna (s) salam göndərən insan, mütləq o Həzrətdən (s) cavab almaq şərəfinə nail olacaq. İkincisi, bu müqəddəs insanlara salam göndərmək, onların dəyərlərinə «hə» demək, onların amalları ilə həmahəng olmaq deməkdir ki, bu, dua edən bəndəni gözləyən çox böyük, hətta misilsçiz mənəvi bir sərvətdən xəbər verir. Bəs nə var bu günlərdə ki, insan onlara can atmalıdır? Duada bizə öyrədilir: «Allahım! Bizlərə hidayət, iffət, insanlara ehtiyaclı olmamağı nəsib et. Bu yola bizi hidayət et! Bizə o əməlləri sevdir ki, onlarda Sənin razılığın var!».
Necə də gözəl müraciətlər var bu duada! Allah Təalanın kimliyi tanıtdırılır möminə. «Ey bütün şikayətlərin ünvanı, ey bütün gizli sirləri eşidən! Ey bütün varlıq aləminin şahidi! Ey bütün gizlinlərə elmi olan!» - deyə xitab edir Rəbbinə duanı oxuyan bəndə. Yaradanına mərifətli, tanıyaraq xitab etdikdən sonra, bəndə yenə dua edir: «Bu günlərdə bizlərdən bəlanı dəf et, bizlərdən duaları qəbul et! Bizi bu günlərdə qüvvətləndir! Bizə yardımçı ol, imdad ver! Xüsusi tofiqatını nəsib et!».
Nədir bu günlərin xüsusi tofiqatı? Məhz riza məqamı – Allahın razılığı olduğu işlərə daxili məhəbbət və istək. «Allahım! Özünə, Peyğəmbərinə, vilayət sahiblərinə itaəti ki, vacib buyurmusan, bizə qismət et ki, bu vücudi itaəti, ardıcıllığı yerinə yetirə bilək!» - deyə diləyir müxlis bəndə. Məhz burada var səadətin açarı – kamalın ardınca getmək durumuna sahib olmaq. «Sən həqiqətən duaları eşidənsən! Bizlərə Sənin razılığın olduğun duruma gəlmək üçün mənəvi halət ver!» - təkrarən çağırır bəndə, - «Bizi bu günlərdə nazil etdiyin xeyirlərdən məhrum etmə! Bizi günahlardan pak et! Ey qeybləri bilən Allah! Əbədi behişti bizə aid et bu günlərdə».
İmam Cəfər Sadiqdən (ə) gələn bu mübarək duanın davamında bəndə Allahdan istəyir ki, bağışlanmaz günah etməyə ona imkan verməsin, aradan aparılmayan qəmin gəlməsinə yol verməsin, ödənə bilinməyən borc ona yetişməsin. Dünya və axirətdə asudəlik və asanlıq istəyir bəndə Rəbbindən.
«Sən yaşla dolu gözlərə mərhəmət edənsən, duaları cavablandıransan, Sən yerlərin və göylərin Rəbbisən! Sən hər kəsin səsini tanıyansan» - yenə də Allah Təalanın kimliyini tanıtdırır insana İmam (ə) dua vasitəsilə. «Bəs elə isə Peyğəmbər (ə) və Əhli-beytinə (ə) salam göndər» - deyə münacat edir bəndə Rəbbinə. Cəhənnəm atəşindən qurtuluş və azadlıq istəyir bəndə: «Bizi bu günlərdə oddan, cəhənnəm atəşindən azad olanlardan, cənnətə çatmışlardan və rəhmətinlə nicat tapmışlardan qərar ver, ey mərhəmətlilərin Ən Mərhəmətlisi!».

/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031