Din nədir?
Mьəllif: admin1
Tarix: 12-03-2020, 23:18
Din nədir?
Alimlər din barədə müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Həmin bu irəli sürülmüş nəzəriyyələri əksər alimlər öz ixtisas və baxış bucaqları çərçivəsində izah etməyə çalışmışlar.

Biz də dinin nə olduğunu anlamaq üçün bu məfhuma müxtəlif bucaqlardan baxmalıyıq.

Psixoloqlar deyir ki, din fərdlərin təklik halında yaratdıqları hissi davranışları, təcrübə və fizioloji əməlləridir. Dinə inanan insanlar özlərini "İlahi” adlanan məfhumun qarşısında təslim edib, əməllərini bu görüş üzərində reallaşdırırlar.

Sosioloqlar deyir ki, din insanların müxtəlif zamanlarda inanc, ideoloji baxış, əməl, şüar və tutduğu yolları əhatə edir.

Materialislər bu barədə daha kəskin fikir bildirmişlər. Onlar deyir ki, din insanların istedadlarını azad şəkildə həyata keçirtmələrinin qarşısını alır, onlara bir sıra əmr və qadağalar qoyur.

Qərb alimləri din haqqında müxtəlif fikirlər söyləmişlər. Onları qeyd etsək geniş bir icmal yazmış olarıq ki, bunu şəxsi mütaliənin öhdəsinə buraxırıq.

Ümumi şəkildə deyə bilərik ki, qərb alimləri din haqqında müxtəlif fikirlər söyləsələr də, vahid bir fikirdə dayanaraq maraqlı bir görüşü etiraf etmişlər. O da budur ki, din hamının birmənalı qarşıladığı, qəbul etdiyi bir termin deyil.

Bu ad altında müxtəlif fikirlər formalaşmışdır ki, bu fikirlər dərindən analiz olunduqda bir-biri ilə əlaqəli olduğu aşkara çıxır. Belə bir əlaqəni avstriyalı filosof Lüdviq Vitgenşteyn ailə-qohumluq əlaqələrinə bənzətmişdir.

Bəs bu haqda İslam dini nə deyir? Ən əsas mənbə hesab edilən Quranın bu barədə olan baxışı necədir?

Quran terminologiyasında "din” məfhumu iki mövzuda işlənmişdir:

1. İstər haqq olsun, istərsə də batil, qeybi qüdrətə olan hər hansı bir ideologiya "din” adlanır. Belə ki, "Kafirun” surəsi 6-cı ayədə belə oxuyuruq:

لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

"Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə!)”

2. Quranda işlədilmiş "din” məfhumu, bir də, İlahi dinləri nəzərə alaraq ifadə etmişdir. "Ali-İmran” surəsi 19-cu ayədə belə oxuyuruq:

إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ

"Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.”

"Din” məfhumunun tərifi, onun lüğəvi mənasını araşdırsaq bir neçə mənalar da rastımıza çıxa bilər. Lakin ən zəruri, əsas qayə olan məfhumları nəzərinizə çatdırdıq.

Din dedikdə "Ali-İmran” surəsinin 19-cu ayəsində işlədilmiş "din” kəlməsinin məfhumu hər tərəfli diqqətimizi çəkir və onu İlahi dinlərə şamil edə bilərik.

Bu məfhumun öz-özlüyündə mərhələ və şərtləri vardır. Bu mərhələ və şərtlər barədə gələn məqalələrdə söhbət açacağıq.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031