“LEYLƏTÜL-MƏBİT” AYƏSİ VƏ ONUN TƏFSİRİ
Müəllif: Admin
Tarix: 9-11-2018, 10:38
“LEYLƏTÜL-MƏBİT” AYƏSİ VƏ ONUN TƏFSİRİ
Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur:

وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ

“İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”

Bu ayə İslam Peyğəmbərinin (s) Məkkədən Mədinəyə hicrət etdiyi zaman imam Əlinin (ə) fəziləti ilə əlaqədar nazil olmuşdur. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adı ilə məşhurdur.

Bu ayənin təfsiri ilə bağlı İslamın məşhur mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. O cümlədən:

1. Əhli-sünnənin məşhur təfsir alimlərindən olan Sələbi öz təfsir kitabında bu ayənin nazil olma səbəbini belə nəql edir: “Peyğəmbəri-Əkrəm (s) Mədinəyə hicrəti zamanı Əli ibn Əbi Talibi (ə) camaata olan əmanətlərini qaytarmaq üçün Məkkədə qoymalı oldu. Özü isə gecə yola düşmək istəyərkən, müşriklər tərəfindən evin mühasirəyə alındığını gördü və Əliyə (ə) onun öz yerində yatmağını göstəriş verib buyurdu: “Mənim yaşılrəngli örtüyümü üstünə atıb, mənim yerimdə yatarsan. Allahın köməyi ilə sənə heç bir zərər dəyməyəcəkdir!” Əli (ə) də Həzrətin göstərişinə əməl etdi.

Bu zaman Allah-Taala Cəbrail və Mikailə vəhy etdi ki, mən sizin aranızda qardaşlıq peymanı bağladım və ikinizdən birinizin ömrünü uzatdım. İndi sizin hansı biriniz digərinin uzunömürlü olmasını istəyir? Onların hər biri bunu özü üçün istədikdə, Allah-Taala buyurdu: “Nə üçün siz Əli ibn Əbi Talib kimi deyilsiniz? Mən onunla Mühəmməd arasında qardaşlıq peymanı bağladım. O, Peyğəmbərin yatağında yatdı və onun həyatını öz həyatından üstün bildi. Yerə enin və onu düşmənlərdən qoruyun!” Onlar yerə endilər. Cəbrail, Əlinin başı üstə, Mikail isə ayaq tərəfində durdu. Cəbrail dedi: “Afərin, afərin! Ya Əli, kim sənin kimi ola bilər?! Allah-Taala mələklərin yanında səninlə fəxr edir!”

Peyğəmbər (s) Mədinəyə tərəf yola düşdüyü zaman bu ayə nazil oldu: “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!”

Sələbinin nəql etdiyi bu hədisi təfsilatı ilə Qəzzali “Ehyaul-ülum” (3-cü cild, səh. 237), Gənci “Kifayətut-talib” (səh. 114), İbn Səbbağ Maliki “Əl-füsulul-muhimmə” (səh. 33), Sibt ibn Covzi Hənəfi “Təzkirətul-xəvass” (səh. 21), Şəblənci “Nurul-əbsar” (səh. 82) kitablarında nəql etmişlər. (“Əl-qədir”, c.2, səh.48.)

2. Bu rəvayəti Həskani “Şəvahidut-tənzil” kitabında azacıq fərqlə Hakim Əbu Səid Xudridən nəql etmişdir. (“Şəvahidut-tənzil”, c.1, səh. 196, hədis 133.)

3. Yenə həmin kitabda Abdullah ibn Süleymandan (başqa bir nüsxədə Abdullah ibn Abbasdan) belə nəql olunur: Peyğəmbər (s) mağaraya doğru getdiyi zaman gecə Əlini (ə) öz yatağında yatırtdı, özü isə Əbu Bəkrlə getdi. Qüreyşlilər Əliyə (ə) baxır və elə güman edirdilər ki, Peyğəmbərdir. Sübh açıldıqda gördülər ki, o Əlidir. Ondan “Mühəmməd haradadır?” – deyə soruşduqda dedi: “Mənim xəbərim yoxdur!” Dedilər: “Nahaq təəccüblənmədik ki, sənə tərəf daş atdıqda, o tərəf–bu tərəfə çevrildin, halbuki Mühəmmədə tərəf daş atdıqda, o yerindən tərpənməzdi. “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” – ayəsi bu hadisə ilə bağlı nazil olmuşdur.” (“Şəvahidut-tənzil”, c.1, səh.100.)

4. Hakim Nişapuri “Müstədrəküs-səhiheyn” adlı məşhur kitabında İbn Abbasdan belə nəql edir: “Əli (ə) Allah yolunda öz canını qurban etdi – Peyğəmbərin (s) libasını geyinib, onun yerində yatdı...” Hədisin sonunda isə belə oxuyuruq: “Bu hədis mötəbərdir, hərçənd, onu Buxari və Müslim öz kitablarında nəql etməmişlər!”

5. Yenə həmin kitabda Həkim ibn Cübeyr imam Zeyənlabidindən (ə) belə nəql edir: “Allahın razılığı yolunda canını fəda edən ilk şəxs Əli ibn Əbi Talibdir.”

Sonra yazır: “Əli (ə) Peyğəmbəri-Əkrəmin (s) yerində yatanda, bu şeri zümzümə edirdi:

Vəqəytu binəfsi xəyrə mən vətəəl-həsa,

Və mən tafə bil-bəytil-ətiqi və bil-hicri

Rəsulillahi xafə ən yəmkuru bihi,

Fənəccahu zut-təvlil-ilahi minəl-məkri,

Və batə Rəsulullahi fil-ğari aminən,

Muvəqqəən və fi hifzil-ilahi və fi sətri,

Və bittu iraihim və ləm yəthəmunəni,

Və qəd vətəntu nəfsi ələl-qətli vəl-əsri.

“Mən Yer üzünə qədəm qoymuş ən fəzilətli insanı, Kəbə evini və Həcərül-əsvədi təvaf edən kəsi canımla qorudum.

O, Allahın Rəsulu idi. Düşmənlərin məkr və hiyləsindən qorxsa da, qüdrətli Allah onu müxaliflərin hiyləsindən qorudu.

Allahın Rəsulu (s) mağarada əmin-amanlıqda olan zaman mən onları (düşmənləri) gözləyirdim.

Onlar mənim Peyğəmbərin (s) yerində yatmağımı güman etmirdilər. Bir halda ki, mən ölüm və əsirliyə hazır idim.” (“Müstədrəküs-səhiheyn”, c.3, səh.4.)

İmam Əlinin (ə) iman və fədakarlığını göstərən bu şerə digər kitablarda da təsadüf edilir.

6. Məşhur tarixçi Təbəri Peyğəmbəri-Əkrəmin (s) hicrəti ilə əlaqədar belə yazır: “Əli (ə) Peyğəmbərin (s) yerində yatmışdı, düşmənlər isə pusquda durub Peyğəmbərə (s) hücum çəkməyi gözləyir və onu öz yatağında uzandığını görüb deyirdilər: “And olsun ki, o Mühəmməddir!” Nəhayət, sübh açıldı və Əli (ə) Peyğəmbərin (s) yatağından qalxdı.” (Təbəri bu rəvayəti Peyğəmbərin (s) hicrəti ilə bağlı “Ənfal” surəsinin “(Ya Mühəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarıb qovmaq üçün sənə qarşı hiylə qurmuşdular. Allah da tədbir tökdü...” ayəsinin (30-cu ayə) təfsirində yazmışdır.)

7. İbn Əsir “Usdul-ğabə” kitabında imam Əlinin (ə) fəziləti haqda yazır: “Peyğəmbəri-Əkrəm (s) hicrət etmək istədikdə, əmanətləri camaata qaytarmaq üçün Əlini (ə) Məkkədə qoydu və elə həmin gecə Məkkədən mağaraya doğru yola düşdü. Halbuki müşriklər onun evini mühasirəyə almışdılar. O, Əliyə (ə) göstəriş verdi ki, onun yerində yatıb, yorğanını üstünə atsın.” Sonra o, “Leylətül-məbit” əhvalatını və Allah-Taalanın Cəbrail və Mikailə vəhyini nəql edərək yazır: “Peyğəmbər (s) Mədinəyə hərəkət etdiyi zaman Allah-Taala bu ayəni ona nazil etdi: “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah Öz bəndələrinə qarşı çox mehribandır!”

8. Əhli-sünnənin dörd imamından biri olan Əhməd ibn Hənbəl məşhur “Müsnəd” kitabında İbn Abbasdan “(Ya Mühəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək, ya öldürmək, ya da (Məkkədən) çıxarıb qovmaq (sürgün etmək) üçün hiylə qurmuşdular. Allah da tədbir gördü. Allah tədbirlilərin ən yaxşısıdır” ayəsinin (“Ənfal”/30) təfsirində belə nəql edir: “Qüreyşlilər Məkkədə bir-birilə məsləhətləşib, bəziləri “Onu öldürün”, bəziləri isə “Onu sürgün edin!” – dedikləri zaman Allah-Taala Peyğəmbəri (s) bu hadisədən xəbərdar etdi. Bu zaman Əli (ə) Peyğəmbərin (s) yatağında yatdı... (və Peyğəmbər (s) Məkkədən çıxdı.)” (“Müsnədi-Əhməd”, c.1, səh.347.)

Əhməd ibn Hənbəl bu rəvayəti “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq üçün öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır.” – ayəsinin təfsirində deyil, “Leylətül-məbit” ayəsi ilə əlaqədar nazil olan “Ənfal” surəsinin 30-cu ayəsinin təfsirində nəql etmişdir.

“Leylətül-məbit” hadisəsi ilə bağlı rəvayətlər bununla başa çatmır. Digər məşhur mənbələrdə də çoxlu rəvayət nəql olunmuşdur.

Rza Şükürlü

maide.az
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930