Təqvaya aparan 6 xüsusiyyət
Mьəllif: admin1
Tarix: 7-06-2023, 10:16
Təqvaya aparan 6 xüsusiyyət
İmam Əli (ə) təqva əhlinin sifətlərini bəyan edən zaman buyurur: "Təqvalı haqqı deyər. Paltarları mötədildir. Yol və adətləri mötədilliklə və rəftarları təvazö ilə qarışmışdır”.

Quran təqva əhli haqqında buyurur: "O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır.

Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Qur’an onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. ("Bəqərə” 3-5).

Bu ayədə təvqa əhlinin 6 xüsusiyyəti bəyan edilmişdir, yəni bu 6 sifət onun təqva əhli olmasına şərait yaratmışdır.

1. Qeybə olan imanı.

Yəni o kəsin ki, qeybə imanı var, həmin insan təqva əhli olmaq üçün ilk şərtə malik olar. ("Sən ancaq nəsihətverici Qur’an(ı qəbul edən və on)a tabe olan, Rəhman (olan zahiri hiss üzvləri ilə dərk olunmayan Allah)dan gizlində qorxan kəsi qorxuda bilərsən”. ("Yasin” 11).

2. Namaz qılarlar.

Təqvalı olmağın başqa bir şərti isə namaz qılmaqdır. Yəni, bu insanlar özləri namaz qılmaqla yanaşı, ətrafında olanları və cəmiyyəti də bu gözəl əmələ dəvət edərlər.

3. Allah yolunda infaq etmək.

İnfaqın dairəsi genişdir və bura vacib infaqlar da daxildir, müstəhəb infaqlar da. Yəni, zəkat kimi, sədəqə kimi. İnfaq etmək - yəni, malını xərcləmək, ancaq özün üçün deyil, başqaları üçün.

Adətən adi insanlar özləri üçün xərcləyərlər, yeyəcəklərinə, geyəcəklərinə, əyləncələrinə. Bu ayədə məqsəd bu deyildir, Allah yolunda edilən xərcləmədir. Allah yolunda xərcləmək – həmin infaqdır.

4, 5. Peyğəmbərə (s) və keçmiş peyğəmbərlərə (ə) iman gətirmək.

Yəni bir insanın təqvalı olması onun iman gətirməyindən asılıdır. Yəni, vəhyi qəbul etməsindən asılıdır. Ola bilsin ki, bir insan Allaha iman bəsləsin, lakin Peyğəmbəri (s) qəbul etməsin.

Təqvalı olmaq üçün bu kifayət deyildir. Belə ki, Quran Allaha itaətdən sonra Peyğəmbərə (s) itaət etməyi əmr edir. "Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. ("Nisa” 59).

Həmçinin təqva əhli öz Peyğəmbəri (s) ilə yanaşı, başqa vəhy əhli olan peyğəmbərləri də qəbul etməli və onlara ehtiram göstərməlidir.

6. Axirətə iman bəsləmək.

Bəli, təvqalı olmağın başqa bir nişanəsi Qiyamətə və axirətə imandır. Təqvalı olmağın ən mühüm üsullarından biri də məhz budur, yəni axirətə və Qiyamət gününə iman bəsləmək. Bu bölmədə iman əhli yəqinə çatmalıdır, güman bəsləmək kifayət etməz.

Allah Təala bizləri təqva əhlindən qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031