Ramazan ayının Quran və hədislərdəki adları
Mьəllif: admin1
Tarix: 17-03-2024, 13:35
Ramazan ayının Quran və hədislərdəki adları
Mübarək Ramazan ayı barədə Quran və hədisləri mütaliə etdikdə görürük ki, bu mübarək aya müxtəlif adlarla müraciət olunmuşdur. İndi qeyd edəcəyəmiz adlar Quran və hədislərdə Ramazan ayı üçün zikr olunan adların bir qismidir.

Ramazan ayı: Bu mübarək ayın bir adı da Ramazandır ki, həm Quranda (“Bəqərə” surəsi, 185) və həm də hədislərdə zikr olunmuşdur. Dini ədəbiyyatlarda Ramazan – sözünün əsas iki mənası diqqət çəkir. Ramazan – Yəni yanmaq, yandırmaq. Bu mübarək ay insanın günahlarını təmizləyib pakladığı üçün bu aya Ramazan deyilir.

Ərəblər payızın əvvəlində yağan ilk yağışa Ramazan deyirlər. Çünki o yağış, təbiətin bütün toz-torpağını yuyur, təmizləyir. Ramazan ayı da insanın günahlarını yuyub pak etdiyi üçün ona bu ad verilmişdir.

Oruc ayı: Bu mübarək ad da, Quranda (“Bəqərə” surəsi, 183) və hədisdə keçməkdədir. Gərək yaşadığımız cəmiyyət, Ramazanda elə mənəvi abu-hava yaşasın ki, hər kəs bu ayın Ramazan olduğunu başa düşə.

Odur ki, hətta üzrlü səbəblərdən dolayı oruc tuta bilməyənlər şəxslər də gərək ictimai yerlərdə yemək, içmək və bu qəbildən olan işlərdən çəkinsinlər. Çünki bu ayın orucu və ayın özü Allah yanında hörmətlidir. Bu hörməti sındırmaq olmaz.

Bərəkət ayı: Allah bu ayda edilən əməllərə bərəkət verir. Az bir əmələ saysız hesabsız mükafatlar verir. Necə ki, Allah Rəsulu (s) Şəbaniyyə xütbəsində buna diqqət çəkərək buyurur: “Allah ayı, öz bərəkəti, rəhməti, və məğfirəti ilə sizə tərəf üz gətirir.

Onun gecələri digər bütün gecələrdən üstündür. Onun gündüzləri digər bütün gündüzlərdən üstündür. Onun zamanları digər bütün zamanlaran daha üstündür. Allah bu ayda sizin çəkdiyiniz nəfəsə də, yuxunuza da savab verir”.

Səbir ayı: Bu mübarək ay insana səbri öyrədir. İnsan digər aylarda haram qarşısında səbir etdiyi kimi bu ayda səbrini daha da kamilləşdirir və halal nemətlərdən də imtina edir. Hədis və ayələrə əsasən səbir əsasən üç cür olur:

Müsibət qarşısında səbir. 2. İtaətdə səbir. 3. Günahlar qarşısında səbir.

Namaz ayı: Hədislərdə Ramazan ayının bir adı da namazdır. Digər günlərdə namaz qılmayanlar belə bu ayda namaz qılır və orucu tutmağa çalışır. Namaz bu ayda daha çox yada düşür.

Ayların sultanı: Hər bir sahənin bir rəhbəri və böyüyü olduğu kimi, ayların içərisində də Ramazan bütün ayların rəhbəri sayılır. Beləliklə Ramazan, digər ayların içərisində ən üstün, ən şərəfli, ən fəzilətli aydır. Hədislərə əsasən Allah Qiyamətdə Ramazanın məqam və dərəcəsini insanlara göstərəcək.

Hədisdə buyrulur: “Necə ulduzların içərisində ayın xüsusi yeri var, ayların içərisində də Ramazan ayının xüsusi məqam və dərəcəsi var.”

Dua ayı: Allah Rəsulunun Şəbaniyyə xütbəsində yenə bu məqama işarə olunaraq buyrulur: “(Ramazan elə bir aydır ki) o ayda dualarınız qəbul olur.”

Allah bu ayda edilən duaların qəbulluğuna zəmanət verir. Hədislərdə xüsusən namazlardan sonra edilən dualara diqqət çəkilib.

İbadət ayı: Bu ay insan bir çox ibadətləri yerinə yetirir. Qəza namazları olan qəzalarını da qılmağa vaxt ayırır. Bunu da qeyd edək ki, ibadət təkcə namaz deyildir.

İnsanla Allah arasında rabitə yaradan bütün xeyir əməllər ibadətdir. Sədəqə vermək, bir orucluya iftar vermək, insanlara qarşı mehriban olmaq və sairə.

İtaət ayı: Allaha itaət bu ayda daha çox gözə çarpır. Digər günlərdə ibadətdən yayınan kimsələr belə bu ayda oruc və namazların yerinə yetirməklə Allaha itaət edir.

Allah dostlarının ayı: Allah Rəsulu (s) bu aya müraciət edərkən buyurur: “Salam olsun sənə ey Allahın əzəmətli ayı və Allah dostlarının ayı.”

Hər kəs bu aydan öz elmi və istedadı qədərincə istifadə edir. Bəziləri bu ayın orucunu özünə yük bildiyi kimi, bəziləri də bu ayın orucunu özünə böyük qazanc və nemət bilir. Allah dostları bu ayı çox səbirsizliklə gözləyirlər. Çünki onlar yaxşı bilirlər ki Allah onlara bu ayda hansı nemətləri əta edəcək.

Bağışlanma ayı: Allah bu ayda tövbə edən insanları bağışlayır. Şübhə yoxdur ki Allah hər zaman tövbə edən hər kəsin günahını əfv edir. Amma bu mübarək ayda Allah dəstə-dəstə insanları bağışlayır. Kiçik bir əməl müqabilində belə öz rəhmətin bəndələrinə nazil edir.

Tövbə ayı: Bu ayın adlarından biri də tövbə ayıdır. Hədislərdə bu mübarək ayda insanları tövbəyə təşviq edən hədislər mövcuddur. Allah bu ayda tövbələri daha çox qəbul edir, və bu iş daha çox bu ayda özünü biruzə verir.

Əxlaq ayı: Bu ay özümüzü islah etməyə bir fürsətdir. Oruc tutan şəxs təkcə yemək və içməkdən çəkinmir. O həm də bütün bədən üzvlərini idarə etməyi öyrənir. Bir ayda onu Allahdan ayrı salan daxili və xarici maniələrlə mübarizə aparır, əxlaqını gözəlləşdirir.

Tilavət və ya Quran oxunan ay: Qurani-Kərimi Ramazan ayında oxumağın özünə məxsus savabı vardır. Nümünə üçün iki hədis oxuyaq:

Hədis: “Hər kim orucluqda Qurandan bir ayə oxusa digər aylarda Quranı xətm etmiş kimidir.”

Hədis: “Allahdan istəyin ki bu ayın orucunu və bu ayda Quran oxumağı sizə nəsib etsin.”

Şəfaət ayı: Ramazan ayı Qiyamətdə oruc tutanlara şəfaət edəcək. Hədisdə buyrulur: “Necə ana balasını, bir izdihamın içərisində görsə tanıyar, eləcə də oruc da, Qiyamət səhnəsində oruc tutanları bir-bir camaatın içindən seçər və şəfaət edər.”

İslam ayı: Hədis: “Bu ay İslam ayıdır.”

İslami ayinlər bu ayda daha çox yerinə yetirilir. İslam bu ayda daha çox yada düşür.

Xalis ay: Gərək çalışaq ki bu ayda əməllərimiz daha xalis ola. Günahlara aludə olmayan bir halətdə Allaha tərəf pərvaz edə.

Təmizlənən ay: Ramazan ayı, insanı paklaşdıran və təmizləyən bir aydır. İnsan günah və mənəvi xəstəliklərdən azad olur təmizlənir.

QEYD: Mübarək Ramazan ayının bu adları, Quran və hədislərdə rast gəldiyimiz və toplaya bildiyimiz adlar idi ki sizlər ilə paylaşdıq.


Mahir Şəkərov- İlahiyyatçı araşdırmaçı

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930