Haqqullah və haqqun-nas – İmam Səccadın (ə) mübarək nəzərində
Mьəllif: admin1
Tarix: 8-09-2021, 22:02
Haqqullah və haqqun-nas – İmam Səccadın (ə) mübarək nəzərində
İmam Səccadın “Hüquq risaləsi” Əhli-Beyt (ə) məktəbinin ən mötəbər mənbələrindən biri hesab olunur. Bu risalədə siyasi, ictimai, iqtisadi və hökumət rabitələrinə aid hüquqlar bəyan edilmişdir.

Bəs əziz İmamın (ə) haqqullah barəsindəki nəzəri necədir?

Bu risalədə bəyan olunan ilk haqq – haqqullahdır. Allahın Öz bəndələri üzərindəki haqqı çoxdur. Ona iman gətirmək, etiqad bəsləmək, əmrlərinə itaət etmək, bəndəlik etmək kimi.

İmam Səccad (ə) bu haqda buyurur: “Allahın ən böyük haqqı odur ki, Ona pərəstiş edəsən və heç nəyi Ona şərik qoşmayasan. Əgər bu işi ixlasla etsən, Allahın öhdəsindədir ki, sənin dünya və axirət işlərinə kifayət etsin. O şeyi ki, istəyirsən, sənin üçün saxlasın”.

Bəli, bu hədisdən də göründüyü kimi, haqqullah bəndə ilə Allah arasında olan haqdır ki, insan özü şəxsən onu yerinə yetirməlidir.

Bəs haqqun-nas haqqındakı nəzəri necədir?

İlk olaraq deməliyik ki, Allah Təala, haqqun-nas qanununu ona görə təyin etmişdir ki, cəmiyyətdə əmin-amanlığa riayət olunsun və insanlar bir-birinə hörmət edib, ehtiramlarını saxlasınlar.

Haqqun-nas müxtəlif sahələrdə bəyan edilir. Eyni zamanda valideyn ilə övlad arasında olan haqq, ərlə arvad arasında olan haqq, qardaşlıq hüququ, ictimai hüquq, qonşuluq hüququ... və s. bu kimi.

Əziz İmam Səccadın (ə) nəzərinə əsasən, haqqun-nasa aid edilənlərin bəzilərinə diqqət edək:

1. Müəllim haqqı. Gərək ona hörmət edib, dediklərinə qulaq verəsən. Onun səni öyrətməsi üçün ona yardım edəsən.

2. Həyat yoldaşının haqqı. Hər iki tərəf bilməlidir ki, Allah onları bir-birinin libası olmaq və bir-birinin ehtiyacını ödəmək, bir-birinə həmdəm olmaq üçün xəlq etmişdir. Hər bir həyat yoldaşı öz yoldaşına görə Allaha həmd etməli və ona İlahi nemət kimi baxmalıdır.

3. Ana haqqı. Ananın haqqı odur ki, biləsən ki, o, səni dünyaya gətirmiş və qəlbinin meyvəsindən sənə yedizdirmişdir. Səni qorumağa çalışmışdır.

4. Ata haqqı. Ata haqqı odur ki, biləsən o, sənin köklərindir. Sən isə onun budağısan. Biləsən ki, əgər o, olmasaydı, sən də olmazdın. Nə zaman özündə xoşuna gələn bir sifət görsən, bil ki, onu atandan irs aparmısan və ona görə Allaha şükür et.

5. Övlad haqqı. Övladın haqqı odur ki, biləsən o, səndəndir. Yaxşı olmağı, pis olmağı – bu dünyada səndən asılıdır. Sənin boynundadır ki, onu yaxşı tərbiyə edəsən. Ona Allahı, peyğəmbərləri (ə) və İmamları (ə) tanıdasan.

6. Din qardaşının haqqı. Din qardaşının haqqı odur ki, biləsən o, sənin iş gördüyün əlindir və sənin arxanda dayanmışdır, dayağındır.

Ona etimad etsən – sənin izzətindir. Məbada onu Allaha itaətsizlik mənbəyi biləsən. Əksinə, ona Allahın düşmənlərinə qalib gəlməkdə yardım etməlisən.

7. Qonşuluq haqqı. Qonşuluq haqqı odur ki, evində olmayan zaman qonşuluq haqqına riayət edəsən. Eybini tutmayasan və pis işlərini ifşa etməyəsən. Çətinliklərdə onu tək buraxmayasan. Nemət sahibi olan zaman ona həsəd aparmayasan. Günahlarını bağışlayasan. Əgər sənə qarşı nadanlıq edərsə, səbir edəsən. Onunla mehriban rəftar edəsən.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930