Meyiti niyə dəfndən öncə iki-üç dəfə qaldırıb yerə qoyurlar?
Mьəllif: Admin
Tarix: 13-04-2024, 12:30
Meyiti niyə dəfndən öncə iki-üç dəfə qaldırıb yerə qoyurlar?
Bu məsələ bəzən adət kimi görünsə də əslində özünəməxsus fəlsəfəsi vardır. Lakin bu məsələyə hər məzhəbin öz baxışı var və fərqli şəkildə təqdim edilir. Buna görə də məsələni şiə və sünni məzəhəbi baxımından təhlil etmək məcburiyyətindəyik.

Mövzu haqda ümumi fikirlərimiz

Dünya həyatı ilə vidalaşan hər bir insan növbəti bir həyata başlamaqdadır və o, dünya mənzillərindən son, axirət mənzillərindən isə ilkinə qədəm qoyur.

Yeni bir həyata, xüsusən də qəbir həyatına ilk girişi insana qəribə anlar yaşadır. Əhli-sünnə məzhəbi meyitin dəfnindən sonra bir müddət gözləməyi və bu yolla onu qəbir həyatına öyrəşdirməyin tərəfdarı olsa da, şiə məzhəbi həm öncə, həm də sonra meyiti tək qoymamaq tərəfdarıdır.

Meyitin qəbir həyatına öyrəşdirilməsi əhli-sünnə mənbələrində

Osman bin Əfvan rəvayət edir: “Peyğəmbər (s) meyiti dəfn etdikdən sonra qəbrin yanında dayanar və deyərdi: Allahdan qardaşınızın bağışlanmasını və sabitqədəm olmasını diləyin. Həqiqətən o, hal-hazırda sorğu-sual olunur.” “Əbu Davud”, Cənaiz kitabı, 69

Səhabədən olan Əmr bin As deyir: “Məni qəbrimə dəfn etdiyiniz zaman bir dəvə kəsib ətini doğrayacaq qədər qəbrimin başında gözləyin ki, sizin varlı¬ğınızla yeni həyatıma uyğunlaşım və Rəbbimin elçilərinə verəcəyim cavaba hazırlaşım.” “Səhih Müslim”, İman, 192

Əhli-sünnənin dörd məzhəb imamından biri olan İmam Şafei deyir: “Qəbrin başında Qurandan ayə və sürələr oxumaq müstəhəbdir. Quranı xətm eləmək isə daha gözəldir.” “Əşşafii- “Əl-Mənaqib” kitabı, səh. 204; Nəvəvi – “Riyazus-Salihin”, səh. 293

Meyitin qəbir həyatına öyrəşidilməsi şiə mənbələrində

İmam Sadiq (ə) buyurur: “Qardaşınızı qəbrə yaxınlaşdırdığınız vaxt onu qəfil qəbrə daxil etməyin. Onu qəbrə bir neçə zira ( zira – yəni dirsəkdən barmaqların ucuna qədər olan məsafə) qalmış yerə qoyun, ta o bu vasitə ilə (qəbrə) hazırlaşa." Muhəmməd ibn Əli ibn Babeveyh, “İləluş-Şəraye” Dərəcatul-Lisəqafə, c. 1, səh. 306

Digər rəvayətdə gəlmişdir ki, meyiti qəbrə tərəf apardıqda onu dərhal qəbrə daxil etməyin. Çünki qəbirdə qorxular vardır. Gərək o qorxulardan Allaha pənah apara və ruhi rahatlıq tapa.

Onu qəbrin yaxınlığında yerə qoyun və bir az səbr edin. Sonra onu yavaşca və tədricən qabağa aparın və yenə bir az səbr edin. Beləcə o, ruhi aramlıq tapar. Sonra onu qəbrə tərəf aparın.

İmam Xomeyni “Təhrirul-Vəsilə” kitabında yazır: “...Meyiti tələsərək və dərhal qəbrə qoymasınlar. Əksinə, onu fasilələrlə iki ya üç zira qalmış yerə qoysunlar və azca səbr etsinlər. Bir qədər qabağa aparıb bir az da səbr etsinlər. Sonra onu qəbrin kənarına gətirsinlər. Ta qəbir sorğu sualına hazır olanadək. Çünki qəbir böyük qorxularla doludur və ondan Allaha pənah aparırıq.” “Təhrirul-Vəsilə”, İmam Xomeyni, c. 1, səh. 159. Çap: Məktəbətul-İtimad Eyni mətləbi Şəhid Sani də “Şərhe Lümə” əsərində qeyd etmişdir. Şəhidi Sani, “Şərhe Lümə”, c. 1 səh. 68

Mərhum Əllamə Muhəmmədtəqi Məclisi yazır: “Bir qədər səbr edin ki meyit qəbrə daxil olma qabiliyyətinə malik olsun. Çünki çox olub ki, bir nəfəri qəhhar olan hakimin qarşısına aparalar, o da qorxudan lal ola, dili tutula. Odur ki, bir qədər səbrlə və yavaş-yavaş onu qəbrə tərəf aparın...” “Ləvame”, Məclisi, c. 2, səh. 400

Hər iki məzhəbin kitablarından bu cür rəvayətləri mövzuya artırmaq olar. Lakin məsələ nəticə etibari ilə eyni olduğundan bu qədəri ilə kifayətlənirik.

Hər iki ənənəvi məzhəbin gətirdiyi dəlillərə əsaslanıb deyə bilərik ki, bu əməl yuxarıda qeyd etdiyimiz kimi, meyiti qəbir həyatına uyğunlaşdırmaq, qorxulu qəbir evinə öyrəşdirmək və onun orada sabitqədəm olması üçündür.

Mahir Şəkərov – İlahiyyatçı, araşdırmaçı

"İslamda Vardır" kitabından

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930