Ayətullah Məhəmməd Cavad Lənkərani: Hüzuri-qəlbin maneələri
Mьəllif: admin1
Tarix: 7-02-2021, 10:16
Ayətullah Məhəmməd Cavad Lənkərani: Hüzuri-qəlbin maneələri
Həzrət İmam Riza (ə) buyurur: “Xoş o kəsin halına ki, Allah üçün ixlasla ibadət və dua edir, qəlblərini gözləri ilə gördüyü şeylərə məşğul etmir və qulaqları ilə eşitdiyi şeylərə görə Allahın zikrini unutmurlar.”(1)

Namaz son dərəcə sirr, həqiqət, təsir və faydalara malikdir, insanın bu sirlərdən müəyyən bir miqdarına nail olması və ondan faydalanması üçün Allah təbarək və təala bütün imkanları, yolları nəzərə almışdır.

Əgər namazın vaxtı əldən çıxsa, buyurur ki, namazın qəzasını yerinə yetirsin. Əgər fərz və vacib əməlləri xüşu və hüzuri-qəlblə səhih yerinə yetirməsə, nafilə və müstəhəb əməllər vasitəsilə onun əvəzini çıxsın.

Zürarə həzrət İmam Baqirdən (ə) belə nəql edir:

“Namaz qılmaq üçün dayanarkən, gərək Allah təbarək və təalaya rəğbətlə üz tutasan.”

“Namaz qılmaq səbəbilə qazandığın fayda, sənin Allaha rəğbət göstərib diqqət yetirməyin miqdarındadır.”

Yəni insan iki, üç və ya dörd rükətli bir namazda hər nə qədər Allah təbarək və təalaya meyl göstərib yaxın ola bilərsə, qıldığı namazdan əldə etdiyi fayda də həmin qədər olacaqdır.

“(Namaz əsnasında) əlinlə, saqqalınla və başının tükü ilə boş yerə oynama və öz-özünlə danışma.”

Yəni namazda fikrin, zehnin və diqqətin Allahda olsun, diqqətini başqa məsələlərə məşğul etmə. (2)

Bu incə və mühüm mətləb Rəsuli-əkrəmin (s) dəyərli sözlərində də dəflələrlə qeyd olunmuşdur.

Həzrət buyurur: “Bəndə namaz qıldığı vaxt şeytan onun sorağına gəlir və ona deyir ki, onu yada sal, bunu yada sal. Belə ki, insan hətta neçə rəkət namaz qıldığını yaddan çıxarar.”

Bu hədis çox heyrətlidir. Şeytanın mühüm işlərindən biri məhz namaz əsnasındadır. Əsasən, insan namaz qılmağa dayanarkən şeytan işinə başlayır.

Namaz əhli olmayan bir kəsin üzərində şeytan sərmayə qoymur və onunla şeytanın heç işi yoxdur. Amma namaz qılmağa dayanan bir şəxs, bu namaz vasitəsilə həmişəlik şeytandan uzaqlaşması, şeytanla mübarizədə namazın çox güclü bir vasitə olduğundan şeytan ona qarşı hərəkətə keçir.

Rəsuli-əkrəm (s) buyurur: “Allahın bəndəsi namaza dayandıqda şeytan gəlib ona deyir: “bunu yada sal, onu yada sal”. Namaz qılmağa dayanarkən yadımıza düşür ki, bu gün filan işi etməliydim, etməmişəm; filankəsə filan sözü deməliydim, deməmişəm.

Beləliklə, insanın zehni müxtəlif məsələlərə elə məşğul olur ki, Allahın zikrindən və namazın həqiqətindən tam uzaqlaşır.

Bəzi vaxtlar insan düşünür ki, əgər bir şeyi yada salmaq istəsə, namazda yadına düşəcəkdir. Həqiqətdə isə insanın tam unutduğu və yaddaşından silinib gedən bir şeyi namaz əsnasında ona xatırladan, şeytandır.

Əziz bacı və qardaşlar! Hər vaxt Aləmlərin Rəbbinin hüzurunda dayanıb namaz qılarkən, Allahdan başqa bir mətləb –istər elmi mətləb olsun, istərsə də qeyri-elmi, maddi olsun və ya qeyri-maddi– hər nə zehnimizə gəlsə, bilavasitə Rəsuli-əkrəmin (s) həmin hədisini zehnimizdə canlandıraq, yəni yada salaq ki, bu vadiyə bizi şeytan aparmışdır.

Şeytan bizi Allahdan qafil etmək, hüzuri-qəlbimizi əlimizdən almaq, beləliklə, Allaha yaxınlaşa bilməməyimizi istəyir. Ona görə də namazda hüzuri-qəlb məsələsinə ciddi diqqət yetirək.

Digər bir hədisdə İmam Sadiq (ə) buyurur:

“Namazda olduğun zaman hüzuri-qəlb və ayıq-sayıqlıqla namaza diqqət et. Allah-təala buyurur: O kəslər ki, namazlarında (Allaha) müti olub (Ona) boyun əyərlər!” (3)

İmam Riza (ə) həzrət Əmirəlmöminindən (ə) nəql edir ki, həzrət buyurur: “Xoş o kəsin halına ki, ixlasla ibadət və dua edir”.

“Qəlbini gözləri ilə gördüyü şeyə məşğul etmir”.

“Qulaqları ilə eşitdiyi şeylərə görə Allahın zikrini unutmur”. (4)

Təəssüflər olsun ki, bəzi vaxtlar insan namazı müxtəlif xoşagəlməz səslərin olduğu yerdə qılır, hətta əyləncə və eyş-işrət səslərini eşidir, ona qulaq asır.

Bu necə namazdır ki, Allaha təhvil verilir?! Namaz halında insanın gözü, qulağı və qəlbi yalnız Allah-təalaya yönəlməlidir ki, bu namaz onun göylərə yüksəltsin.

1. “Kafi”, cild-2, səh. 16; “Vafi”, cild-4, səh. 374; “Vəsailuş-şiə”, cild-1, səh. 59
2. “Vəsailuş-şiə”, cild-5, səh. 463 74
3. “Vəsailuş-şiə”, cild-5, səh. 473
4. “Kafi”, cild-2, səh. 16 76

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930