Qiyamətdə əməl naməsi
Mьəllif: admin1
Tarix: 7-02-2021, 10:12
Qiyamətdə əməl naməsi
Allah-Taala Qurani-Kərimin “İsra” surəsinin 13-14-cü ayələrində buyurur:

وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا. اقْرَأْ كَتَابَكَ كَفَى بِنَفْسِكَ الْيَوْمَ عَلَيْكَ حَسِيبًا

“Hər bir insanın əməl naməsini onun boynundan asmışıq və Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər. (Qiyamətdə insana deyilər:) Kitabını oxu. Bu gün özünün özünlə hesab aparmağın yetər.”

Ayədəki “tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.

Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:

1. “Əməl naməsi hamı üçündür.”

2. “Həmin namədə bir şey ötürülməmişdir.” (“Kəhf”, 49.)

3. “Günahkarlar ondan qorxar.” (“Kəhf”, 49.)

4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər. (“İsra”, 14.)

5. “Nicat tapanların kitabı sağ, Cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.” (“Əl-haqqə”, 19.)

İmam Sadiq (ə) buyurur: “İnsan əməl naməsində öz əməllərini o qədər aydın görər ki, sanki uyğun əməllər həmin saat baş vermişdir.” (“Təfsiri-Nurus-Səqəleyn”.)

Fəxr Razi deyir: “İnsanın əməlləri onun ruhuna təsir göstərir. Oxumaq dedikdə, dərk etmək başa düşülür.” (“Təfsiri-Kəbir”.)

“Əl-Mizan” təfsirində qeyd edilir ki, “kitab” dedikdə, əməllərin özü nəzərdə tutulur.

Bir çox rəvayətlərdə tövsiyə olunur ki, insan Qiyamətdən öncə özü ilə hesab çəksin. (“Biharul-ənvar”, c.70, səh.73.)

Bu sayaq hesab insanı oyadır və qəflətdən uzaqlığı göstərir.

Hədisdə deyilir: Hər kəs dünyada özü ilə hesab çəksə, axirət hesabı asan olar. Elə bu dünyada həyat kitabımızı, əməl naməmizi oxumalıyıq ki, zəif nöqtələri aradan qaldıraq, pisliklərə tövbə edib, yaxşı əməllərimizi artıraq. (Bir ata öz övladından hər gün əməllərini qeyd etməsini istədi.

Oğul bir gün bu işi görsə də, ikinci gün çətinlik çəkdi və atasından üzr istədi. Atası dedi: “Əziz övladım! Bütün əməllər bu sayaq yazılır. Əlbəttə ki, Qiyamətdə bütün əməllər açılar və öz əməlindən peşman olarsan.” (“Təfsiri-Kəşful-Əsrar”.)

Bildirişlər

1. Hesab-kitab hamı üçündür və kimsə istisna olunmayıb.

2. Bütün insanlar əməl namələri ilə birlikdə məhşərdə dayandırılarlar.

3. İnsanın əməli ondan ayrılmaz.

4. İnsanın xoşbəxtlik və bədbəxtliyi onun əməllərindən asılıdır. Bu istiqamətdə bəxt kimi amillər rol oynamır.

5. Allah insanın bütün əməllərindən xəbərdardır. Əməl naməsinin boyundan asılmasında məqsəd onun insanın özünə anlatmaqdır.

6. İnsanın bütün əməl və hərəkətləri qeyd olunar. İnsan dünyada əməllərinin qeydə alındığını hiss etməsə də, Qiyamətdə əməl naməsi açılar və gizli işlər ifşa olunar.

7. Qiyamətdə bütün insanlar öz əməl namələrini oxuya bilirlər.

8. Qiyamətdə vicdanlar oyanır.

9. Qiyamət günahkarların öz əleyhinə şəhadət verdiyi yeganə məhkəmədir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, c.7, “İsra” surəsi, 13-14-cü ayələrin təfsiri.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930