Tövratın, İncilin, Zəburun, müqəddəs səhifələrin müqabilində Allah Təala Həzrət Peyğəmbərə (s) nələri əta etmişdir?
Mьəllif: admin1
Tarix: 16-01-2019, 10:28
Tövratın, İncilin, Zəburun, müqəddəs səhifələrin müqabilində Allah Təala Həzrət Peyğəmbərə (s) nələri əta etmişdir?
Şam əhlindən olan yəhudi Mədinəyə daxil olur. O, Tövratı, İncili, Zəburu və peyğəmbərlərin (ə) səhifələrini oxumuş alim idi. Peyğəmbərin (s) səhabələrinə ki, aralarında Əmirəl-möminin (ə) də vardı, rast gəlir. Onunla İmam Əli (ə) arasında uzun bir müzakirə baş verir. Bu müzakirənin bir hissəsi ilə biz də tanış olaq.

İmam Əli (ə) qeyd edir ki, nə zaman Həzrət Peyğəmbər (s) öz fəzilətlərini saymaq istəsə idi, buyurardı: “Mən onların heç biri ilə iftixar etmirəm”.

Yəhudi: “Həzrət İbrahim (ə) Nəmruddan üç pərdə görünməz idi”.

İmam Əli (ə) buyurur: “Elədir. Peyğəmbər (s) də öz qatilindən beş pərdə görünməz idi. O Həzrətin (s) iki pərdəsi – onun üstünlük və fəzl nişanəsi idi. Allah Təala Peyğəmbər (s) haqqında buyurur: “Biz onların önlərindən və arxalarından sədd çəkib, onları (hər bir tərəfdən) örtdük (yaxud gözlərini kor etdik). Buna görə də görmürlər (öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar)”. (“Yasin” 9).

Bu, birinci pərdə idi.

İkinci pərdə ilə başlarının arxasından sədd qərar verdik.

Üçüncü pərdə onların gözləri önündən asılmışdı ki, görə bilməsinlər.

Dördüncü pərdə haqqında Quran buyurur: “Qur’an oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Qur’an maarifinə diqqət yetirmələrinə mane olur)”. (“İsra” 45).

Beşinci pərdə haqqında buyurur: “Həqiqətən, Biz onların boyunlarına çənələrinə kimi çatan zəncirlər keçirmişik, buna görə də başları yuxarı doğru qalmışdır. (Buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə (nişanələrlə) ayılsınlar)”. (“Yasin” 8).

Bununla hicabların sayı 5-ə çatır”.

Yəhudi: “Kafir insan Həzrət İbrahimin (ə) gətirdiyi nübuvvət bürhanından çaşıb qalır”.

İmam Əli (ə) buyurur: “Elədir. Besəti inkar edən Muhəmmədin (s) yanına gəlir. O, həmin Əbi ibni Cəməhi idi. Bir gün köhnə sümükləri Həzrətin (s) yanına gətirir.

Onlara sığal çəkib ətrafa yayır və deyir: “Ey Muhəmməd! Kim bu cürümüş sümüklərə yenidən həyat verəcəkdir?”.

Allah Muhəmmədin (s) dilini möhkəm ayələr ilə danışdırdı və Əbi onun nübuvvət bürhanı qarşısında çaşıb qaldı. Həzrət (s) buyurdu: “De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər (növ) xilqəti, hər bir yaradılışı biləndir»”. (“Yasin” 79)”.

Yəhudi: “Həzrət İbrahim (ə) qəzəblənib bütləri məhv edir”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmməd (s) 360-a qədər bütü Kəbə evində yerə yıxır və onu Ərəb yarmadasında qadağan edir. Onlara pərəstiş edənləri isə qılıncı ilə xar və zəlil edir”.

Yəhudi: “Həzrət İbrahim (ə) oğlunu öz əlləri ilə yerə yatızdırır”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət İbrahim (ə) bu işindən sonra fayda əldə etdi.

Ancaq Həzrət Muhəmməd (s) daha ağır müsibət görmüşdür. O, əmisi Həmzənin cənazəsi başında hazır olmuşdu ki, dinin yavəri və Peyğəmbərin (s) şiri idi. Ondan ayrılmaq sanki ruhun cəsəddən ayrılması kimi idi. Buna baxmayaraq üsyan etmədi, onun halına əhli-beytinin gözündən baxmadı. Bu səbir və təslimi ilə Allahın razılığını əldə etdi”.

Yəhudi: “Həzrət İbrahimi (ə) qövmü atəşə atır və o, səbir edir və Allah ona nicat verir. Belə bir hadisə Muhəmmədin (s) başına gəlmişdirmi?”.

İmam Əli (ə) buyurur: “Elədir. O zaman ki, Həzrət Muhəmməd (s) Xeybərə daxil olur, yəhudi qadın onu zəhərləyir. Allah o zəhəri Həzrətin (s) qəlbində sərtləşdirir və əcəli çatana qədər salamat olur. O zəhər elə idi ki, əgər qəlbə çatarsa, atəş kimi onu yandırardı. Bu, Allahın inkarolunmaz qüdrətindən idi”.

Yəhudi: “Həzrət Yəquba (ə) övladı tərəfindən xeyir nəsib olur. İmranın qızı Məryəm (s.ə) də onun qızlarından idi”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmmədə (s) bununla bağlı daha çox xeyir nəsib olmuşdur. Çünki aləmlərin banularının sərvəri olan Fatimə (s.ə) onun qızı, Həsən (ə) və Hüseyn (ə) isə qızının övladları idi”.

Yəhudi: “Həzrət Yəqub (ə) övladından uzaq olduğu üçün səbir edir və bu qəminə görə vəfat edir”.

İmam Əli (ə) buyurur: “Elədir. Yəqubun (ə) qəmi uzun bir qəm idi ki, görüşlə nəticələnir. Həzrət Muhəmməd (s) gözünün nuru olan övladı İbrahim, özü həyatda olan zaman vəfat edir, ona çoxlu savab nəsib olur. Həzrət (s) buyurur: “Can qəmgindir, qəlb sızıldayır, ey İbrahim, biz sənə qəmginik”.

Ancaq dilinə Allahı qəzəbləndirəcək bir söz gətirmədi. Bütün bu işlərdə Allahın razılığını düşündü”.

Yəhudi: “Həzrət Yusif (ə) atasından uzaq olmağın dərdini çəkir və günahdan uzaq olmaq üçün zindanı seçir. Tək halda quyuya atılır”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmməd (s) də ailəsinin, övladının və malının qəmini çəkmişdir. Allahın hərəmindən hicrət etmişdi. O zaman ki, Allah onun bu halını müşahidə edir, Yusifə (ə) göstərdiyi kimi, yuxunu ona göstərir. Onun doğru olduğunu dünyaya nişan verir. Allah buyurur: “Həqiqətən Allah Öz peyğəmbərinin yuxusunu (yuxuda ona dediklərini) haqq olaraq gerçəkləşdirdi ki, Siz Allahın istəyi ilə mütləq təhlükəsiz, başınızı qırxmış, tük və dırnaqlarınızı qısaltmış halda və (heç kəsdən) qorxmadan Məscidul-harama daxil olacaqsınız. Beləliklə, Allah sizin bilmədiklərinizi (bu vədin gələn ilə aid olmasını və onun təxirə düşməsində bir sıra hikmətlərin olmasını) bildi və ondan qabaq yaxın qələbəni (doğrudan da böyük qələbə olan Hüdeybiyyə sülhünü) qoydu”. (“Fəth” 27).

Yusif (ə) zindanda həbs olmuşdu, Peyğəmbər (s) də Əbu Talib dərəsində üç ilə həbs olur. Bütün qohumları onunla rabitəsini kəsirlər. Kafirlər onu çox sıxışdırırlar.

Baxmayaraq ki, Yusifi (ə) quyuya atmışdılar, Həzrət Muhəmməd (s) də düşmənin təhlükəsindən mağarada gizlənmişdi və yanındakı şəxsə demişdi: “Qəm yemə, Allah bizimlədir”.

Allah onu Quranda bu sözlərinə görə mədh etmişdir”.

Yəhudi: “Allah Həzrət Musaya (ə) Tövratı əta etmişdir”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmmədə (s) ondan üstününü əta etmişdir.

İncil qarşılığında Həzrətə (s) “Bəqərə” və “Maidə”surələrini vermişdir.

Tövrat qarşılığında isə “Şüəra”, “Qəsəs”, “Nəml”, “Taha”, “Ğafir”, “Fussilət”, “Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə”, “Əhqaq” surələrini əta etmişdir.

Zəburun qarşılığında təsbihləri, İbrahim (ə) səhifəsi və Musa (ə) səhifəsi qarşılığında “Bəni-İsrayil” və “Bəraət” surələrini qərar vermişdir.

Allah Təala Həzrət Muhəmmədə (s) “Fatihətul-kitab” ilə yardım etmişdir. Ona kitab və hikmət əta etmişdir”.

Yəhudi: “Allah, Musanın (ə) qəlbinə Öz məhəbbətini salmışdır”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmmədə (s) ondan üstününü əta etmişdir. Allah ona da həmin məhəbbətdən vermişdir. De görüm, Allah kimi bu ada şərik etmişdir ki, Allahın vahid olmasına şəhadət vermək, ancaq Muhəmmədin (s) risalətinə şəhadət verməklə kamala çatsın? Heç bir məkanda Allahın adı ucalmaz, məgər o halda ki, ondan sonra Həzrətin (s) əziz adı ucalar”.

Yəhudi: “Allah Musanın (ə) anasına vəhy göndərmişdir və bu da Musanın (ə) Allah yanındakı məqamından xəbər verir”.

İmam Əli (ə) buyurur: “Elədir. Allah Muhəmmədin (s) anasına da həmin lütfdən əta edir və ona çatdırır ki, sənin övladının adı Muhəmməddir. O əziz banu deyir: “Mən və bütün aləmlər şəhadət verir ki, Muhəmməd – intizarı çəkilən həmin rəsuldur”.

Bütün mələklər o peyğəmbərlərə müjdə verirlər ki, onlar öz kitablarında onun nişanələrini qeyd etmişdilər.

Allahın o banuya lütfündən idi ki, o əziz Rəsulun adını ona elan etmişdir. O banu yuxuda görür ki, ona deyirlər: “Sənin bətnində sərvər və ağa vardır. Nə zaman onu dünyaya gətirsən, adını Muhəmməd qoy və Allah onun adını öz adlarının birindən götürmüşdür. Allah Məhmud və o, Muhəmməddir””.

Yəhudi: “Allah Musanı (ə) Fironun yanına göndərir və böyük möcüzə göstərir”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmməd (s) bir çox Fironların yanına göndərilmişdir. Əbu Cəhlin, Rəbiyənin, İbni Harisin, Əbul-bəxtərinin, Həccacın iki oğlu və məsxərə edənlərdən beş nəfərin...”.

Yəhudi: “Allah Musaya (ə) görə Firondan ağır intiqam alır”.

İmam Əli (ə) buyurur: “Elədir. Allah Həzrət Muhəmmədə (s) görə də bu fironlardan ağır intiqam almışdır. Allah onu məsxərə edənlər haqqında buyurmuşdur: “Həqiqətən Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq”. (“Hicr” 95”)”.

Bir gün onu məsxərə edənlərdən biri olan Vəlid bir yerə gedirdi. Həmin yerdə bir nəfər tələ qurmuş və ox qərar vermişdi. Həmin ox ona dəyir və o, can verən halda deyir: “Muhəmmədin (s) Allahı məni öldürdü”.

Başqa bir məsxərə edən olan As ibni Vayil iş üçün bir yerə gedir və ayağının altında olan daş tərpənir və o, yıxılır. Tikə-tikə olur və ölür. O da deyir: “Muhəmmədin (s) Allahı məni öldürdü”.

Başqa bir məsxərə edən Əsvəd ibni Yəğus oğlunu qarşılamaq üçün şəhərdən çıxır. Bir ağacın altında dayanır. Bu zaman Cəbrayil (ə) nazil olur və başını ağaca çırpır.

O, nökərinə deyir: “Mənə bu şəxsdən nicat ver”. Nökəri deyir ki, mən heç kəsi görmürəm. Onu öldürür və o, deyir: “Muhəmmədin (s) Allahı məni öldürdü”.

Əsvəd ibni Mətləbi Peyğəmbər (s) nifrinləyir və buyurur ki, Allah gözünün nurunu söndürsün və onu oğlunun əli ilə qətl etsin. O, bir gün iş üçün bir yerə getmişdi ki, Cəbrayil (ə) yaşıl yarpaqla onun yanına gəlir və onunla onun üzünə vurur. O, kor olur. Allah övladını onu öldürməsi üçün vəzifələndirir.

Məsxərə edənlərin beşincisi olan Haris isti havada evindən çıxır və küləyə giriftar olur. Onun təsirindən üzü dəyişir və həbəşilərə (qara dərililərə) bənzəyir. O, zaman ki, evinə qayıdır, deyir ki, mən Harisəm. Ancaq insanlar ona inanmır və onu öldürürlər.

O, bu halda deyir: “Məni Muhəmmədin (s) Allahı öldürdü””.

Yəhudi: “Allah Musaya (ə) əsa verir ki, əjdəhaya çevrilir”.

İmam Əli (ə) buyurur: “Elədir. Həzrət Muhəmmədə (s) ondan üstününü vermişdir. Allah Muhəmmədə (s) əjdaha və 8 silahlı mələklə üstünlük vermişdir.

Bir gün Əbu Cəhl deyir: “Allaha and olsun ki, ölüm bizim üçün yaşamaqdan daha yaxşıdır. Siz Qureyş arasında elə kəs yoxdur ki, Muhəmmədi (s) öldürə bilsin”.

Deyirlər: “Yoxdur”.

Əbu Cəhl deyir: “Onda mən özüm onu öldürərəm. Əgər Əbdülmüttəlibin övladları istəsə, məni öldürərlər”.

Qureyşlilər deyir: “Əgər sən bu işi görə bilsən, vadi əhli yanında məşhur olacaqsan və həmişə səni yada salacaqlar”.

Əbu Cəhl deyir: “Muhəmməd (s) Kəbənin ətrafında çox vaxt səcdəyə gedir. O zaman ki, gəlib səcdəyə gedəcəkdir, daşı götürüb işini bitirəcəyəm”.

Peyğəmbər (s) gəlir və Kəbənin ətrafında yeddi dəfə təvaf edir. Sonra namaz qılıb, səcdəyə gedir. Bu zaman Əbu Cəhl daşı götürür və Həzrətin (s) başı üstünə gəlir.

Ona yaxınlaşan zaman görür ki, bir şir ağzını açıb, ona yaxınlaşır. Əbu Cəhl qorxudan titrəməyə başlayır və daş ayağına düşüb, onu yaralayır. Ayaqları qanla dolu halda oranı tərk edir.

Əbu Cəhlin dostları ona deyirlər: “Səni indiyə qədər belə halda görməmişdik”.

Deyir: “Vay olsun sizə! Məni üzrlü bilin”.

Sonra baş verənləri onlara danışır”.

Allahım, bizləri Həzrət Peyğəmbəri (s) və Əhli-Beyti (ə) dərk edənlərdən qərar ver!


Deyerler.org
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031